Əliyev yerlibazlıqla bağlı göstəriş verdi

Dövlət başçısı Ağstafada inanılmaz hadisəyə səbəb oldu

Dövlət başçısı Ilham Əliyevin Ağstafa səfəri zamanı yaradıcı insanlarla onun arasında maraqlı fikir mübadiləsi baş verib. Əyalət şairlərindən birinin forma və məzmunca orta səviyyədən aşağı bir şeir deməsindən deputat Nizami Cəfərov ilhamlanaraq Ilham Əliyevə üz tutub deyib: “Ağstafa şairləri Qazax şairlərindən çox güclüdür. Bir dəfə hesabladıq, Qazaxda Səməd Vurğundur, amma Hüseyn Arif, Nəriman Həsənzadə, Vidadi Babanlı, Isa Hüseynov –  hamısı ağstafalıdırlar”.
Normalda Azərbaycanın birlik və bütövlüyünü simvolizə etməli olan prezident bu halda “bölücülük etməyin” təpkisini ortaya qoyar və ya qanqaraçılıq yaranmasın deyə “Nizami, nə qədər bekar adamsan ki, gör nələri hesablamağa vaxt ayırırsan” söylərdi. Lakin, o Ilham ƏLIYEVdir, buna görə də baş verən hadisəyə özünəxas reaksiya verərək “Indi Qazax şairinin buna cavabı olacaq?!” deyir. Sanki, iki meyxana deyən yarışır və ölkə başçısı hissləri itiləmək üçün replika verir.
Onun sualına Yazıçılar Birliyinin Qazax bürosunun başqanı Barat VÜSALdan cavab gəlir: “Amma Ağstafa da Qazax mahalıdır. Səməd Vurğun, Osman Sarıvəlli, Ismayıl Şıxlı, Mehdi Hüseyn, Vaqif, Vidadi…”.
Nizami Cəfərov kürəyini yerə vurmur: “Onlar keçmiş şairlərdir”.
Və bu an Ilham Əliyev növbəti şedevrini yaradır. O, ucuz yerlibazlıq mübahisəsinə “Əlbəttə, sağlam rəqabət olmalıdır” – kimi mücərrəd fikirlə yekun vurur. Bu sirr deyil ki, Azərbaycanda ucuz yerliçilik hisslərini rövnəqləndirən mərhum Heydər Əliyev olmuşdur. Bu siyasət o qədər amansızlıqla aparılıb ki, Ilham Əliyevin təbirincə desək, heç bu sahədə də “sağlam rəqabətə” şərait yaradılmayıb.
Cəsarətli bir şairə ehtiyac vardı ki, o sözdən sonra soruşardı. “Cənab prezident, yerlibazlıqda hansı sağlam rəqabət lazımdır? Sizin siyasi, iqtisadi sahədə yaratdığınız rəqabətdən?”.

S.Novruz