ARDNŞ prezidenti spikerin qudasının cəzalandırılmasına çalışır
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevlə Milli Məclisin spikeri Oqtay Əsədov arasında ziddiyyətlər getdikcə dərinləşir. “Azərsu”nun Rövnəq Abdullayevin nəzarətinə keçməsilə iki oliqarx arasında yaranan gərginliyi Sulutəpədəki söküntülər daha da alovlandırıb.
Bəlli olduğu kimi Sulutəpə qəsəbəsində evlərin sökülməsində daha çox Rövnəq Abdullayevin adı hallanır. Bu da təbiidir. Çünki həmin ərazi ARDNŞ-in balansındadır və söküntü işlərini də bu qurumun əməkdaşları aparır. Lakin Rövnəq Abdullayev bu işdə özünü deyil, Binəqədinin icra başçısı, Oqtay Əsədovun qudası Alı Qocayevi ittiham edir. ARDNŞ prezidenti iddia edir ki, həmin ərazilərin əhəmiyyətli hissəsini sakinlərə satan Alı Qocayev olub. Bu barədə mətbuatda da kifayət qədər yazılıb. Daha sonra Rövnəq Abdullayevə bəlli olub ki, Alı Qocayev ARDNŞ-in adından sakinlərlə alver edir. Bu söküntü prosesinin start verildiyi vaxta təsadüf edir. Məhz bu səbəbdən də hələ bir neçə ay əvvəl Keşlədə (burada da ARDNŞ-in balansında olan ərazilər satılıb) sakinlərlə görüşü zamanı onları məhkəməyə müraciət etməyi çağırmışdı. Söhbət əraziləri sakinlərə satan dövlət qurumlarının məhkəməyə verilməsindən gedir. Əldə etdiyimiz məlumatlara görə, Rövnəq Abdullayev xüsusilə Alı Qocayevin cəzalandırılmasına çalışır. Çünki ARDNŞ prezidentinə zərbə daha çox Sulutəpədə dəyib. Həm ərazilər satılıb, həm də Rövnəq Abdullayev “ev yıxan” məmur kimi ad çıxarıb. Başqa səbəb də var: Alı Qocayev Oqtay Əsədovun qudasıdır. Rövnəq Abdullayevlə Oqtay Əsədov arasında yuxarıda qeyd etdiyimiz kimi “Azərsu” intriqası” var.
Redaksiyamıza daxil olan məlumatlara görə, Sulutəpə qəsəbəsində sakinlərlə ARDNŞ əməkdaşları arasındakı son qarşıdurmadan sonra Rövnəq Abdullayev bərk hiddətlənib. O, Alı Qocayevin ARDNŞ-in ərazilərini satması ilə bağlı bütün faktları toplayaraq Ilham Əliyevə çatdırıb. Və ölkənin başçısına bildirib ki, baş verənlərdə əsas günahkar Alı Qocayevdir. Oqtay Əsədov isə bundan bərk narahat olub və qudasına qarşı baş verə biləcək hər hansı təhlükənin qarşısını almağa çalışır. Onun buna nail olub-olmadığını isə zaman göstərəcək.
Hikmət