Əli Əhmədov özünü itirib

«Müxalifət köhnəlməyib, Əliyev sülaləsi köhnəlib»

Gözəl Bayramlı: «8 aprel mitinqi hakimiyyətin «xalqın müxalifətə dəstəyi yoxdur» fikirlərini tamamilə alt-üst edib»

Ictimai Palatının aprelin 8-də keçirdiyi mitinqdən sonra hakim partiya nümayəndələri müxalifətin ünvanına ittihamlar səsləndirməyə başlayıb. Siyavuş Novruzov və Mübarizə Qurbanlının ardınca YAP icra katibi Əli Əhmədov da müxalifəti qaralamağa çalışıb. Müxalifətin iflasa uğradığını deyən icra katibi insanların aksiyaya dəstək vermədiyini deyib. Ə.Əhmədov müxalifətin mənəvi cəhətdən qocaldığını, ancaq bunu başa düşmək istəmədiyini bildirib.
Onun dediklərinə qarşı tərəfin cavabı özünü ləngitməyib.
AXCP sədrinin müavini Gözəl Bayramlı Əli Əhmədovun öz dedikləri ilə özünü təkzib etdiyini vurğuladı. Çünki qocalan 42 ildir hakimiyyəti zəbt edən Əliyevlər sülaləsidir. Müxalifət isə işlək qurumdur.
Əli Əhmədovun fikirlərində həmişəki kimi heç bir əsasın olmadığını deyən G.Bayramlının sözlərinə görə, bütün dünya hakimiyyətin geriləməsindən, korrupsioner, rüşvətxor nazirlərindən, oliqarxlarından, onların milyardlarından danışdığı halda YAP rəhbərliyi müxalifətin qocalmasından danışır. Bu da təəccüblü deyil. Çünki Əli Əhmədovun danışmaq üçün başqa arqumenti yoxdur: “Mən onları başa düşürəm. 8 aprel mitinqi hakimiyyətin ”xalqın müxalifətə dəstəyi yoxdur” və ya “Azərbaycanda müxalifət yoxdur” kimi fikirlərini tamamilə alt-üst edib. Ona görə də Əli Əhmədov özünü itirib. Bilmir hansı fikirlərlə müxalifətə qarşı öz aqressiyasını ifadə etsin. Amma biz xalqın adından deyirik ki, Azərbaycan müxalifəti yox, 42 ildir hakimiyyətdə olan bir sülalə getməlidir. Hələ müxalifət Azərbaycanda demokratiyanı bərqərar edəcək, bu ölkəni Əliyevlər sülaləsindən xilas edəcək. Əli Əhmədov bu barədə düşünsə, daha yaxşı olar”.

Fizzə