Harada qaldı Azərbaycan çayının şöhrəti?..
Azərbaycanda çayçılıq uzun illərdən bəri ölkənin əsas təsərrüfat sahələrindən biri olub. Sovet dövründə Lənkəran çayının şöhrəti başqa respublikalar arasında xüsusi yer tutub. O illərdə 300 milyon əhalisi olan SSRI-nin çaya tələbatının 8-10 faizi Azərbaycan çayı hesabına təmin edilib. Azərbaycanın cənub bölgəsində çay emalı ilə məşğul olan 10-dan çox fabrik var idi. Eyni zamanda, Bakıda və Lənkəranda çayı qablaşdıran iki nəhəng fabrik fəaliyyət göstərir, bu müəssisələrdə minlərlə işçi çalışırdı.
Azərbaycan çayının adı təsadüfən Lənkəranla qoşa çəkilmir. Ölkəmizə çay bitkisi ilk dəfə 1912-ci ildə Lənkəran bölgəsinə gətirilib. Ilk çay fabriki də məhz burada 1937-ci ildə qurulub. Çayın kütləvi istehsalına da bundan sonra başlanıb. Çox keçmədən 6 rayonun 63 təsərrüfatında 3413 hektardan çox çay plantasiyası salınıb. 14 çay emal edən, 2 çayçəkici və qablaşdırıcı fabrik fəaliyyətə başlayıb. Sovet dönəmində 34 min ton çay yarpağı hazırlanırdı. Lənkəran çayı 1981-ci ildə Almaniyanın Leypsiq şəhərində keçirilən müsabiqədə “Azərbaycan buketi” mükafatına və qızıl medala layiq görülüb.
Çayçılığın dünəni ilə bu gününü müqayisə etsək, şübhəsiz, bu sahədə böyük geriləməyə şahid olarıq. Doğrudur, bu gün Azərbaycan xarici ölkələrə çay istehsalını dayandırmayıb, amma faktlara nəzər saldıqda, onun kənardan da böyük həcmdə çay idxal etdiyi aşkara çıxır.
Hazırda Azərbaycan çaya olan tələbatının 95 faizini xarici məhsullar hesabına ödəyir. Istehsalçılar bildirirlər ki, vaxtilə Azərbaycanda çay plantasiyalarının sahəsi 13 min hektara çatırdısa, indi bu rəqəm 1000 hektara düşüb. Ölkəmizdə hər il 16 min ton çay içildiyi halda, onun cəmi 320 tonu yerli çaydır. Qalanı xaricdən gətirilir.
Halbuki, Azərbaycanda 1970-1980-ci illərdə 36 min hektar sahədə çay əkilib becərilib və 34 min tondan çox çay istehsal edilib. Həmin vaxt 15 zavod tikilib istifadəyə verilib. Belə bir potensial heç bir qonşu ölkədə yox idi. Indi istehsal 40 dəfədən də çox aşağı düşüb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2010-cu ildə Azərbaycana Şri-Lanka və Hindistandan 8192 ton fermentləşdirilmiş və qismən fermentləşdirilmiş şəkildə çay gətirilib. Bu çayın idxal qiyməti 2,05 dollardır. Çəkilib büküləndən sonra məhsul 11,47 dollara idxal edilib. Yerli bazarda çay təxminən eyni qiymətə satılır. 2010-cu ildə istifadə üçün hazır çayın 1 kiloqramı 4,66 dollar dəyərində qiymətləndirilib.
Azərbaycanda yerli çayın istehsalı ötən əsrin 80-ci illərinin ortalarında maksimum həddə çatıb. Həmin vaxt bu göstərici 8,6 min ton, çay kolluqları sahələri isə 13,4 min hektar olub.
1987-ci ildə Azərbaycanda çay plantasiyalarının 21 min hektara qədər artırılması və 15 min ton çayın istehsal edilməsi barədə qərar qəbul edilib ki, əhalinin tələbatı tam ödənilsin. Lakin sonradan bunu həyata keçirmək mümkün olmayıb.
Çayımız 500 min nəfərə belə çatmır…
Faktların dililə danışsaq, açıq şəkildə görərik ki, çayçılıq Azərbaycanın kənd təsərrüfatında öz çəkisini itirib. Sovet dövrü ilə müqayisədə çay plantasiyaları 20 dəfəyədək azalaraq, təxminən 2000 hektara düşüb. Azərbaycanda hər il 10 min tondan artıq çay içilir. Bunun cəmi 5 faizi ölkədə istehsal olunur. Vaxtilə 25-30 milyonu təmin edən Azərbaycan çayı indi heç 500 min nəfərə də çatmır.
Çay istehsalçılarının sözlərinə görə, ölkədə becərilən çay qiymətinə görə ən bahalı çaylarla rəqabət apara bilər. Sadəcə, çayçılığı dirçəltmək üçün bu sahəyə vəsait yatırmaq lazımdır. Çay uzunömürlü bitki olduğundan onun gəlir gətirməsi üçün çox vaxt tələb edilir. Bəlli olduğu kimi, çay bitkisi 7-8 ildən sonra məhsul verir. 8-9 ildən sonra əldə edəcəyi çayı satıb krediti ödəyəcəyi vədi əsasən banklar tərəfindən ciddi qarşılanmır. Kreditlərin böyük əksəriyyəti qısamüddətli olur. Məsələn, taxılçılıq, kartof əkinilə bağlı kredit götürmək imkanları çayçılığa nisbətən xeyli çoxdur. 1 hektar çay plantasiyasının salınması və becərilməsinə isə 30 min manatdan artıq vəsait lazımdır.
