Orxan Kərimov Ictimai Monitorinq Qrupuna müraciət etdi
Vəkil Ramiz Məmmədov Orxan Kərimovla görüşüb. Müdafiəçinin verdiyi məlumata görə, Orxan Kərimovun müalicəsinin təşkili üçün dəfələrlə Ədliyyə Nazirliyinə, Tibb Baş Idarəsinə müraciətlər ediblər. Ancaq hələ də normal cavab bilməyiblər. Tibb Baş Idarəsinin rəhbərliyi müxtəlif bəhanələrlə Orxan Kərimovun müayinə və müalicəsinin təşkilinə icazə vermir.
Vəkil müdafiə etdiyin şəxsin mövqeyini də çatdırıb. Orxan Kərimovun sözlərinə görə, onlar nə etdiklərini çox gözəl bilirlər və məqsədləri də aydındır. Belə ki, angioqrafiya, yeni ürək damarlarının tutulması vəziyyətinin müayinəsinə imkan verilərsə, nəticədə 1 saat ərzində O.Kərimovun təxirəsalınmaz ürək əməliyyatına ehtiyacı və onun qapalı türmə şəraitində saxlanılmasının mümkünüzlüyü dərhal ortaya çıxacaq. Müayinəyə icazə verilməməsinin əsl səbəbi də elə budur. Çünki düşünürlər ki, istintaqın və məhkəmənin planları pozula bilər. Yəni onlar istəyirlər ki, ciddi ürək xəstəsi olan insan uzun aylar boyu davam edəcək məhkəmə prosesinə müalicə olunmadan, hər an həyatını itirmək təhlükəsi altından çıxsın. Və faktiki olaraq özünü müdafiə edə bilməsin, ciddi təzyiqlər altında olsun. Nəticədə isə başqalarının cinayətini O.Kərimovun adına yazmaq xeyli asanlaşsın. O.Kərimov özünə qarşı bu cür münasibəti sadəcə qeyri-insani rəftar adlandırır.
Orxan Kərimov Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Ictimai Monitorinq Qrupuna müraciətlə xahiş edir ki, hələ 7 ay əvvəl Məhkəmə Tibbi Ekspertiza Birliyində keçdiyi ekspertiza barədə sənədlər, onların vasitəsilə Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin rəhbərliyinə təqdim edilsin. Və heç olmasa indi bu rəsmi ekspert rəyinə əsasən nəhayət ki, onun müayinəsinə icazə verilsin. Nəticədə bu görünməmiş özbaşınalığa, insanlıqdan kənar münasibətə son qoyulsun. Məhz məsuliyyətsizlik səbəbindən son dövrlərdə bir neçə ürək xəstəsi müalicəsizlikdən həyatını itirib. O.Kərimov növbəti qurban olmaq istəmir.
Informasiya şöbəsi