…Meşədəki bütün heyvanlar qəm-qüssədən ayrılmayan insan oğlunun ətrafına toplaşaraq nədən üzünün gülmədiyini soruşdular. Insan oğlu onlara dünyanın bütün sirlərini bilmək istədiyini, güclü olmaq istədiyini, amma bunları bacarmadığını söylədi. Heyvanlar insan oğluna kömək etmək qərarına gəlirlər.
Qartal: “Mənim gözlərim sənin olsun”. Yaquar: “Mənim gücüm sənin olacaq”. Ilan: “Dünyanın bütün sirlərindən səni agah edəcəm” dedi və sözlərinin üstündə durdular. Beləcə insan oğlu bütün istədiklərini alandan sonra getdi. Bayquş onu uğurlayan meşə əhlinə narahatçılığını bildirdi:
“Insan istədiklərini əldə etdi, indi o hər şeyə qadirdir, nədənsə mən qorxmağa başladım”.
Maral razlaşmadı: “Insan artıq istədiklərinə nail oldu, daha kədərlənməyəcək”.
Bayquş: “Mən insanın daxilində bir qara, dərin dəlik gördüm, heç nə ilə doldurula bilinməyəcək bir dəlik… və başa düşdüm ki, onun üzü heç vaxt gülməyəcək. O, hər şeyi əldə etməyə çalışacaq və bu, bir gün təbiətin ”mən artıq yoxam və sənə verə biləcəyim bir şeyim qalmadı” deməsinə qədər davam edəcək”.
Bu qədim bir Mayya rəvayətidir. Insan övladının acgözlüyünü, doymaq bilmədiyini, düşünürəm ki, bundan gözəl ifadə etmək qeyri-mümkündür.
Toydan ambulansla qayıdanlar
Bu rəvayəti əvvəllər getdiyim toy məclislərində hərdənbir xatırlayırdım. Yeməkdə və içkidə sərhəd tanımayan insanlar bəzən o elə hala düşürdülər ki, toy sahibi məcbur olub, təcili yardım maşını çağırırdı. Adamı ya evə aparırdılar, ya da xəstəxanaya. Belə adamlar bir neçə dəfə ambulansla “evə qayıtdıqdan sonra” iştirak etdikləri məclislərdə qohumları tərəfindən “nəzarətə” götürülür və lazımi anda müdaxilə etməklə məsələ yoluna qoyulurdu.
Hazırda bütün Azərbaycan xalqı oxşar situasiya ilə baş-başa qalıb. 19 ildir ki, “toydan evə ambulansla qayıdanlar” iqtidardadır, zavallı xalq isə səbrlə… gözləyir.
1993-cü ildə, “Qarabağı almağa, Azərbaycanı bəladan qurtarmağa” gələnlərin sorağı bu gün Qubadan, Masallıdan gəlir.
Iqtidarin əsas fiqurları – Bəylər Əyyubov, Kəmaləddin Heydərov, Ziya Məmmədov Azərbaycan rayonları uğrunda savaş verirlər. Dünən bir oliqarxın əlindən Masallı tortunu digər oliqarx qapazladı. Masallısı (!) əlindən alınan oliqarxın isə bir neçə ay əvvəl könlündən Quba tortu keçmişdi, bacarmadı.
Azərbaycanı tort şəklində yemək istəyənlərin aqibəti heç də yaxşı qurtarmır.
Müharibə, 19 il əvvəl vəd edildiyi kimi, Qarabağda getmir, Qubada, Salyanda, Şamaxıda gedir. Bu müharibə tarixə çox güman ki, “ZQAN”-“GILAN” savaşı kimi düşəcək.
Və bu müharibə o məşhur AMBULANS gələnə qədər davam edəcək. Çünki təbiət də bunların əlində aciz qalıb.

“ZQAN”-«GILAN» müharibələri
•