O gözlərə baxmaq üçün möhlət

Bilənlər bilir, bilməyənlər üçün də yazım: mən illərdir Azərbaycandakı bu quldarlıq və quldurluq rejiminin nə vaxt yıxılacağı haqqında heç düşünmürəm. Bu cür rejimlərin üç gün tez, beş gün gec, fərqi yoxdur, bir gün kəlləmayaq olacağına, öz qanında boğulacağına, öz qazdığı quyuya düşəcəyinə inamım sonsuzdur.
Müdafiə etdiyimiz dəyərlər sarıdan içim rahatdır, doğru yolda olduğumuzu hər gün daha dərindən anlamaq, hər gün daha aydın görmək mənə kifayət edir. Gerisi vecimə də deyil.
Amma nə gizlədim, hərdən əcəldən möhlət istəməyim gəlir. Əlbəttə, bu yaşda ölüm haqqında düşünməyin yaxşı bir şey olmadığının fərqindəyəm, heç xaraktercə meyitpərəst də deyiləm. Di gəl ki, dünya işlərini də bilmək olmaz, əcəlin səni harda, nə vaxt haqlayacağı bəlli deyil.
O möhləti istəməyimin isə sadəcə, bir səbəbi var:
Bu çirkin, əxlaqsız, oğru, yalançı rejimin layiq olduğu yerə göndərilməsindən sonra heç olmasa, bir yaltağın, bir irtica yanlısının, bir saray təlxəyinin gözlərinə baxmaq…
Sadəcə, baxmaq.
Susmaq, heç nə deməmək.
Sadəcə, baxışlarımla soruşmaq: “Dəyərdimi?”
***
Tarix nə qədər yanlışlara, bağışlanması mümkünsüz xətalara şahidlik etdi bu günəcən.
XX əsr ədəbiyyatının sütunlarından biri – Knut Hamsun, məsələn. Faşizm kimi bir iyrəncliyin tərəfini tutdu. Xətasını anlayanda iş işdən keçmişdi, dəfələrlə üzr istədi, çifayda – ölüncəyədək o ayıbı üzünə tutdular, o nəhənglikdə yazıçı əsərlərinin layiq olduğu dəyəri aldığını görmədən köçdü dünyadan.
Mahiyyətilə, insanlığa qarşı zorakı, qəddar münasibətilə faşizmdən zərrəcə fərqlənməyən Əliyevçi rejimin züytutanları təbii ki, Hamsunun atılan dırnağı belə deyillər. Hamsun kimi bir əjdaha əfv edilmədisə, yaptokratiyanın istedadı və intellekti sıfırın altında olan sürtüklərinin hansı bəraətindən danışmaq olar?
Amma mən yenə o gün gəldiyində, qaranlıqlar yarıldığında, Azadlıq Günəşi bu bərəkətli torpaqlar üzərində də parlamağa başlayanda onların gözlərinə baxmaq istərdim.
Sadəcə, baxmaq.
Susmaq. Heç nə deməmək.
Eləcə baxışlarımla soruşmaq istərdim: “Dəyərdimi?”
***
Əslində, elə indi də fərqindədirlər nə qədər dərin bir çirkaba batdıqlarının…
Nə qədər yanlış bir yolda addımladıqlarının, qarınlarının qafalarından nə qədər önə keçdiyinin, bir deputat mandatı uğruna, bir babat maaşa, bir yüksək qonorara, bir çürük ordenə, bir bahalı maşına, bir incəbel, qaratel katibəyə bir xalqın maraqlarını necə satdıqlarının, necə ağır cinayətlərin ortağına çevrildiklərinin, nə qədər dəhşətli ayıblara göz yumduqlarının, kor olduqlarının fərqindədirlər.
XXI əsr üçün üzqarası olan bir rejimi qoruduqlarını, ölkəni hər gün bir az da orta çağların üfunətli bataqlığına gömənlərin cangüdəninə, müdafiəçisinə çevrildiklərini, içlərindəki maddiyyat duyğusuna yenik düşdüklərini bizdən daha yaxşı anlayırlar.
Bizdən daha yaxşı bilirlər: bu gün rejimin ortaya çıxan oğurluqları, zülmləri, işgəncələri, qətlləri, qarətləri bilinməyənlərin mində biridir. Tıpkı Ben Əlidən sonra, Mübarəkdən sonra nə qədər dəhşətli, tükürpədici cinayətlərin üstü açılmışdısa, bu rejimin də daha qəddar, daha quldur əməllərinin üstü o devriləndən sonra açılacaq.
Amma yenə də üzləri qızarmadan, vicdanları sızlamadan ələkçiyə qılverənlik eləməkdən, zalımın ətəyini öpməkdən, oğrunun əl-üzünü yumaqdan, şərin qapısını süpürməkdən əl çəkmirlər.
Ürəklərinin ən dərinliyində zülmə əl çala-çala alçaldıqlarını, yalana qaz verərək Tarixin və Tanrının ikrahını, qəzəbini qazandıqlarını bilə-bilə davam edirlər təlxəkliyə, yaltaqlığa, sabunbazlığa.
Nə var, nə var, sonunda maaş var, qonorar var, mandat var, maşın var, bağ evi var, katibə var…
***
Bu cür rejimin sonu yoxdur.
Bu cür rejimin sonu ərəb diktatorlarının, Latın Amerikası tiranlarının, Afrika hanniballarının aqibətindən pis olacaq ki, yaxşı olmayacaq.
Mənsə o günü görməyə sadəcə, bir səbəbdən möhlət istəyirəm: o gün gəldiyində bir yaltağın, bir təlxəyin, bir sabunbazın gözlərinin içinə baxmaq üçün.
Və susaraq, heç nə deməyərək, eləcə baxışlarımla soruşmaq üçün: “Dəyərdimi?”