Qarabağa döyüşməyə könüllü gedən gənc niyə terrorçu oldu?

Aprelin 6-da Gəncədə MTN əməkdaşının öldürüldüyü qanlı atışma yəqin hələ yadınızdan çıxmayıb. Orada rəsmi qurumların terrorçu adlandırdığı bir nəfər gənc də öldürülüb. O gəncin¬ terrorçu olmaması haqqında əlimizdə heç bir dəlil yoxdur. Hər halda silahlı olub və hüquq-mühafizə qüvvələri ilə atışıb. Amma onun məqsədi nə olub, planları nə imiş, doğrudanmı məhz Azərbaycanda haralarısa partlatmaq istəyirmiş – bilmirik.
MTN indi cəmiyyətin inanmadığı, etibar etmədiyi qurumdur, lakin yenə də deyirəm, bütün hallarda Vüqar Padarov adlı bu gənc silahlı olub və silahlı müqavimət göstərib. Ona görə də rəsmi qurumların adlandırdığı kimi – terrorçu olaraq qəbul edilir.
Hazırda  qəzetlərdə bu adam haqqında  yazılmaqdadır, fotosu da dərc edilib. Sir-sifətdən bandit-kriminal ünsürə oxşamır. Odur ki, silahlı olmasından onun terrorçu olması ehtimalı daha inandırıcı görünür. Elə atası da onun qatı dindar olmasını və çeçenlərin təsiri altına düşməsini etiraf edir.
“Yeni Müsavat” qəzetinin əməkdaşları həmin gəncin doğulduğu Zaqatalanın Tala kəndinə gedərək, onun həyat hekayəsini yazıb, ata-anasını danışdırıb. Yuxarıda qeyd etdim, Vüqar Padarovun atası oğlunun dindar qruplaşmalara qoşulduğunu, çeçenlərin təsiri altına düşdüyünü özü deyir. Düzdür bu hələ cinayət deyil, amma onun Gəncədəki roluna tam uyğun gəlir. Amma ata bir şey də deyir. Buyurun oxuyun: “Vüqar Qarabağa döyüşməyə könüllü getmişdi, 15-16 yaşı olardı. Ancaq komandiri onu geri qaytardı ki, yaşın çatanda gələrsən”.
Vüqarı illər öncə tanıyanlar da savadlı, vətənpərvər bir gənc olduğunu deyir, onun terrorçuya çevrildiyinə təəccüb və təəssüf edirlər. Doğrudan da, necə oldu ki, Qarabağa döyüşməyə könüllü gedən, vətənpərvər bir gənc dönüb terrorçu oldu? Əsl sual budur?
Son vaxtlar bu cür əməliyyatlar tez-tez olur, tutulanlar Azərbaycana qarşı xəyanətdə suçlanırlar. Axı nə üçün bu adamlar ölkəsinə qarşı bu yolu tuturlar?
Biz illərdir bəyan edirik ki, bu ölkənin yanlış idarəçiliyi, mənəvi bataqlığa çevrilməsi, ədalətsiz mühiti, bir qrupun digəri üzərində ağalığı, dəhşətli miqyas alan talanları, yaltaqlıq və yalan üzərində duran həyatı onun insanlarına dözülməz yaralar vurur. Buradan baş götürüb gedir insanlar. Bir qrup isə müxtəlif qrupların təsirinə düşür, onların ədalət vədlərinə inanır, özünü həmin qrupların yanlış və təhlükəli hədəflərində tapır. Bunlardan bəziləri doğrudan da terrorçu ola bilər, bəziləri baş<->qa qüvvələrinin təsiri ilə Azərbaycana qarşı işləyə bilər.
Baxın, mövcud iqtidar Azərbaycanı nəyə çevirib? Bu iqtidar vətəndaşların dövlət xəyanəti suçundan danışmağı sevir, lakin onun özü dövlətimizi vətəndaşa xəyanət edən qorxulu bir maşına çevrilib.
Elə bu səbəbdən də, Qarabağa döyüşməyə könüllü gedən gənc doğrudan da terrorçu ola bilər. Həqiqətən də bu ölkənin insanını öldürə və bu ölkəyə qəsd edə bilər. Çünki öz dövləti tərəfindən heç bir sevgi görməyən, öz dövlətindən qorxan gənci başqa sevgilər ağuşuna ala bilir, aldada bilir.  
Daha sistemli, daha metodik analiz etmək olar bu məsələni. Amma hara fırlansaq da, həqiqət eynidir. Bu ölkənin gənci öz dövlətindən qorxur, haqlı olaraq, öz polisindən, öz MTN-dən, öz məhkəməsindən, öz idarəçilərindən çəkinir, ehtiyat edir. Belə gənclər arasından kimlərinsə terrorçuların təsiri altına düşməsi heç də təəccüblü deyil. Onları bu dövlətin, bu cəmiyyətin özü itələyir terrorçulara doğru.
Təsəvvür edin, uğrunda canını qurban vermək istədiyi ölkədə ədalətsiz adamların ona meydan oxuduğunu görür. Oğruların başda durduğunu görür. Haqsızlıqdan üzülür. Onun işi yox, ədaləti yox, onun ümidi və arzusu yox. Bir qrupun üzünə bütün qapıların açıldığını görür və bütün qapıların üzünə bağlı olmasından başını itirir. Və bu insanların heç də hamısı öz əvvəlki halını, Vətənə sevgisini saxlaya bilmir. Onlardan bəziləri doğrudan da öz ölkəsinin üstünə gələ biləcək qədər dəyişir. Bəziləri də tələyə düşür, Vüqar kimi bu ölkə insanının qatilinə çevrilir.