Yeməyə çörək, geyməyə paltar tapmayan ailənin faciəsi
Dörd övladları var. Böyüyü Əlihüseyn, üçəmlər isə Məhəmməd, Həsən, Zəhra. Adlara diqqət etdiniz? Biz mövhumatçı ailə ilə deyil, dinə inanan, ona bağlı olan bir insanın evinə qədəm qoymuşuq. Gəlişimizin də bir nədəni var – dörd uşaqlı ailənin yaşadığı mənzərəyə işıq salaq. Onlar nə yeməyə çörək tapırlar, nə geyməyə paltar, nə içməyə su…
“Allahdan mütləq bəla gələcək”
Biz evin qapısını döyəndə o taydan “zəhmət olmasa gözləyin, uşaqların paltarını geyindirim” mesajını eşitdik. Qapı açılanda isə uşaqların əynində alt paltarı gördük. “Geyindirim” sözünü eşidəndə biz üst geyimi, o isə alt geyimi nəzərdə tuturmuş.
Düz səkkiz il bundan öncə ailə quranda bu cür çətinliklə qarşılaşacaqlarını bilmirdilər. Bax budur, indi onların qarşısında böyük bir sınaq durur. Dörd uşağı böyüdüb boya-başa çatdırmaq.
Evin sahibi Eldəniz Heydərov fəhləlik edir. Qazancı yalnız bir qarın çörəyə çatır. O da iş olanda. Elə olur ki, aylarla iş üzünə həsrət qalır.
Kimsə də qapısını döyüb salam belə vermir.
Uşaqların babası Səlahəddin Əliyev dövlət başçısı Ilham Əliyev və xanımı da daxil olmaqla, ən müxtəlif dövlət orqanlarına onlarla məktub göndərib. O, məktublarında dörd körpə nəvəsinin aclıqla mübarizə apardığını məmurların nəzərinə çatdıraraq, səlahiyyət sahiblərindən kömək istəyib. Ancaq müraciətlərinə heç bir cavab verilməyib.
“Azərbaycanda baş alıb gedən haqsızlıqlar, məmur özbaşınalığı, rüşvətxorluq, korrupsiya, hakimiyyətin kriminallaşması, əhalinin kasıb təbəqəsinin insan yerinə qoyulmamasına diqqət edəndə müqəddəs ”Qurani-Kərim”də Allahın buyurduğu “Zəlzələ” surəsinin qorxusu hər an məni narahat edir. Bu haqsızlıqların yükünü torpaq götürə bilmədiyindən, Allahdan mütləq bəla gələcəyinə heç bir şübhəm yoxdur”, – deyə baba ürəkağrısıyla məktublarında qeyd edib.
Gec anlamağın faydası olmur
Bu hələ harasıdır. Dəhşətlər sondadır. Ailədə ötən il üçəm dünyaya gələndə Binəqədi rayonunda yerləşən xəstəxanada daha betəriylə üzləşiblər. Doğuş vaxtı alınan rüşvət bir yana, dünyaya gətirdiyi gələcəyin iki əsgəri olan oğlan və bir qıza görə həkimlərdən eşitdiklərini ana hələ də yadından çıxara bilmir. Üçəm doğulanda gənc qadın ağlayıb ki, mən indi bu dörd uşağı necə saxlayacağam, ərim fəhlə işləyir, qazancı heç yeməyimizə çatmır. Həkim onun dediklərinə qulaq asaraq sadəcə belə reaksiya verib: “Niyə doğdun, bir uşağın var idi, bəs deyildi? Vaxtında ”abort” elətdirəydin…”.
Evin xanımı Məlahət Əliyeva deyir ki, vəziyyətləri olduqca ağırdır: “Nəinki yeməyə çörək tapa bilirik, heç uşaqların geyinməyə paltarları da yoxdur. Bütün müraciətlərimiz nəticəsizdir”.
O, etdiyi saysız-hesabsız müraciət məktublarının bir nüsxəsini də bizə göstərir. Məktublar bir deyil, iki deyil. Bəlkə də bu məktublara xərclədikləri pulları üst-üstə toplasaydılar, özünə bir gün ağalayardı. Neyləsin ki, o da çoxlu həmvətənləri kimi bu hökumətə inanıb. Hələ indi anlamağa başlayıblar ki…
Vahiməli gənclik
Bir böyük zal, iki kiçik otaq, tavanı uçuq-sökük, ayaqyolusu və hamamı o qədər təmiz olmayan balaca, heç orta təmirli olmayan ev də bu ailənin deyilmiş. Yaxın zamanlarda, özü də çox yaxında bu evdən çıxıb kirayələrə üz tutmalıdır. Çünki evin sahibi – Eldənizin qardaşı ailə qurub öz evində yaşamaq istəyir. Qınanılası bir şey yoxdu. Adam öz evinə qədəm basmaq istəyir.
Yeməyə çörək və geyməyə paltar tapa bilməyən ailənin bundan sonrakı taleyi daha acınacaqlı olacaq. Özləri isə bu barədə heç düşünmək istəmirlər. Çünki düşündükcə qaranlıq gələcək iç dünyalarına vahimə salır.
***
Dörd uşaqlı… böyüyünün 7, üçəmlərin 2 yaşı olan bir ailədən ayrılırıq. Əlihüseyn, Məhəmməd, Həsən və Zəhra bizi necə qarşılamışdılarsa, elə də yola saldılar. Yəqin ki, biz evi tərk edəndən sonra anaları onlara üst geyim əvəzinə geyindirdiyi alt paltarlarını çıxardacaq ki… Axı başqa paltarları yoxdu…
Ramin DEKO
P.S. Ailənin vəziyyəti ilə maraqlanmaq istəyənlər bu nömrələrə zəng vura bilərlər:
(99 450) 616 36 29; (99 455) 674 46 07. İlham Rəsulzadə