Gənclər ipoteka siyasətindən narazıdır

Onlar şərtlərin dəyişməsini istəyirlər

Hər hansı rəsmi statistika olmadan da sadə müşahidə əsasında müəyyənləşdirmək mümkündür ki, ölkədə xeyli sayda gənc ailə var və onlar mənzilsizdir. Eyni zamanda xeyli sayda gənc də müxtəlif sosial problemlər üzündən, ən başlıcası, mənzillə təmin olunmaq problemi səbəbindən ailə həyatı qura bilmir.
Hazırda Azərbaycanda dövlət vəsaiti hesabına Ipoteka kreditləri verilir. Illik 8 faiz, sosial ipoteka kreditləri isə 4 faizlə verilir. Azərbaycan MDB-də ən yüsək ipoteka faizi təklif edən 3 ölkədən biridir. Hər il orta hesabla ipoteka kreditindən faydalananların sayı 700-750 nəfər arasında dəyişir. Ölkədə bu qədər mənzilsiz gənc ailələrin sayının artdığı bir zamanda hazırki ipoteka şərtləri gənc ailələrin əlverişli şərtlərlə evlə təmin olunmasına imkan verirmi? Adi və sosial ipoteka krediti üçün tələb edilən əməkhaqqı məbləği kifayət qədər yüksəkdir. 50 min manatlıq adi ipoteka krediti üçün ölkə üzrə orta aylıq əməkhaqqıdan 2 dəfə çox (700 manat və bundan daha artıq) əməkhaqqı tələb edilir. Bunu sosial baxımdan izah etmək çətindir. Çünki əməkhaqqı üçün tələb edilən minimumlar orta aylıq əməkhaqqı məbləğindən yüksək olmamalıdır.
Ümumiyyətlə, mövcud ipoteka şərtləri ilə sizlərin evlə təmin olunmağınız mümkündürmü? Ipoteka krediti hesabına ev almaq üçün təklif olunan şərtlərin məqsədə uyğun olması üçün nələrin dəyişməsini istəyərdiniz? Hansı təklifləriniz var?
Bu il Ipoteka Fondu vasitəsilə ipotekaların verilməsi üçün 20 milyon manat vəsait ayrılıb. Sizcə, bu vəsait Azərbaycandakı gənc ailələrin hər birinin evlə təmin olunması üçün yetərlidirmi? Bu suallara cavab almaq üçün sosial şəbəkə istifadəçiləri olan yeni ailə qurmuş və ya ailə qurmağa hazırlaşan gənclərə müraciət etdik.
Ipoteka gənc ailələri ümidlə qidalandırmaq üçündür
Rəşadət Axundov: “Ölkə əhalisinin 31 faizini, yəni təxminən 2.9 milyon nəfərini gənclər təşkil edir və ölkədə rəsmi nikahların sayı ildə ortalama 80 mindir, o zaman bu illər ərzində ortalama hər il 700 nəfərin ipoteka kreditindən yararlanması çox acınacaqlı faktdır, bu onu göstərir ki, ipoteka proqramı hətta gənclərin və yeni ailələrin 1 faizinin də ehtiyaclarını ödəyə bilmir”.
Ilham Hüseyn: “Birincisi, ipotekanın şərtləri elədir ki, mində bir adam yararlana bilir. Ikincisi, ipotekanı 80 faiz bankda işləyən insanlar götürür. Sadə vətəndaşlara deyirlər ki, get ev tap, gəl biz pulu ödəyəcəyik. Minlərlə adam ev axtarır tapır, amma nəticədə bir neçə adam ipoteka ala bilir. Yüzlərlə adam banklara arxayın olub, tapdığı evə beh qoyur, amma ipoteka götürə bilmədiyi üçün behi batır. Digər tərəfdən, ipotekanın ağır şərtləri, gənc ailə quranların imkanları xaricindəir. Başqa tərəfdən, 20 milyon manata 2 otaqlı ev nəzərdə tutsaq, bu, 300-350 adamın ev almasına kifayət edir. Bir sözlə, bu, gənc ailələri ümidlə qidalandırmaq üçündür”.
Rəşad Babalı: “Xeyr, imkan vermir. Çünki, hazırkı ailələrin gəlirləri ancaq ayın sonuna qədər güclə çatır.
Ipoteka şərtləri çox ağırdı. Faiz dərəcəsi dünya standartlarını çox aşır. Bundan əlavə, yeni evlər təmirsiz verilir ki, bu da əlavə xərclər deməkdi. Əsas olaraq faizlər aşağı salınmalıdı. Evlərin təmirli olması və gənclərə müəyyən məbləğin güzəşt olunması da vacibdir.
Azərbaycan hökumətinin ayırdığı bu məbləğ korrupsiya süzgəcində keçəcək və heç bir işə yaramayacaq”.
