Heykəl və Merkel prinsipləri

Keçən ilin oktyabrında Strasburqda Azərbaycan əleyhinə biabırçı bəyanat yayıldı. 32 deputat Avropa dövlətlərini separatçı rejim olan qondarma Dağlıq Qarabağ terrorçuları ilə əməkdaşlığa çağırdı.
Maraqlı məqam bu bəyanatın altında fransız, erməni deputatları ilə yanaşı Serbiya və Sloveniyadan olan nümayəndələrin olması idi.
Bir neçə ay əvvəl isə prezident Ilham Əliyev Serbiyada müqəddəs Petka kilsəsinin, Novı Pazar şəhərinin mədəniyyət evinin, “Bayraqlı cami” məscidinin bizim dövlətin büdcəsi hesabına təmir edilməsinə dair sərəncam verdi. Bundan başqa, Heydər Əliyevin heykəli qoyulan Taşmaydan parkına 3 milyon vəsait də ayrıldı.
Bundan əvvəl isə Ilham Əliyevin Sloveniyaya səfəri zamanı başda “ATA holdinq” olmaqla bütün tayfa şirkətləri bu ölkəyə 100 milyonlarla yatırımlar yapdılar.
Fransada isə bu zaman Heydər Əliyev Fondu məktəb tikir, Luvr kilsəsinin təmiri ilə məşğul idi.
Xatırlatmaq yerinə düşərdi ki, II dünya müharibəsindən sonra insanlığa qarşı ən böyük cinayətlərdən biri serb insan qəssablarının Bosniya müsalmanlarına qarşı törətdikləri soyqırımdır. 1995-ci ildə bir-iki gün ərzində 10 mindən çox qadın, uşaq və qoca amansızcasına, xüsusi qəddarlıqla qətlə yetirərək, cəsədlərini belə təhqir etməkdən çəkinməmişdilər.
Bu gün Ilham Əliyev hakimiyyəti Heydər Əliyevə öz ərazisində heykəl qoymağa “icazə” verən (təbii ki, xərci bizim hesabımımıza, üstəgəl ətraf ərazini abadlaşdırmaq şərti ilə) ölkələri dost elan edir, milyonlarla azərbaycanlının ən primitiv haqlarını dilə gətirən ölkələr isə “düşmən” siyahısına salınır.
Qarabağın işğalına görə Ermənistanı bir dövlət kimi tanımayan Pakistan tarixinin ən böyük təbii fəlakəti zamanı bizdən “incisə” də, büruzə vermədi.
Əvəzində Ermənistanın strateji tərəfdaşı olan Belarusa faizsiz olaraq növbəti 300 milyon dollar kredit ayrıldı. Ötən ilin fevralında, Minskdə keçirilən kitab sərgisində Azərbaycan tərəfinin Qarabağa aid nəşrləri, ermənilərin tələbi, belarus yetkililərinin göstərişi ilə dərhal yığışdırıldı.
Lukaşenkonun Qarabağ münaqişəsi ilə bağlı fikirlərini xatırlatmaq yerinə düşər: “Bu problemdə olan saysız-hesabsız nüanslara heç vaxt toxunmamışam(!). Biz bu problemdə ayrı-seçkilik etmirik”.
“Məhz sizin səyinizdə, Belarus tərəfinin bütün təkliflərinə müsbət cavab verilmiş və gözlədiyimizdən də on qat(!) artıq müsbət nəticəyə nail olduq” (belarus diktatorun Serj Sərkisyana ad günü təbrikindən).
Bunu “izah” etmək üçün ən azı Əli Əhmədov olmaq lazımdır….
Angelanın suçu nə?
Almaniya qədər Azərbaycanın dövlət və qeyri-dövlət sektoruna yardım edən ikinci bir dövlət tapmaq çətindir. Ölkənin maliyyə fondları və bankları tərəfindən üzunmüddətli, aşağı faizlə ayrılan kreditlər müxtəlif infrastrukturların yenindən qurulmasına istiqamətlənib. Bakı şəhəri kanalizasiya sisteminin yenidən qurulması (Almaniya Inkişaf Bankı(KfW)), “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi(Almaniyanın KfW Bankınının və alman hökumətinin dəstəyi ilə), Ədliyyə sistemində islahatlar, Gəncə və Şəki bölgəsində su təchizatının yenidən qurulması və s. Təkcə son layihə üçün nəzərdə tutulan 125 milyon avronun 63 milyonunu KfW bankı ayırıb. Bu saysız-hesabsız proyektlər və yardım AB tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Azərbaycan tərəfindən isə şəffaflıq və demokratik prinsiplərə əməl etmək tələb olunurdu. Avropa sözünü tutur və qarşı tərəfin də buna əməl etməsini tələb edir.
Bu ciddi layihələri təqib etmək, Almaniyanın birbaşa borcudur. Ölkədəki ictimai-siyasi vəziyyətlə maraqlanması təbiidir.
Almaniyanın xarici işlər naziri Qido Vestervelle bu yaxınlarda Bakıda səfərdə olarkən müxalifət liderləri ilə görüşüb. Bu, iqtidarı qəzəbləndirib, “heç bir səbəb(!) olmadan keçirilən bu görüş, beynəlxalq normalara (!) zidd” imiş. Sanki nazir, qeyri-qanuni hərbi birləşmə liderləri görüş keçirib. Dərhal Almaniya arzuolunmaz ölkəyə çevrilib. Angela Merkelə mesaj göndərilir ki, “kreditlər və maliyyə dəstəyinə görə sağ ol, gerisinə qarışma, xalq bizi əbədi olaraq seçib, inanmırsınız, AzTV-yə baxın”.
Heykəl üçün yer ayırmayıb, müxalifətlə görüş üçün vaxt ayıran Merkel hökumətinin üzərinə iqtidar “dəmir məntiqi” ilə – Mübariz (Əhmədoğlu və Qurbanlı), Əli (Həsənov və Əhmədovla) hücuma keçib.
Dayana biləcəksənmi, Almaniya?