Statistika göstərir ki, dünyada çaya olan tələbat gündən-günə artır. Konkret, son bir il ərzində dünyada çaya olan tələbat 4,8 faiz artıb. Onu da qeyd etmək lazımdır ki, dünya çay bazarı, digər məhsullardan fərqli olaraq, iri müqavilələrlə tənzimlənmir. Burada çayın dərhal daşınması metodu hakimdir. Bunun nəticəsidir ki, digərlərindən fərqli olaraq, çayın qiymətlərində kəskin fərqlər qaçılmaz olur.
Bir zamanlar Azərbaycanın şöhrətli təsərrüfat sahələrindən olan çayçılığın inkişafı üçün hökumət xüsusi proqram hazırlayıb. Dövlətin təsdiq etdiyi proqramda çay istehsalının 3 min tona çatdırılması nəzərdə tutulur. Bunun üçün aqrotexniki tədbirlər həyata keçirilir. Yuxarıda qeyd olunduğu kimi, çay, digər kənd təsərrüfatı məhsullarından fərqli olaraq, birjalarda deyil, müqavilələr əsasında satılır. Indi 1 ton çayın qiyməti, növündən və keyfiyyətindən asılı olaraq, 1500-2500 dollar arasında dəyişir. Ölkəmizdə isə ən bahalı çayın qiyməti 100 dollardan artıqdır (X.Səfəroğlu, “Modern.az”).
Çayın gözəl günlərini qaytarmaq olar…
Məlum olduğu kimi, Azərbaycanda çay əsasən cənub rayonlarında – Lənkəran, Astara və Masallı, o cümlədən Zaqatalada becərilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 545 ton çay yığılıb. Bu, əvvəlki illərdən 98,1 ton çoxdur. Azərbaycan və Qafqaz Çay Assosiasiyasının prezidenti, professor Fərman Quliyev çayçılığı dirçəltmək üçün bu sahəyə uzunmüddətli kreditlər verilməsini zəruri sayır. Onun sözlərinə görə, bu kreditlər 15-20 ili əhatə etməlidir. Çünki bir hektar sahədə çay plantasiyası salmaq 6-7 min dollara başa gəlir. O, qeyd edir ki, o zaman yerli çay mütəxəssisləri hazırlanırdı və hər il 10-12 nəfər xaricə təhsil almağa göndərilirdi. Bu illərdə istifadəyə verilmiş “Xanbulançay”, “Viləşçay” kimi dəryaçalar məhz çayçılığın inkişafı üçün tikilmişdi. Həmin illərdə Azərbaycanda çayçılıq üçün yararlı torpaqların xəritələnməsi prosesi həyata keçirilib. Nəticədə müəyyən edilib ki, Lənkəran-Astara bölgəsində 23 min hektar çay əkini üçün istifadəyə yararlı torpaq var.
Fərman Quliyevin rəhbərlik etdiyi çay plantasiyasında ekoloji cəhətdən ən təmiz çay becərilir. “Fərmançay” adlanan bu məhsul Azərbaycanda ən bahalı çaydır. Onun kiloqramı 100 dollaradır. Çayların baha olmasının bir səbəbi də təcrübəli işçinin gün ərzində maksimum 100 qram çay hazırlaya bilməsidir. “Fərmançay” Madriddə beynəlxalq müsabiqədə üç dəfə qızıl medal alıb. 2002-ci ildə Madriddə beynəlxalq müsabiqədə “XXI əsr Avropanın qızıl mükafatı”na, 2005-ci ildə isə “Keyfiyyət və texnologiyaya görə” müsabiqəsində daha bir qızıl medala layiq görülüb.
Çayçılığın çoxlu sayda çətinlikləri var. Eyni zamanda, məhsul yığımı da asan prosedur deyil. Çay yığımı zamanı yalnız təzə yarpaqları yığmaq lazımdır. Bu prosesi avtomatlaşdırmaq cəhdi səmərə verməyib. Maşınla yığılanda köhnə çay yarpaqları da dərilir və məhsulun keyfiyyətini aşağı salır. Çayı əllə ən yaxşı yığan işçi gün ərzində və çox gərgin əməkdən sonra 10 kiloqram çay yarpağı yığa bilər.
Qeyd edək ki, Milli Məclis 2003-cü ildə “Çayçılığın inkişafı haqqında” qanun qəbul edib. Qanunu hazırlayan Fərman Quliyev bildirib ki, həmin qanun qüvvəyə mindikdən sonra çayçılığın inkişafı üçün müvafiq normativ aktlar hazırlanmalıdır. Yalnız bu halda, qanunun uğurlu nəticələri öz bəhrəsini verə bilər.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir