Sabit Bağırov ARDNŞ-i ittiham etdi

ARDNŞ-in sabiq prezidenti: «Problem gəlirlərin göstərilməsində yox, onun xərclənməsi sahəsindədir»

Bu gün neft gəlirləri sahəsində problem gəlirlərin göstərilməsində yox, onun xərclənməsi sahəsindədir. “Mədən Sənayesində Şəffaflıq” koalisyasının təmsilçisi Sabit Bağırov bunu Ziyalılar Forumunun RATI-də təşkil etdiyi dinləmələrdə deyib. S.Bağırova görə, daha bir problem neft sənayesi sahəsindəki şirkətlərin hesabatlı olmamasındadır. Bu sahədə konsorsium və Dövlət Neft Şirkəti tərəfdaşdır. Konsorsium və ARDNŞ ümumi gəlirləri göstərdikləri halda, hər biri öz payına düşən gəlir və ödəmələri göstərmir. Burada BP istisnadır. Digər şirkətlər bu şəffaflığı təmin etmədikləri üçün ARDNŞ də hamı öz gəlir və dönüşlərini açıqladıqdan sonra özünə aid rəqəmləri açacağını bildirir.
S.Bağırov bunun üçün neft şirkətlərinin fərdi hesabatlılığa keçməsinin vacib olduğunu deyib.
Koalisiyanın digər təmsilçisi bu sahədə daha şəffaflığa nail olmaq üçün hökumətlə danışıqların davam etdiyini bildirib. Amma hökumətin bu məsələdə o qədər də maraqlı görünmədiyi nəzərə çatdırılıb.
“Mədən Sənayesində Şəffaflıq” koalisiyası 2000-ci illərin əvvəlində Böyük Britaniyanın baş naziri olmuş Toni Bleyerin şirkətlərə “gəlirlərini açıqla” çağırışından sonra yaranıb. Azərbaycanda isə koalisiya 2004-cü ildə qurulub.