Tehran rejimi nüvə müzakirələri ərəfəsində irimiqyaslı hərbi təlimlərin anonsunu verdi
Iranla “altılıq” ölkələrinin (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) nüvə danışıqlarının Istanbul görüşünə bir neçə gün qalmış Tehran rejimi dünyaya meydan oxuyacaq həmləyə əl atıb. Iran irimiqyaslı hərbi təlimlərə başladığını açıqlayıb. Ordu və “Sepah” ilk dəfə olaraq, birgə böyük miqyaslı hərbi təlimlər keçirəcək. Quru qoşunlarının komandanı, general Əhmədrza Purdastan bildirib ki, ölkənin bir neçə bölgəsində 8 müxtəlif hərbi təlim keçiriləcək.
Ölkə parlamenti Istanbul müzakirələri öncəsi bəyanat yayaraq “altılıq” dövlətlərini Iran həqiqətlərini qəbul etməyə çağırıb. 204 millət vəkilinin imzaladığı bəyanat müzakirələrdə Iranı təmsil edəcək nümayəndə heyətini dəstəkləmək məqsədilə hazırlanıb. Sənəddə qeyd olunub ki, Iranın nüvə enerjisindən istifadə haqqı inkar edilə bilməz.
Bu arada, Israilin ən tirajlı qəzeti “Haaretz” yazıb ki, Istanbulda keçirilməsi planlaşdırılan nüvə müzakirələri baş tutmaya bilər: “Türkiyə Suriyaya hücum edərsə, Iran müzakirələrin keçirilməsi üçün Istanbula səfər etməyəcək. Istanbul danışıqları baş tutmasa, Iranın müzakirələri təxirə salacağı və ya görüş üçün başqa bir yer tələb edəcəyi istisna olunmur”.