«Araşdırmalarının birində bəzi tanınan simaların şəxsi həyatlarına dair epizodlar da olub»
Son zamanlar iqtidarın təzyiqlərinə məruz qalan araşdırmaçı jurnalist Xədicə Ismayıl araşdırma jurnalistikasının Azərbaycan kimi avtoritar rejimli ölkələr üçün zərurət olduğunu bildirib.
Ziyalılar Forumunun təşkil etdiyi “Azərbaycanda vətəndaş cəmiyyətləri təşəbbüsləri”nə dair dinləmələrdəki çıxışında o, bunu iqtidarın hər şeyi cəmiyyətdən gizləmək, cəmiyyətin isə hər şeydən xəbərdar olmaq istəyi kimi bir-birinə zidd maraqların zərurətə çevirdiyini iddia edib. Azərbaycanda araşdırmalar iqtidarda olan yüksək vəzifəli məmurların maraqlarına toxunduqda jurnalistlərə qarşı təqib, təzyiq, həbs kimi müxanizmlər işə salınır. Buna görə də çox hallarda jurnalistlər belə məsələlərdə çox da “dərinə” gedə bilmirlər.
X.Ismayıl araşdırmalarında sırf hakim ailənin biznes maraqlarını izləmək kimi niyyətinin olmadığını bildirib. Amma ölkədə iri biznes layihələrinin arxasından hakim ailənin çıxması buna səbəb olub. Araşdırmalarının birində bəzi tanınan simaların şəxsi həyatlarına dair epizodlar da olub. “Bu şəxsi həyat məsələsi olduğuna görə açıqlamadım, indi də açıqlamıram” deyən jurnalist üstüörtülü də olsa bir faha iqtidarı şəxsi həyatına müdaxiləyə görə qınayıb. Jurnalist ayrı-ayrı qurumların da araşdırma işləri apardığını, amma bunun az olduğunu deyərək səyləri birləşdirməyi vacib sayıb. Belə halların cəmiyyətə təsir etməsi üçün “bu həqiqətləri çoxluğun ucadan söyləməsi” tezisi irəli sürülüb. Araşdırmaların cəmiyyətin diqqət mərkəzində qalması üçün onların yerləşdirildiyi xüsusi saytın yaradılması təklif edilib.