Ekspertlər asbest şiferlərin həyat üçün təhlükəli olması fikrini cəfəngiyyat sayırlar
Bu ayın əvvəlindən aran rayonlarında – Kürdəmirdə, Ağsuda, Göyçayda, Şamaxıda və Ucarda Nazirlər Kabinetindən (NK) verilmiş qərar əsasında asbest şiferli evlərin siyahısı tutulur, amma Kabinetdə kimsənin bundan xəbəri yoxdur. Özü də həmin rayonların rəsmiləri Nazirlər Kabinetindən göndərilmiş sənədi fərqli şəkildə təsvir edirlər. Məsələn, Ucar rayonunda asbest şiferlərin siyahıya alınmasını Nazirlər Kabinetinin sərəncamı əsasında, Ağsu rayonunda isə NK-dan gəlmiş xidməti məktub əsasında gerçəkləşdirdiklərini bildirirlər. Amma Nazirlər Kabinetinin mətbuat xidmətinin başçısı Akif Əli ANS PRESS-ə qurumun bu sənədlərdən xəbərsiz olduğunu vurğulayır: “Bizim nə sözügedən sərəncamdan, nə də belə bir məktubun olmasından xəbərimiz var. Kim bu barədə danışır, özü bilər, bunun bizə dəxli yoxdur”.
Icra hakimiyyətləri cavab vermir
ANS PRESS-in rayon icra hakimiyyəti (IH) təmsilçilərinin hansı sənəd əsasında həmin tapşırığın NK-dan verildiyini iddia etməsini araşdırmaq istəyi də boşa çıxdı – bunu deyən rayon məmurları əsasən ya telefonlarını ümumiyyətlə bağlayıblar, ya da telefonlarına edilən zənglərə cavab vermirlər. Yalnız Kürdəmir rayonundan ANS PRESS-dən edilən telefon zənginə cavab verdilər, amma şifer siyahıya alınmasını hansı sənəd əsasında həyata keçirdiklərini söyləyə bilmədilər, məsələni dəqiqləşdirərək cavab verəcəklərini bildirdilər. Amma bu cavab da verilmədi.
IH təmsilçiləri şifer siyahıya almasının səbəblərini anlamadıqlarını söyləsələr də, mətbuatda asbest şiferləri ilə bağlı kampaniya aparılır. Asbest şiferlərinin xərçəngyaratma təhlükəsi olduğu vurğulanır və əsas kimi 26 iyul 1999-cu ildə Avropa Birliyinin (AB) komissiyası tərəfindən qəbul edilmiş 1999/77/ES saylı direktivi əsas götürülür. Direktivə görə, AB-də xrizotil asbestdən istifadə 5 illik müddətdə müəyyən istisnalar olmaqla qadağan edilir. AB-də asbestin istifadəsi tam olaraq 2005-ci il yanvarın 1-dən qadağan edilib. Buna əsas kimi xərçəngin öyrənilməsi üzrə beynəlxalq agentliyin hesabatı götürülür və hesabatda bildirilir ki, asbest insan üçün təhlükəli kanserogenlər sırasına daxildir. Yəni yetərincə ciddi arqument irəli sürülür.
Asbestin radioaktivliyi ilə bağlı deyilənlər cəfəngiyyatdır
Daha bir iddia isə asbest şüalarının radioaktivliyi ilə bağlıdır. Bu fikirin müəllifləri iddia edir ki, günəş şüalarının təsiri altında asbest şiferindən radioaktiv şüalar ayrılır.
Lakin Memarlıq və Inşaat Universitentinin “Inşaat materialları” kafedrasının müdiri, texnika elmləri doktoru Iradə Şirinzadənin sözlərinə görə, bu cür iddiaların əksəriyyəti əsassızdır. “Asbestin radioaktivliyi ilə bağlı deyilənlər tamamilə cəfəngiyyatdır. Asbestin tərkibi maqnezium və silisium oksiddən ibarətdir, bunlar isə radioaktivliyi ən aşağı olan elementlərdir.
Asbestin radioaktivlik göstəricisi 50 bekkerel/kq-dır, halbuki, yolverilən radioaktivlik göstəricisi 370 bekkerel/kq-dır. Yəni bu məntiqlə gərək kirəmit ümumiyyətlə qadağan olunsun, çünki onda radioaktiv fon asbestdən bir qədər yüksəkdir. Amma tarix boyunca, neçə min ildir ki, bəşəriyyət kirəmitdən yaxşı dam örtüyü icad edə bilməyib və maraqlıdır ki, üç min ilə yaxındır ki, kirəmitin nəinki istehsal texnologiyası, hətta forması belə dəyişməyib, antik dövrdə olan kimi qalıb”,- deyə Iradə Şirinzadə bildirib.
Məhsullarımızı yenidən yoxlatdıq, hər şey tər-təmiz çıxdı
Azərbaycanda yerli şifer istehsalı sahəsi də var və bir vaxt Bakı Şifer Zavodu indiki Heydər Əliyev prospektində yerləşdirdi. Sonradan xüsusi dövlət proqramı ilə Qaradağ rayonuna köçürülən “Bakı Şifer və Keramika” ASC-nin hazırda bir istehsal xətti istifadəyə verilib və sınaq məhsul buraxır, daha üç xəttin isə tezliklə istifadəyə verilməsi planlaşdırılır. ASC düz Qaradağ Sement Zavodunun yanında yerləşir və sement xammalını məhz bu zavoddan alır. ASC-nin satış müdiri Rafiq Mirzəyev ANS PRESS-ə bildirib ki, asbest şiferlərinin radioaktivliyi barədə mətbuatda yayılan fikirlərin arxasında məkrli bir oyunbazlıq durur: “Bu xəbərlər çıxandan sonra biz məhsulumuzu yenidən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyasına təqdim etdik, məhsullarımızı yenidən yoxlatdıq, hər şey tər-təmiz çıxdı. Hazırda biz bu cür gözdən salma kampaniyasına qarşı cavab hazırlayırıq və tezliklə açıqlama ilə çıxış edəcəyik”,- deyə Rafiq Mirzəyev vurğulayıb.
Lakin hətta iş adamının dedikləri doğru olmazsa belə, xərçəng qorxusunun Kürdəmir, Ağsu, Göyçay, Şamaxı və Ucar rayonlarının asbest şiferli damlarına heç bir dəxli yoxdur. Əhali tərəfindən bu cür siyahıyaalma hansısa biznes dairələrinin maraqlarına xidmət etmək kimi dəyərləndirilir və bu fikir yetərincə tutarlı arqumentlərə əsaslanır. Əgər bu ideya gerçəkləşərsə və asbest şiferli dam örtükləri rəsmi səviyyədə dəyişdirilməyə məcbur edilərsə, bu, ölkə üzrə milyardla manat metal dam örtüyünün satılması, iş adamlarının külli miqdarda haqsız qazanc əldə etməsi olacaq. Və bu pulu ya əhali, ya da dövlət büdcəsi ödəməlidir. Ilkin araşdırmalara görə, ölkə üzrə fərdi evlərin təxminən 70 faizinin damı asbest şiferindən inşa edilib. Bunu Kürdəmirin Cöhranlı kəndində aparılan araşdırma da sübut edir. Kənddə olan 245 evin 155-nin damı asbes şiferindən düzəldilib. Ölkədə təxminən 2 milyon fərdi ev var və bu, təxminən 1,4 milyon evinin damının dəyişdirilməsi olardı. Bu hesabla, hər evə orta hesabla 1000 manatlıq, ölkə üzrə isə 1,4 milyard manatlıq metal dam örtüyü lazımdır.