Suriya müxalifəti xalqı dinc mübarizəyə çağırdı; Ankarada gizli toplantı keçirildi
NATO Türkiyəni qoruyacağını ifadə etdi
Suriyada Bəşər Əsəd rejimi ilə müxaliflər arasında atəşkəs elan olunmasına baxmayaraq, ölkənin müxtəlif yerlərində silah və partlayış səslərinin eşidildiyinə dair xəbərlər yayılıb. Qarşıdurmalar dayansa da, müxaliflər şəhər küçələrində tankarın hərəkət etdiyini bildirib.
Insan Hüquqları təşkilatının sözçüsü Əbu Ibrahim paytaxt Dəməşq və ətraf şəhərlərdə hərbi əməliyyatların dayandığını, ancaq əsgərlərin küçələrdən çəkilmədiyini söyləyib. Suriya Inqilab Şurası isə Həma şəhərində 3, Idlibdə 1 nəfərin öldürüldüyünü açıqlayıb. Dövlət televiziyası da yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində 1 zabitin öldüyünü, 24 hərbçinin yaralandığını bildirib.
Müxaliflərin vahid qurumu olan Suriya Milli Şurası xalqı dinc etiraz aksiyalarına qatılmağa çağırıb. Daxili Işlər Nazirliyi isə bəyanat yayaraq, müxalifləri təslim olmağa səsləyib. “Əli çox qana bulaşmamışlar əfv olunacaqdır”, – deyə nazirliyin bəyanatında qeyd olunub. Nazirlik həmçinin vətəndaşlardan xarici mediada yayılan xəbərlərə inanmamalarını istəyib.
Bu arada, ABŞ Bəşər Əsəd rejiminin əməliyyatlara son qoyaraq, qoşunlarını şəhərlərdən çıxarmalı olduğunu bəyan edib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Süzan Raysın sözlərinə görə, hökumət qüvvələrinin atəşi dayandırması Kofi Annanın 6 maddədən ibarət planının həyata keçirilməsi sayıla bilməz və Suriya ordusu şəhərlərdən çıxmalıdır. O, ilk növbədə müxalifətin yox, Suriya rejiminin öhdəliklərinə tam əməl etməli olduğunu söyləyib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Çinə səfəri zamanı Bəşər Əsədə xitabən “Bizi çox məcbur etmə” mesajından sonra Ankarada gizli toplantı keçirilib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi toplantıya Silahlı Qüvvələrin baş qərargah rəisinin müavini Hulusi Akar da qatılıb. Suriya əsgərlərinin Türkiyə ilə sərhəd bölgədə hərbi əməliyyatlar keçirilməsinə cavab addımının müzakirə olunduğu toplantıya, Daxili Işlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və digər qurumların rəhbərləri də dəvət olunub.
BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan isə Türkiyədən Irana yollanıb. Annan Iran prezidenti Mahmud Əhmədinejadla görüşüb. Görüşdə Suriya başda olmaqla, dünya və bölgə ilə bağlı məsələlər müzakirə edilib. Xüsusi nümayəndə iki günlük səfəri ərzində Iranın xarici işlər naziri Əli Əkbər Salehi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə də görüşüb. Hər iki görüşdə Suriyada yaranmış böhranın aradan qaldırılması üçün irəli sürülən 6 maddəlik Annan planı, məsələnin həllində uzlaşma yolları müzakirə olunub.
NATO təmsilçisi Karmen Romero da Suriyanın Türkiyənin sərhədini pozması məsələsinə münasibət bildirib. O, NATO-nun müttəfiqlərinin təhlükəsizliyinə ciddi yanaşdığını deyib. NATO-nun Belçikadakı baş qərargahında “5-ci maddə”nin müzakirəsi də aparılıb. Qeyd edək ki, “5-ci maddə” NATO ölkələrindən hər hansı biri hücuma məruz qaldıqda digərlərinin müharibədə iştirakını nəzərdə tutur.
Turan