“Ermənistanda hakimiyyəti dəyişməyə qoymayan Qərbdir”. Ölkənin ilk prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan Ararat vilayətində seçicilərlə görüşündə belə deyib.
“Media forum” saytının məlumatına görə, Ararat vilayətinə mayın 6-da keçiriləcək parlament seçkisi kampaniyasında səfər edən Ter-Petrosyan bildirib ki, Qərbə Ermənistanda zəif hakimiyyət lazımdır, çünki belə hakimiyyəti ələ almaq asandır: “Hansı hakimiyyət erməni soyqırımını araşdırmaq üçün müştərək komissiyanın yaradılmasına razılıq verə bilərdi? Serj Sərkisyan 2007-ci ildə belə bir vəd verib, “Vikiliks” sənədlərində bunlar hamısı var. Sərkisyan seçkidən əvvəl Dağlıq Qarabağ probleminin Madrid prinsipləri əsasında həllinə razılışacağına da söz vermişdi. Bu həmin sənədlərdir ki, 1996-cı ildə xarici təzyiqlərə baxmayaraq ona veto qoymuşdum”
Ter-Petrosyan özünün prezidentliyi dövründə qorxu atmosferinin olmadığını, Azadlıq meydanında səhərdən axşama qədər mitinqlərin keçirildiyini vurğulayıb: “Son bir neçə ildə 100-dən çox mitinqin keçirilməsinə qadağa qoyulub. Biz bu azadlığı sizə qaytarmaq üçün qayıdırıq”.
Ter-Petrosyan 1945-ci ildə Suriyanın Hələb şəhərində doğulub. 1968-ci ildə Yerevan Dövlət Universitetinin filologiya fakültəsini, 1971-ci ildə Leninqrad Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib. Elmlər doktorudur.
Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının əsas ideloqlarından sayılır. 1989-cu ildə Erməni Ümummilli Hərəkatının sədri seçilib. 1990-98-ci illərdə Ermənistana rəhbərlik edib (əvvəl parlamentin sədri, daha sonra prezident kimi).
1998-ci ilin fevralında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planına meyilləndiyi üçün istefa verməyə məcbur edilib.