Samir Bəlil: “Nəinki faiz dərəcələri, hətta sənədlərin 18-dən çox olması, maaşın yüksək olması və digər tələb olunan şərtlərin ağır ve üzücü olması elə təəssürat yaradır ki, sanki hökumət bu tələblər ilə ipotekaya marağın azalmasında maraqlıdır. Deyərdim ki, gənclərin ailə qurması üçün ipoteka yeganə maneə deyil. Işsizlik, VVAQ şöbələrində qeydiyyatdakı çətinliklər, şadlıq evlərindəki yüksək qiymətlər, doğum evi və poliklinikalardakı dəhşətli rüşvət sistemi və s. məsələlər gənclərin ailə qurması yolunda böyük maneə və həvəsdən salan məsələlərdir. Bir sözlə, bütün bu məsələlər onu deməyə əsas verir ki, Azərbaycan hökuməti gənclərin ailə qurmasında qəti maraqlı deyil. Indi bu problem bəlkə özünü tam olaraq büruzə vermir, lakin qarşıdakı 10 ildə bu, ciddi faciələrə getirəcək”.
Vasif Alışlı: “Çoxlu dəyişiklərin olmasını istərdim. Normal dövlət vətəndaşının gələcəyini yaxşı görmək istəyirsə, qazanc güdmədən mənzil məsələsini öz gənc vətəndaşı üçün asanlaşdırmalıdır. Həqiqi iş yeri və mənim oradakı qazancımın müqabilində mənə ev tiksin. Mənə heç Bakı şəhərində ev də lazim deyil. Rayonlara həqiqi qayğı göstərsin, rayondakılar yeni standartlara uyğun evləri özləri də tikə bilər. Amma bunlar bizim gələcəyimizə yox, son gedəcək yerimizin tezləşməsinə çalışırlar. Və yaxud sabah hökumət qərar verir. Gənclərin ev alması üçün kreditlər daha da asanlaşdırılır. Hərəmiz bir mənzil götürürük. Gəlin görək o binalar standartlara cavab verirmi? Əvvəllər çox maraqlanırdım. Amma indi havayı da versələr götürmərəm. Çünki həmin binaların möhkəmliyinə inanmıram. Hesab edirəm ki, mənim kimi düşünənlərin sayı yetərincədir. Ondansa, çətin olsa da 1, 2 sot torpaq alıb tikmək məqsədəuyğundur. Ayrılan vəsaitlər həqiqi olsaydı, hərəmizin iki mənzili olardı”.
Aygül Aydın: “Biz təzə nişamlanmışıq, yaxın zamanlarda evlənməyi düşünürük. Ancaq sonra harda və necə yaşayacağımız bizimçün əsas problemdir. Çünki hazırda hər ikimiz ali təhsilli olduğumuz halda işsizik. Siyasi baxışlarımıza görə iş üçün müraciət etdiyimiz yerlərdən müsbət cavab ala bilmirik. Bundan əlavə, mən ixtisasca coğrafiya müəlliməsiyəm, müəllimlərin maaşı heç kimə sirr deyil. Nişanlım isə siyasi baxışına görə artıq bir dəfə işdən çıxarılıb. Tutaq ki, işlə təmin olunduq, aylıq gəlirimiz bizə ipoteka ilə ev almağa imkan verdi, yenə işdən çıxarılmayacağımız məlum deyil. Azərbaycanda heç kim bundan sığortalanmayıb. 20 milyon manat ipoteka kreditləri üçün çox aşağı məbləğdir, gənc ailələrin evlə təmin olunmasının qeyri-mümkün olduğunu düşünürəm. Bu qədər nefti, qazı olan ölkədə yeni ailə həyatı quracaq insanlar üçün əlavə, bonus imkanlar təklif olunmur. Bunu da hakimiyyət özü bilərəkdən, insanları öz iyrənc əməllərindən asılı vəziyyətə salmaq üçün edir”.
Samir Əsədli: “Ipoteka Fondunun büdcəsi azdır və ildə cəmi 700 nəfər bu şərtlərdən istifadə edə bilir. Azərbaycanda hər il 65 min yeni ailənin qurulduğunu, həmçinin yüz minlərlə gənc və evsiz ailənin mövcudluğunu nəzərə alsaq, ipotekanın gənclərin mənzil probleminin həllində heç bir rol oynamadığını müşahidə edə bilərik. Buna görə də əgər hakimiyyət səmimi olaraq bu problemin həllində maraqlıdırsa, Ipoteka Fondunun büdcəsi indikindən bir neçə yüz dəfə artıq olmalıdır. Ipoteka sənədlərinin hazırlanması üçün lazım olan vergi və notarial ödəmələr 1100 manatdan artıqdır. Bəzən ipoteka götürmək istəyən gənc aylarla lazım olan sənədi toplamağa vaxt itirir və əlavə ödəniş etməyə məcbur olur. Sənəd işləri sadələşməli və rüsumlar ləğv edilməlidir.
Ipoteka krediti götürmək üçün 700 manatdan artıq aylıq məvacibin göstərilməsi tələb olunur ki, bu da Azərbaycan reallığı üçün heç də məqbul sayılmır. Hazırda ölkədə belə yüksək əməkhaqqı alan gənclər kifayət qədər azdır. Bütün bu faktlar bir daha təsdiqləyir ki, Azərbaycanda ipoteka krediti gənclərin problemini həll etmək yox, statistika üçün hakimiyyətə lazımdır”.

Bəyim Həsənli