MTN Zaqatalada yenə əməliyyat keçirdi

MTN-nin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Zaqatalada daha iki nəfər – Mahmud Lələyev və Teymur Qaracayev saxlanılıb. Adıçəkilən şəxslərin evlərindən və pay torpaqlarının ərazisindən silah-sursat, partlayıcı qurğuların aşkar edilərək götürüldüyü bildirilir. Məlumatı Zaqatala rayon hüquq-mühafizə orqanlarına istinadən APA agentliyi yayıb.

MTN-in Zaqatalada ötən gün tutduğu Mahmud Lələyev nazirliyin bir neçə gün əvvəlki əməliyyat zamanı saxlanılan Bəhruz Lələyevin atasıdır.

Gəncə hadisələri ərəfəsində Zaqatalada daha üç nəfər – Mehdi Padarov, Nəsrullah Yunusov və Rəşad adlı şəxs tutulub.

Bu, MTN-in bir neçə gün əvvəl Gəncə və bir sıra rayonlarda həyata keçirdiyi xüsusi əməliyyatın davamıdır.

MTN tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində ölkədə ictimai-siyasi sabitliyi pozmaq və əhali arasında vahimə yaratmaq məqsədilə təxribat-pozuculuq və bir sıra terrorçuluq aksiyalarını planlaşdıran qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin 17 üzvü ifşa edilərək yaxalanıb (“Azadlıq” radiosu).