Sabirabadda həbslər təsdiqləndi

Mehman Əliyev: «Hakimiyyət problemləri həll etmək əvəzinə etirazları təşkil edən «gizli əl» axtarır»

Sabirabadın Minbaşı kəndində həbslər davam edir. Rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov “Azadlıq” radiosuna açıqlamasında 4 nəfər kənd sakininin həbs olunduğunu təsdiqləyib. O bildirib ki, aprelin 15-də Minbaşı kəndinin üç sakini narkotik maddə saxlamağa görə həbs olunub: “Bir həftə əvvəl isə daha bir kənd sakini əxlaqsızlıq yuvası saxlamağa görə tutulub. Həbsləri Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə və Insan Alverinə Qarşı Mübarizə idarələri aparıb”.
Minbaşı kəndinin sakinləri isə bildiriblər ki, həbslər aprelin 10-da Minbaşı kənd sakinlərinin kompensasiyaların verilməməsinə etiraz olaraq keçirdikləri aksiyaya görə başlayıb. Icra başçısının müavini H.Həsənov həbslərin aksiya ilə bağlı olmadığını bildirib. Qeyd edək ki, həbs olunanlar Gülverdi Mahmudov, Mənsur Yolçuyev, Cavid Hacıyev və Əbülzadə adlı sakinlərdir.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü Mehman Əliyevin sözlərinə görə, hakimiyyət bu həbsləri həyata keçirməklə Sabirabadda etirazları təşkil edən “gizli əl” axtarır: “Hakimiyyət bu cür situasiyalarda həmişə belə davranır, axtarışda olur. Fikirləşirlər ki, insanları kimsə öyrədir, bu prosesi kimsə təşkil edir. Halbuki belə şey yoxdur. Bizim tərəfdən dəqiq yoxdur. Oqtay Gülalıyev ora sonradan gəlib. Oqtayı qondarma ittihamla tutanda, təbii ki, adi adamlara da qarşı bu cür saxta ittihamlar olur. Bizdə narkotik ittihamı ilə jurnalistləri də tuturlar, fəalları da. Necə oldu ki, narkotik məsələsi indi ortaya çıxdı? Yaxşı olardı ki, axtarış etmək əvəzinə, rayondakı real problemləri həll etsinlər. Orada vəziyyət acınacaqlıdır, sosial durum çox pisdir. Hakimiyyət başa düşmür ki, etirazların kökündə sosial-iqtisadi problem dayanır”.

Gültəkin