Sədərəkdə aksiya baş tutmasa da, sakinlər Türkiyəyə ayda 2 dəfə keçmək qaydasını qəbul etmək istəmirlər
Naxçıvan Muxtar Respublikasının Sədərək gömük məntəqəsində aprelin 16-na təyin olunan aksiya baş tutmayıb. Bu barədə məlumatı Naxçıvandakı mənbədən almışıq. Mənbə bildirib ki, deyilən vaxtda gömrük məntəqəsinə çox az sayda sürücü gəlib. Bu səbəbdən aksiya baş tutmayıb.
Xatırladaq ki, aprelin 15-də Sədərək gömrük məntəqəsində sürücülərlə gömrük işçiləri arasında dava düşüb. “Yeni Müsavat”ın məlumatına görə davaya səbəb Naxçıvan Muxtar Respublikası Ali Məclis sədri Vasif Talıbovun Türkiyə qadağası olub. Məlumatda deyilir ki, Vasif Talıbovun göstərişi ilə Türkiyədən əsasən, yeyinti məhsulları gətirən ticarətçilər əvvəlkindən fərqli olaraq hər 15 gündən bir gömrükdən keçə biləcəklər.
Sürcülər qadağanı Vasif Talıbovun Naxçıvanı yeyinti məhsulları ilə təmin edən “Nax holdinq”in yeni zavodunun istifadəyə verilməsi ilə izah edir. Onların sözlərinə görə, bir aydan çoxdur fəaliyyətə başlayan zavod undan tutmuş şəkərə qədər, bütün yeyinti məhsullarının istehsalı ilə məşğuldur. Sürücülər iddia edir ki, qadağaya səbəb zavodun anbarlarında yığılıb qalan ərzağın satılmamasıdır. Ona görə də, demək olar ki, hər gün Türkiyədən ərzaq məhsulları gətirərək muxtar respublikanın mağaza və marketlərinə paylayan sahibkarlara qadağa qoyulub.
Naxçıvandakı mənbə bildirib ki, əvvəllər gömrük keçid məntəqəsi üçün xüsusi qaydalar mövcud idi: “Vasif Talıbovun göstərişi ilə dövlət nömrə nişanı tək rəqəmli olan avtomobillər həftənin tək, cüt rəqəmli olan avtomobillər isə həftənin cüt günləri Türkiyədən keçə bilərdilər. Türkiyəyə maşınsız keçənlər isə ayda iki dəfə qonşu buraxılırdı. Yəni, onlara 15 gündən bir Türkiyəyə keçməyə icazə verilirdi. Indi Vasif Talıbov qaydalarda dəyişiklik edib. Artıq avtomobillə də Türkiyəyə ayda 2 dəfə keçmək olacaq. Bu isə şəxsi maşını ilə Naxçıvana ərzaq məhsulları gətirənlərin ciddi narazılığına səbəb olub. Bu baxımdan da gömrük keçid məntəqəsində narazılıq yaranıb”.
Mənbə həmçinin əlavə edib ki, dünən aksiya keçirilməməsi bu məsələnin gündəmdən düşməsi anlamına gəlməməlidir. “Mən inanmıram ki, məsələ bu cür sakit şəkildə gündəmdən çıxsın. Gərginlik hələ davam edir və Vasif Talıbov qaydaları dəyişməsə, güman ki, gömrük məntəqəsi qarşısında qarşıdurmalar olacaq”, – deyə mənbə vurğulayıb.