Hakimiyyət xalq üsyanını hansısa qrupların təşkil etdiyi hadisə kimi təqdim etməyə hazırlaşır
Quba hadisələri ilə bağlı maraqlı olaylar baş verir. Bir neçə gün əvvəl rayonda baş verənlərə görə, həbs edilən bələdiyyə sədri Elxan Əliyevin vəkili Kamandar Nəsibov “Turan”a bildirir ki, hüquq-mühafizə orqanlarının rəhbərliyi müdafiə etdiyi şəxsə təzyiq göstərir. Bunun ardınca “Yeni Müsavat” qəzeti məlumat yayır ki, Elxan Əliyev baş prokuror Zakir Qaralova deyib ki, icra başçısı Rauf Həbibovun məlum toplantıdakı çıxışından qubalılar haqda təhqiramiz ifadələrin yer aldığı hissənin kasetini hazırlamağı ona deputat Vahid Əhmədov tapşırıb.
Bu dindirmədə daxili işlər naziri Ramil Usubov da iştirak edirmiş. Bələdiyyə sədrinin dediyinə görə Vahid Əhmədov ona deyib ki, icra başçısının qubalılar haqda söylədiklərini ölkə başçısına göndərəcək.
Vahid Əhmədov bu məlumatı nə təsdiq, nə də təkzib edib. Kamandar Nəsibova gəlincə, o, “Azadlıq”a açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxsə təzyiqlər olması barədə heç bir açıqlama verməyib.
Redaksiyamıza daxil olan məlumatlara görə isə əslində bu xəbərlərdə müəyyən həqiqət payı var. Məsələ burasındadır ki, Qubaya təhkim olunmuş nəqliyyat naziri Ziya Məmmədov rayonda baş verən olayların narazılıqdan doğan üsyan yox, hansısa maraqlı qüvvələrin təşkil etdiyi hadisə olduğunu ciddi-cəhdlə sübut etməyə çalışır. Elxan Əliyevin həbsinin də bununla bağlı olduğu bildirilir. Yəni, Quba sakinlərinin etirazı hansısa qrupun ayağına yazmağa cəhdlər edilir.
Lakin Ilham Əliyevə bunun əksi olan məlumatlar da verilir. Ölkə başçısı isə nə baş verdiyini özü üçün dəqiqləşdirmək məqsədilə hüquq mühafizə orqanlarının rəhbərlərinə məsələ ilə şəxsən məşğul olmalarını tapşırıb. Məhz bu baxımdan prokurorluq və DIN-in rəhbərliyi dindirmədə görünüblər. Həmçinin bildirilir ki, Ilham Əliyevə hansı məlumatın verilməsindən asılı olmayaraq ictimaiyyətə Qubadakı xalq üsyanının təşkil olunmuş hadisə kimi təqdim edilməsinə hazırlıq gedir.
Informasiya şöbəsi