Ən yeni tarixin gizlinləri yoxdur və qalmamalıdır
Bu yerdə mən oxuculara bir məsələni xatırlatmaq istəyirəm. 2000-ci il iyun ayının 4-də ANS telekanalında “Yeni tarix” adlı verilişin çəkilişi gedirdi. Ora Əbülfəz Elçibəy, Isa Qəmbər, Əli Kərimli, Nemət Pənahlı, Şadman Hüseynov, Fəzail Ağamalı və mən dəvət olunmuşduq. Çıxışlarında və suallara cavablarında Nemət Pənahlı etiraf edirdi ki, 1993-cü ilin əvvəllərindən başlayaraq, o, Bakı-Naxçıvan-Gəncə reysi ilə müntəzəm hərəkət edib. O, bu uçuşların məqsədini də açıq şəkildə etiraf edərək, heç nəyi gizlətmirdi. Təbii ki, o, əvvəldən axıra qədər bu hadisələrin içində olmuşdu və Heydər Əliyevin ən sevimli adamlarından birinə də nahaq yerə çevrilməmişdi.
İsa Sadıqov
O, Heydər Əliyev və Surət Hüseynov arasında, az qala, kuryer xidməti göstərirdi. Əlbəttə, “Azadlıq”ın oxucuları bu barədə məlumatlıdırlar və bunu sadəcə, yaddaşları təzələmək üçün qeyd etdim.
Ordu quruculuğu və müharibə ilə bağlı görülməyən işlər
Milli hökumətin ordu və dövlət quruculuğundakı əhəmiyyətli uğurlarıyla yanaşı, həmin zamanlar üçün zəruri olan bir neçə məqama da diqqət yetirmək istərdim. Hər şeyin ən ekstremal vəziyyətlərdə, müharibə şəraitində baş verdiyini nəzərə alaraq, bizim hansı problemlərlə üzləşdiyimizi təsvir etməyimin faydası olar, düşünürəm.
Birincisi, bizim ixtisaslı hərbi kadrlarımızın, zabitlərimizin sayı olduqca məhdud idi. Saxta vətənpərvərlərin Bakı Ali Hərbi Ümumqoşun Məktəbi haqqında şişirdilmiş təbliğatına baxmayaraq, bu məktəbi bitirən bir xeyli azərbaycanlının çox az hissəsi orduya qədər gedib çıxmışdı. Bu məktəbi bitirən azərbaycanlıların əksəriyyəti üçün ən sevimli yer hərbi komissarlıqlar və ya təchizat hissələri idi. Və bu, o zamankı Əliyev dövrünün məntiqilə uzlaşırdı. Çünki həftələrlə, aylarla poliqonlarda sürünən zabitlərdən fərqli olaraq, oralarda daha yaxşı qazanmaq, daha firavan yaşamaq mümkün idi, axı oralarda daha çox pul vardı. Əlbəttə, mən bunu hərbi komissarlıqlarda çalışan və zabit şərəfini qoruyan insanlar haqqında demirəm. Amma belələri də çox az idi…
Bu yerdə sovet ordusundakı zabit heyətinin tərkibilə bağlı müqayisəli təhlil aparmaq istərdim. Bu statistika sovet ordusunda Qafqaz mənşəli zabitlərin kəmiyyəti barədə olacaq. Məsələ burasındadır ki, bunların arasında ermənilər say etibarilə həmişə birinci yerdə olublar, həm də bütün ordu növlərinin tərkibində. Onlar yuxarı zabit heyəti və generallar arasında da ilk sırada olublar. Ikinci yerdə gürcüstanlılar dayanıb və təəssüf ki, bizimkilər üçüncü – sonuncu yerdə olub. Yenə də çox təəssüf ki, bizimkilər yuxarı zabit heyəti və generallar arasında olduqca az idilər.
Indi mən Heydər Əliyevin zamanındakı inkişaf göstəriciləri barədə rəvayətlər uyduranlardan soruşmaq istərdim: necə olmuşdu ki, elə həmin illərdə azərbaycanlıların 80 faizindən çoxu hərbi xidmətini inşaat briqadalarında başa vururdu? Niyə, hansı səbəblərə görə? Axı, heç kim üçün sirr deyildi ki, “stroybat” adlandırılan həmin hərbi hissələr əsasən Azərbaycandan və Orta Asiyadan olan çağırışçılar hesabına formalaşdırılırdı.
Ikincisi, hərbi əməliyyatların geniş kampaniyasına start verildiyi andan hökumət qanunları bir qədər sərtləşdirməli, hərbi dövrün tələblərinə uyğunlaşdırmalı idi – bu, mütləq edilməli idi. Bura kütləvi informasiya vasitələrinin, siyasi partiyaların, hətta parlamentin fəaliyyətinin məhdudlaşdırılması kimi tədbirlər də aid edilməli idi.
Üçüncüsü, vahid hərbi rəhbərliyin təmin edilməsi… Həmin dövrün problemləri aydın idi. Həm müddət çox məhdud idi, həm də milli ordunun formalaşdırıldığı zamana qədərki qəhrəmanlar və “qəhrəmanlar”, hakimiyyət dəyişdiyi ərəfədə özünə bəraət qazandırmaq istəyən çoxlu qruplar vardı. Amma bütün hallarda, bu, zəruri idi və ən əsası, güc strukturları vahid komandanlıqda birləşdirilməli idi.
Nəhayət, hərbi əməliyyatların keçirilməsilə bağlı bütün təminatların yaradılması… O cümlədən də, səfərbərlik, təlim, ehtiyat hissələrin hazırlanması və onların birləşdirilməsi kimi mühüm tədbirlərə daha artıq diqqət yetirmək lazım idi. Bu mühüm məsələlər o zamanın bütün müdafiə nazirlərinin diqqətindən kənarda qalırdı. Onların sayı isə bir qədər çox oldu və heç biri də bu mühüm məsələ ilə bağlı başını ağrıtmaq istəmədi.
Insanlar döyüşmək üçün axışaraq gəlirdilər
O zaman xalqın mənəvi-psixoloji durumu olduqca yüksək idi, adamlar hər yerdən axın-axın gəlir, əllərinə silah alaraq Vətən üçün döyüşməyi özlərinə borc bilirdilər. Bir çoxları könüllü batalyonlarda birləşirdilər. Bu batalyonlar əsasən regional, rayon mənsubiyyəti əsasında yaradılırdı. Məsələn, Qazax, Yevlax, Nizami və s. batalyonları. Buna heç bir halda yol vermək olmazdı. Bu könüllü batalyonlarını dərhal nizami hərbi hissələrə birləşdirmək lazım idi. Insan hərbi komissarlığa gəlib döyüşə yollanmaq istədiyini bildirənə qədər könüllü sayılır. Amma savaşa girdikdən sonra könüllü olaraq qalmaq, “kefim harada istəyir, orada döyüşərəm” anlayışı müharibə məntiqi ilə uzlaşmır. Əlbəttə, bu, bir sıra könüllü batalyonların qazandığı qələbələrin üzərinə kölgə salmır, sadəcə olaraq, prinsiplərə əməl olunmalıdır.
***
Iyun qiyamına gətirib çıxaran hadisələrin təsvirinə keçməmişdən əvvəl istərdim ki, oxuculara bizim coğrafiyada, xüsusilə də Gürcüstanda baş verən bir sıra əhəmiyyətli hadisələri xatırladım. Çünki bu hadisələr Azərbaycandakı dövlət çevrilişi ilə çox bənzərdir.
(ardı var)