İqtidar Qərb mediasında ifşae edilməsini inqilaba hazırlıq kimi dəyərləndirir
Bütün səfirliklər, diaspor təşkilatları və lobbi qrupları bu yazıları dayandırmağa səfərbər olunub
Dünyanın nüfuzlu media quruluşlarının Azərbaycan hakimiyyəti barədə ifşaedici materialları iqtidarda narahatlıq yaradıb. Hakimiyyətə yaxın mənbələrdən redaksiyamıza sızan məlumatlara görə, iqtidarda düşünürlər ki, indiki vəziyyətdə Qərb mətbuatının Əliyevlərlə bağlı ifşaedici materiallarının arxasında ərəb inqilablarının Azərbaycana transfer olunması dayanır.
Xüsusilə Suriya diktatoru Bəşər Əsədin son günlərini yaşaması və bu ərəfədə bütün diqqətin Azərbaycana yönəlməsi hakimiyyətdə belə bir rəy yaradıb ki, olayların arxasında Qərbin ciddi planları dayanır. Bu baxımdan hakimiyyət qabaqlayıcı tədbirlər görməyə başlayıb. Məlumatlara görə, iqtidar ideoloqları ilk növbədə Qərb mətbuatında dərc edilən yazıların qarşısını almaq istəyir. Iqtidar hesab edir ki, Azərbaycan cəmiyyətində siyasi aktivliyin artmasına səbəb olan bu yazıların qarşısı alınırsa təhlükə minimuma endirilə bilər. Bunun üçün diaspor təşkilatları, lobbi qrupları, Azərbaycanın xarici ölkədəki səfirlikləri hərəkətə gətirilib. Onlar istənilən vasitə ilə Qərbin nüfuzlu nəşrlərinə yol tapıb Azərbaycanı bu media quruluşlarının gündəmindən çıxarmağa nail olmalıdırlar.
Hakimiyyətin bu məqsədlə xeyli maliyyə vəsaiti ayırdığı da bildirilir.
Informasiya şöbəsi