Jurnalistin 100 min manatlıq iddiası

Natiq Ədilovun «Lider»ə və «Afra» otelə qarşı iddiasına baxılacaq

Aprelin 17-də Yasamal Rayon Məhkəməsində “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilovun Oğuzdakı “Afra” otelinə və “Lider” telekanalına qarşı iddiasına baxılacaq. Jurnalistin iddiası özəl həyatın toxunulmazlığı, ifadə azadlığına qanunsuz müdaxilə, eləcə də şərəf və ləyaqətin müdafiəsilə bağlıdır.
Iddiaya hakim Anar Rzayevin sədrliyilə baxılacaq. Bu barədə “Azadlıq”a jurnalistin hüquqlarını müdafiə edən hüquqşünas, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyev məlumat verib.
Hüquqşünasın sözlərinə görə, bu iddia üzrə sonuncu dəfə məhkəmə iclası ötən il avqustun 9-da keçirilmiş və o vaxtdan qeyri-müəyyən müddətə təxirə salınmışdı. Həmin sonuncu iclasda Natiq Ədilovun vəkilinin etirazına baxmayaraq, hakim Anar Rzayev “Lider”də səslənən fikirlərin jurnalistin şərəf və ləyaqətini ləkələyən ifadələr olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə mütəxəssisə müraciət olunması barədə qərar vermişdi. Mütəxəssisin öz rəyini təqdim etməsi üçünsə 8 ay vaxt lazım gəlib…
Iddianın mahiyyətinə gəlincə, 2010-cu ilin dekabrında Almaniyanın Konrad Adenauer Fondu (Deutsche Welle Akademiyası ilə əməkdaşlıq çərçivəsində) Oğuz rayonunda “Siyasətçilər və jurnalistlər üçün siyasi kommunikasiya” proqramı üzrə media təlimi keçib. “Afra” otelində keçirilən tədbirdə müxtəlif media nümayəndələrilə yanaşı, Natiq Ədilov da iştirak edib. Bundan təxminən dörd ay sonra – aprelin 15-də bir qrup jurnalistə, informasiya agentliklərinə Natiq Ədilovun “Afra” oteldə qaldığı otaqda gizli qaydada lentə alınmış görüntülərinin yer aldığı videoçəkiliş göndərilib. Həmin videomaterial montaj olunub, pornoqrafik elementlər olan video-görüntülər əlavə edilib və əvvəlcə “youtube.com”-da və digər internet portallarında, aprelin 16-da isə “Lider”də onu aşağılayan şərhlərlə yayımlanıb.
Jurnalist də öz növbəsində Avropa Konvensiyasının 8 və 10-cu maddələrilə təminat verilən özəl həyata müdaxilə və ifadə azadlığı hüququnun pozuntusundan məhkəməyə şikayət edib. Jurnalist cavabdehlərin üzr istəməsini, həmçinin vurulan mənəvi ziyanın əvəzi kimi hər birindən 100 min manat tutulmasını tələb edir.
Jurnalistin vəkili deyir ki, bu hadisədə açıq-aşkar şantaj elementi olduğu üçün faktla bağlı cinayət işi qaldırılmalıdır. Amma Natiq Ədilovun prokurorluğa ünvanladığı şikayət nəticəsiz qalıb. Məhkəmə də heç bir əsas olmadan 9 aya yaxındır ki, şikayətə baxmır. Intiqam Əliyevin sözlərinə görə, məhkəmə işə baxacağı halda da onun hansı qərar verəcəyini proqnozlaşdırmaq üçün bu ölkədə məhkəmələrin durumuna azacıq bələd olmaq yetərlidir. Buna baxmayaraq, hüquqşünas yenə də bu cür işlərin hüquqi müstəvidə mübahisələndirilməsinin tərəfdarıdır. Səbəbini də belə izah edir: “Hakimiyyət onun siyasətini tənqid edən fəalların özəl həyatıyla bağlı gizli yolla çəkilmiş məlumatlardan onlara qarşı şantaj vasitəsi kimi istifadə edir, sonra da özünü elə göstərir ki, guya, bunlardan xəbəri yoxdur. Azərbaycanda özəl həyata qanunsuz müdaxilə hallarının heç biri müvafiq qiymətini almayıb. Bu, bir tərəfə, üstəlik, hakimiyyətin nəzarəti altında olan qəzet və televiziyalar da qanunsuz yolla əldə olunmuş həmin məlumatları yayır. Bunlar hakimiyyətin baş verənlərdə əli olduğunu güman etməyə əsas verən ciddi faktlardır”.

Informasiya şöbəsi