AXCP rəhbərliyi Yevlax-Balakən-Zaqatalada görüşlər keçirib
AXCP sədrinin müavini Gözəl Bayramlı partiyanın Ali Məclis sədrinin müavini İradə Əliyeva ilə birlikdə Yevlax-Balakən-Zaqatalada görüşlər keçirib. Bu görüşlərdə həm İctimai Palatanın qarşıdan gələn yürüş-mitinqi, həm də ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı söhbətlər aparılıb. G.Bayramlının sözlərinə görə, ilk görüş AXCP-nin Yevlax rayon şöbəsinin sədri və fəlları ilə olub: “Bu görüş 8 aprel mitinqindən əvvəl Yevlax polisinin AXCP Yevlax rayon şöbəsinin sədri Şəkər İsgəndərliyə və onun ailə üzvlərinə, eyni zamanda şöbə fəallarına olan təzyiqlərlə bağlı idi. Şəkər xanım belə təzyiqlərin cəbhəçilərin mübarizəsinə heç bir təsiri olmayacağını bildirdi”.
G.Bayramlının dediyinə görə, Balakən səfəri zamanı AXCP Balakən rayon şöbəsinin genişləndirilmiş Məclisi keçirilib: “Eyni zamanda ictimai-siyasi vəziyyəti, rayon şöbəsinin qarşısında duran vəzifələri, İctimai Palatanın yerli təşkilatının fəaliyyətinin və tərkibinin daha da genişləndirilməsini müzakirə etdik. AXCP Balakən rayon şöbəsində cəbhəçilərin əhval-ruhiyyəsi, mübarizə əzmi, son vaxtlar AXCP-yə üzv olmaq üçün müraciətlərin artması bizdə o inamı yaratdı ki, regionlar başladığımız yeni xalq hərəkatına hazırdır. Balakən rayon şöbəsinin sədri Məhərrəm Mehdili, Ali Məclis üzvü Fikrət Alqayev, Məclis sədri Şamil Qədirli və digər fəallar qeyd etdilər ki, AXCP-nin apardığı mübarizə, partiyanın lideri Əli Kərimlinin qətiyyətli, prinsipial fəaliyyəti və mövqeyi nəticəsində partiyamızın yerli təşkilatlarına üzv olmaq üçün onlarla vətəndaş müraciət edib. İctimai Palatanın fəaliyyəti, apardığı siyasət xalq tərəfindən dəstəklənir. 8 aprel mitinqinin insanların əhval-ruhiyyəsinə çox müsbət təsir etdiyi və 22 aprel mitinqinə xalqın daha böyük dəstəyinin olacağı vurğulandı”.
Həhayət Zaqatala keçirilən görüşdə AXCP Zaqatala rayon şöbəsinin yaxın günlərə planlaşdırılan genişləndirilmiş Məclisinə hazırlıq müzakirə olunub: “Zaqatala da cəbhəçilərin mübarizə əzmi yerindədir. Ümumiyyətlə belə səfərlər çox faydalıdır və bu cür görüşlərin intensivləşməsinin mübarizəmizə stimul verəcəyi qənaətindəyəm. Səfərlərimiz bundan sonra da davam edəcək”.