Əziz oxucular, məgər keçən ay Bakıda Beynəlxalq Heydər Əliyev Düşüncə Mərkəzi yaradılıb, xəbərimiz olmayıb. “Heç xeyirli-uğurlu olmasın” deyərdim, amma mərkəzin təsis edilməsi ilə bağlı mətbuat konfransına baxandan sonra bundan vaz keçdim.
Orada mərkəzin iki sözü bir-birinin arxasına qoşub danışmağa çətinlik çəkən, ömürlərində bir kitab üzü açmadıqları aydınca hiss olunan bir neçə idarə heyəti üzvünün danışığını dinlədim, məsələni başa düşdüm. Insanları qınamalı deyil, nə edəsən, hakimiyyətdə pul çoxdur, hamının gözünü qamaşdırır, adamlar bir yolunu tapıb bəhrələnmək istəyirlər, neftdən gələn milyardlardan onlara da pay düşməsi üçün dürlü-dürlü dona girirlər.
Əslində ölkəyə axan neft pullarından azdan-çoxdan qoparmağın yolunu axtarmağa, bundan ötrü gecə-gündüz baş sındırmağa da ehtiyac yoxdur, yol birdir və hamıya bəllidir: “Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı”nın kölgəsinə sığınmaq! Tıpkı Beynəlxalq Heydər Əliyev Mərkəzini yaradanlar kimi.
Mətbuat konfransında onlardan birinin çıxışını dinlədim, ağbirçək nənə idi, özünü nəğməkar-şair kimi təqdim elədi. Heydər Əliyevin tarixi xidmətlərini sadalamaq üçün xeyli hıqqandı, axırda birini tapdı: kiril əlifbasından latına keçid. O da zatən yanlış idi, çünki bu addımın müəllifi Elçibəydir.
Amma mən bunu üzə vurmamağın tərəfdarıyam. Bir halda ki, Heydər Əliyevin adı ilə bağlı nəsə yaradırsan, onun bünövrəsini yalanla qoymadınsa, taa bu nə oldu?
Mərkəzin adındakı “düşüncə” sözünə isə heyfislənməmək olmur. 19 illik Əliyevlər rejimi dövründə çox sözlər gözdən düşüb, çox sözlər öz gözəlliyini, dəyərini itirib, eybəcərləşib. Artıq “düşüncə” sözünü də onların sırasına əlavə eləmək olar.
Əslində düşünmək, düşünməyə çalışmaq insan üçün vacib keyfiyyətdir. Onu digər canlılardan fərqləndirir. Düşünmək, düşünə bilmək bir insanın ən böyük üstünlüyüdür. Bir millət düşünən insanlarının sayəsində millət olur, uyğarlaşır, çağdaşlaşır, mədəniləşir, modernləşir. Amma Beynəlxalq Heydər Əliyev Düşüncə Mərkəzini yaradanların nümunəsində görürük ki, düşünmək əslində həmişə xeyirli, gərəkli iş deyil.
Bir düşüncə ki, cəmiyyətdə yalanı, məddahlığı daha da qüvvətləndirməyə, çiçəkləndirməyə, özünə gün ağlamaq naminə həqiqətə sırtını dönməyə…
Ölkədəki bunca zülmə, talana, korrupsiyaya, hüququn yerlərdə sürünməsinə sümürücülüyə, süründürməçiliyə, saxtakarlığa xidmət edir…
Azərbaycanı hər gün çağdaş dünyanın bir az da gerisinə atan, onu orta çağların dibsiz qaranlığına gömən, şahlıqlar, krallıqlar dövrünə qaytaran, milli iradəni xor görən, ilhamını xalqdan yox, qaranlıq güclərdən, imperialist havadarlarından alan bir zehniyyətin daha da güclənməsinə yol açır, o düşüncədənsə, heç düşünməmək daha faydalıdır.
Düşünə-düşünə sonunda “Beynəlxalq Heydər Əliyev Işgəncə Mərkəzi” quracaqsınızsa, allahı sevərsiniz, heç düşünməyin.
Bəlkə sizin də millətə və vətənə xeyriniz belə toxundu.
Astaralılar, aclıq növbəsi sizdədir!
Öncəliklə aylardan bəridir icra başçısının qanunsuzluqlarına, talançılıqlarına etiraz olaraq, aclıq aksiyası keçirən Masallı ziyalılarını təbrik edirəm. Axır ki, istəklərinə çatdılar. Ilham Əliyev dünən Masallının icra başçısını işdən azad etdi.
Işdən azad etdi etməsinə də, amma bu dəfə də özünün sevimli “karusel” ənənəsinə sadiq qaldı, onu götürüb Astaraya başçı qoydu. Bu nə məntiqdir axı? Guya Masallıda xalqa qan udduran Astarada mələkmi olacaq?
Nə isə, indi aclıq aksiyası keçirmək növbəsi Astara ziyalılarındadır. Gözləyirik.
Hə, bu arada, mən onu da başa düşmürəm ki, Ilham Əliyev karusel üsulu ilə icra başçılarini dəyişib niyə özünə də, onlara da əziyyət verir.
Elə hər dəfə rayonlarınca adlarını dəyişsin, söhbət də bağlansın.

Bəzən düşünməmək daha yaxşıdır
•
•