Bir vaxtlar tez-tez “Bizim pulumuz çoxdur” deyən Ilham Əliyev indi də tez-tez bizi varlı elan etməkdədir. Daha dəqiq desək, elan edir ki, Azərbaycanda yoxsulların sayı durmadan azalır və yox olmaqdadır. Bir halda ki, biz yoxsul deyilik, deməli, varlıyıq…
Yoxsulluq səviyyəsinin azaldılması məsələsi indi iqtidar təbliğatının əsas arqumentinə çevrilir. Nə vaxtsa Ümumi Daxili Məhsulun artım sürəti dəbdə idi. Lakin bu mənasız göstərici üzrə Özbəkistan Azərbaycanı geridə qoyandan sonra söhbət dəyişdi. Indi də iş yerlərinin sayının 1 milyona çatması arxa plana keçir. Bütün “diqqət və qayğı” yoxsulların sayının azaldılması məsələsinə yönəlib.
Yeni iş yerlərinin sayının guya 1 milyona yaxınlaşması xəbəri özü bu söhbətin tezliklə arxa plana keçəcəyini deyirdi. Çünki bu iddia artıq gülüş və təəccüb yox, qəhqəhə və nifrət yaradır. Illərdir ölkədə rəsmən 1 milyon 300 min civarında adam işləyirsə, bu qədər yeni iş yerinin açılması iddiası artıq faydalı yalan olmaq gücünü itirir. Həm də artıq bu qədər böyük kəmiyyət keyfiyyət dəyişikliyinə gətirmirsə, hətta sabah durub 9 milyon yeni iş yerinin açıldığını bəyan etsən də, fərq etməyəcək. Yeni iş yerləri mövzusu artıq manipulyasiya elementi olmaq rolundan çıxıb, baş ağrısına çevrilir. Hərə bir ərizə yazıb üstünə gəlir ki, ay hökumət, işsizəm, milyonlarla yeni iş yerindən birini də mənə ver.
Yoxsulluq məsələsi isə hələlik təbliğat və manipulyasiya xammalı sayıla bilər və bu səbəbdən də Ilham Əliyevin dilindən düşmür. Hökumətin Milli Məclisə hesabatında bu sahədə ən son nəticə elan edilib. Görünməmiş nəticədir. Martın 16-da açıqlanan həmin hesabatda deyilir ki, ölkədə yoxsulluğun səviyyəsi 7 faizə enib.
Maraqlıdır, Avropa dövlətləri da hələ belə bir “uğura” imza atmayıb. ABŞ-da yoxsulluq səviyyəsi 15 faiz ətrafındadırsa, Azərbaycanda bu göstərici necə 7 faiz ola bilər? Gülməli deyilmi? Həmin ABŞ-da sərxoş səfil küçədə əl açaraq bu ölkənin müəlliminin qazancından çox pul əldə edə bilirsə, görəsən biz bu ölkəni necə geridə qoymuşuq?
Amma bizim hakimiyyət guya çox ağıllı tərpənərək, yoxsulluğun səviyyəsini müəyyən etmək üçün əcaib bir göstəricini – özünün müəyyən etdiyi minimum yaşayış səviyyəsini götürür. Bundan da böyük hiylə yoxdur.
Tutaq ki, orta statistik ailənin (4 nəfər) adambaşına 108 manat gəliri var. Bu, 432 manat (ildə təxminən 5500 dollar) edir. Hökumət iddia edir ki, bu adamlar yoxsul deyil. 432 manat aylıq gəlir 4 nəfərlik ailənin minimum ərzaq ehtiyaclarını ödəyə bilər. Bəs qalan ehtiyaclar?
Bəs uşağın repititor pulu?
Bəs müalicə üçün Irana getmək xərci?
Məgər bu pula ailə üstəlik normal içməli su ala bilər? Varmı Azərbaycanda hamının içməli suyu?
Bu ailə ayda internetə 15-20 manat ödəyə bilər?
Axı bir ölkədə normal və keyfiyyətli xidmətlərə, təhsilə, səhiyyəyə insanların çıxış imkanları yoxdursa, bu qədər gəlirlə necə yoxsulluğun daşını atmaq olar?
Təsəvvür edin ki, həmin ailədə övladların ikisi də pullu ali məktəbə daxil olur. Bu halda ailə 5500 dollar illik gəlirinin təxminən 3000 dollarını uşaqların təhsil haqqına ödəyəcək. Bəs il boyunca qalan 2500 dollara 4 nəfər necə yaşayacaq? Deyə bilərsiniz ki, bu ailə uşaqlarını oxutmasın. Yaxşı, oxutmasın! Bəs onda bu ailə niyə varlı ailə hesab edilir? Niyə bu ailə yoxsul sayılmır?
Bizim ölkə əhalisinin təkcə 4,4 faizi rəsmən əlildir. Bu adamların böyük əksəriyyəti isə potensial yoxsuldur. Bütün dünyada qəbul edirlər ki, bir nəfər əlilin olması əksər ailələri yoxsulluq həddinə çatdırır.
Bunun üstünə işsizləri gəlin.
Bütün dünyada yoxsulluq üçün risk qruplarından biri də siyasi ayrı-seçkiliklə üzləşənlərdir. Azərbaycanda ciddi bir kəsim ayrı-seçkilik səbəbindən məhrumiyyətlərlə üzləşir. Bu sırada olan yoxsullar necə oldu bəs?
Mən bütün risk qruplarını xatırlamıram. Yalnız bir neçəsini cəmləmək bəs edir ki, Azərbaycanda yoxsulluq səviyyəsinin qat-qat artıq olduğu aydın olsun. Amma belə çıxır ki, müxtəlif saxta üsullarla ölkənin yoxsullarını varlı elan etmək indi bizim iqtidarı xoşbəxt edir.

İlham Əliyev niyə bizim varlı olduğumuzu elan edir?
•