Novella Cəfəroğlu: «Mayın ortalarına qədər əksəriyyətini buraxacaqlar»
Bu gün Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri, 2 aprel məhbusu Arif Hacılının cəzasının qalan hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi ilə müraciəti üzrə proses keçiriləcək.
Bunu, “Media forum”a dünən 16 saylı cəzaçəkmə müəssisəsində Arif Hacılı ilə görüşən vəkil Nemət Kərimli verib. Vəkil deyib ki, cəzasının üçdə bir hissəsini çəkən A.Hacılı yerdə qalan hissənin daha yüngül cəza ilə əvəz edilməsi üçün Suraxanı Rayon Məhkəməsinə müraciət edib: “Müraciət fevral ayında olsa da, Penitensiar Xidmət ərizəni məhkəməyə təqdim etməyib. Sonradan mənim məhkəməyə təqdim etdiyim ərizəyə də baxılmayıb. Ötən həftə Penitensiar Xidmət rəhbərinin müavini Hüseyn Əlixanov 16 cəzaçəkmə müəssisəsində olanda Arif Hacılı və həmin müəssisədə saxlanılan digər 2 aprel məhbusları Zülfüqar Eyvazlı və Ülvi Quliyevlə görüşüb. Onlar məsələnin həll olunması üçün Hüseyn Əlixanova müraciət ediblər və nəticədə ərizələrinə yaxın günlərdə baxılacağı cavabını alıblar”.
Qeyd edək ki, bundan əvvəl daha bir neçə vicdan məhbusu, eləcə də AXCP sədrinin müşaviri Sahib Kərimov məhkəməyə eyni məzmunlu müraciət ünvanlamışdı. Müraciətlərin nəticəsinin necə olacağını zaman göstərəcək. Amma məsələ ondadır ki, vaxt Azərbaycan hökumətinin əleyhinə işləyir. Hökumət “Eurovision 2012″yə bir aydan bir az artıq vaxt qaldığını unutmamalıdır. Təxminən bir aydan sonra bütün dünyanın diqqəti Azərbaycanın üzərində olacaq. Beynəlxalq aləm, eləcə də yarışmaya gələcək qonaqlar və jurnalistlər təbii olaraq ölkənin problemləri ilə də maraqlanacaqlar. Ölkə daxilində ”Demokratiya naminə oxu” və bu kimi başqa kampaniyaların keçirildiyini də nəzərə alsaq, bu problemlərin kölgədə qalmayacağı birmənalıdır. Maraqlıdır, bütün bunlardan sonra hökumət vicdan məhbuslarını, siyasi məhbusları yarışmaya qədər azad edəcəkmi?
Hüquq müdafiəçisi Novella Cəfəroğlu qəzetimizə açıqlamasında siyasi məhbusların, eləcə də vicdan məhbuslarının əksəriyyətinin mayın ortalarına qədər azad ediləcəyini bildirib: “Bizdə məlumat var ki, bir qismini aprelin sonlarında, bir qismini mayın əvvəllərində məhəkəmə yolu ilə azad edəcəklər. Mayın ortalarına qədər həmin məhbusların çoxu azadlıqda olacaq”.