“Akademkitab”ı kim satıb

Dəyərli köşə yazarı, yoluna bağlı adam Xaliq Bahadır mənə “Akademkitab”ın satılması haqda deyəndə çaşıb qaldım. Ona çaşdım ki, bizim kitablarımızı almayanlar, onları satılmağa qoymayanlar kitablarımızın satıldığı dükanı topdan alıblar. Yəni, bizim də kitablar onun içində.
Zaman o zamandı ki, indi “satılıb” sözünü eşidən kimi adamın ağlına əqidəsini, cəbhəsini, ideallarını, mənəviyyatını bugünkü iyrənc rejimə satan insanlar gəlir. Bu satqınlığın özü də bir növ alver olsa da, sözün həqiqi mənasında iqtisadi termin olan “satış, satmaq, satılmaq” adamın ağlına öz birbaşa mənasını yox, məhz siyasi mənasını xatırladır. Yəni burada “satılıb” “dönük çıxıb” sözünün sinonimi kimi assosiasiya olunur. Xaliq bəyin sözündən az qala, dərhal o mənanı çıxardım ki, demək, biri də satıldı… Və onun indiyəcən satılmamış qalması da təəccübümə səbəb oldu. Bu, eynən ona bənzəyir ki, sovet dövrünün mənasız yazıçı-şairlərinin çoxunu adam lap çoxdan ölmüş bilir, bir də nəşriyyatın kafesində oturub nahar eləyəndə onu “vuran” yerdə görürsən. Məlum olur ki, sənin ölmüş bildiyin yoldaş filankəs, “Komsomol mükafatı laureatı”, qocaman uşaq şairi və ya yazıçısı gözünün qabağındadı, özü də sağlıq deyir. Nə isə. “Kitab”dan çox uzaqlaşdım deyəsən. Gərək elə bir kəlməylə deyəydim ki, “Akademkitab”ın indiyəcən satılmamış qalması məni çox heyrətləndirdi.
Xaliq bəyin yazısından yeni bir bilgi aldım: demə, Hökumət evinin yanındakı “Kitab evi”ni PA-nın məsul vəzifəli şəxsi yoldaş Həsənov alıbmış, ya boşaltdırıbmış. Fərqin nə qədər olduğunu o özü bilər. Ancaq “Akademkitab”ı kimin alması hələ bəlli deyil. Ancaq bununçün baş sındırmağa dəyməz. Onsuz da hər şeyi bu ölkədə “ONLAR” alırlar. Özü də su qiymətinə. Bizi isə narahat eləyən oranı konkret hansı məmurun alması deyil. Əndişəmiz sonuncu klassik kitab qalasının alınıb qadın alt paltarları dükanına çevrilmək təhlükəsidi. Əlbəttə, Bakıda yeni, modern iş üslubu, oxucu ilə çevik ünsiyyət formaları olan “Əli və Nino” kimi kitab satışı şəbəkəsi var. Ancaq bir “Əli və Nino”yla nə etmək olar? Əliyevçi rejimin it tənbəlinə çevirdiyi oxucu şəhərin o başından bu başına kitab üçün gəlmək fikrində deyil. Hətta “Əli və Nino”yla aralarında 100 metr məsafə olmayan “Akademkitab”ın satılması, sonradan profilini dəyişməsi kitab işinə bomba qoymaqdı. Bu günün ərköyün oxucusu üçün bu 100 metr məsafə çox ciddi uzaqlıq deməkdi.
Aydın məsələdi: bütün müqəddəsliklər kimi bu rejim kitaba da düşməndi. Xalq nə qədər az oxusa, bu hakimiyyətin ömrü bir o qədər uzun olar. Çünki hətta zərrəcə siyasi yükü olmayan kitab belə, insanın təfəkkürünü parlaqlaşdırır, ovxarlayır; parlaq, ovxarlı təfəkkür isə heç vaxt avtoritarizmi, ədalətsizliyi, köləliyi qəbul eləyə bilməz.
Yeri gəlmişkən, o kitabxanada mənim də 20 nüsxə şeir kitabım olub. 2008-ci ildə vermişdim. O vaxtdan bu yana 20 dəfə o dükana baş çəkmişəm, ancaq nə kitablarımı tapa bilmişəm, nə də o kitabların haqqını ala. Belə çıxır, o dükanı alan mənim haqqımın da arxasından keçəcək. Ancaq keşkə dərd elə Xaliq bəyin yığışdırılan, mənim it-bat olan kitablarımızın dərdi olaydı. “Akademkitab” kimi sanballı bir ocağın satılması və profilini dəyişməsi kitaba qarşı qətliamdı, hətta deyərdim, cəbhəsini, əqidəsini satan onlarla, yüzlərlə şəxsin xəyanətindən daha betər faciədi. Bir vətəndaş olaraq, başda Ziyalılar Forumu olmaqla, bütün ziyalılarımızı, intellektual çevrələri bu qətliama qarşı çıxmağa çağırıram. Onlar bizi kitabsız qoymaq yolu tutublar. Bəs bizim kitabsızların qarşısını kəsəcək bir yolumuz yoxmu?