Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunun 156-cı km-də, Qaraçay üzərində uçan körpüyə baxış keçirib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, nazir açıqlamasında 1970-ci ildə inşa edilən körpünün uçmasında yağıntıların və daş karxanalarının rol oynadığını bildirib. O qeyd edib ki, körpünün dibi 13 metr dərinlikdə yuyulub.
Bakı-quba yolunun rekanstruksiyası zamanı bu körpüdə bərkitmə işlərinin aparıldığını bildirən nazir deyib ki, adıçəkilən ərazidə yeni yolun çəkilişi üçün məsləhətləşmələr aparıldılır. “Sabah günün sonuna kimi alternativ yol çəkiləcək. Ərazidə təcili olaraq yeni körpü də tikiləcək”.
Z.Məmmədov Qusar Rusiya sərhəd yoluna, Xaçmazın kəndlərinə getmək istəyən sürücülərə alternativ yol kimi Gəndob – Yalama yolundan, Quba istiqamətində getmək istəyənlərə isə Pirvahid kəndindən keçməklə getməyi məsləhət görüb.
***
Qubada 90 metrlik körpü uçdu
Bu gün Bakı-Quba Rusiya Federasiyası yolunun 157-ci km-də, Quba rayonun Nügədi Qazmalar kəndi ərazisində yerləşən körpü uçub. APA-nın şimal bürosunun məlumatına görə, uzunluğu 90 m olan körpünün uçması səbəbindən magistral yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Körpünün uçması nəticəsində “QAZel” markalı yük maşını çaya düşüb. “QAZel”in sürücüsü, Quba rayonu, İqriq kənd sakini, 1972-ci il təvəllüdlü Ülfət Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.