“Yol polisləri Baş Prokurorluğu mühasirəyə almışdı”

Əyyub Kərim: «Əli Ömərov Heydər Əliyevə müraciətində yazırdı ki, Vaqif Novruzovun əməlində Cinayət Məcəlləsinin 5 maddəsində nəzərdə tutulan cinayətlərin tərkibi var»

Sabiq daxili işlər naziri Vaqif Novruzovun “Yeni Müsavat” qəzetinə müsahibəsi hələ də müzakirə mövzusudur. Bunun səbəbi Vaqif Novruzovun qəfil danışması və o zaman yüksək vəzifə tutan bir sıra şəxslərin ünvanına ittihamlar səsləndirməsidir. Həmin dövrü incəliklərinə qədər bilən və Vaqif Novruzov barədə araşdırma yazılar yazan “Femida 007″ qəzetinin baş redaktoru, tanınmış hüquqşünas Əyyub Kərim isə sabiq nazirin müsahibədə səsləndirdiyi müəyyən fikirlərin əsassız olduğunu bildirir. Beləliklə, Əyyub Kərim həmin dövrdə baş verənlər barədə danışır:  

– Hər şey “Femida” qəzetində dərc edilən bir yazıdan başladı. Yeri gəlmişkən, qeyd edim ki, biz həmin dövrdə Vaqif Novruzovdan başqa təhsil naziri Lidiya Rəsulova, səhiyyə naziri Əli Insanov və digər məmurlar barədə tənqidi yazılar dərc edirdik. Bunu ona görə qeyd edirəm ki, biləsiniz ki, təkcə Vaqif Novruzov deyil, işində nöqsana yol verən bütün məmurlar “Femida” qəzetinin hədəfində idi. Və qəzetdə bu və ya digər məmurlar haqqında dərc edilən araşdırma və tənqidi materiallar sifariş deyildi.
Deməli, qeyd etdiyim kimi hər şey “Femida”da dərc edilən bir məqalədən başlandı.

– Söhbət hansı məqalədən gedir?
– Bu məqalə “Gənclik” metrostansiyasının yaxınlığında yol polisinə məxsus avtomobil dayancağındakı mənimsəmələr barədə idi. Biz bu yazını dərc etdikdən sonra Respublika Prokurorluğundan faktın araşdırılmasını xahiş etdik. Prokurorluq da araşdırmalara başladı. Bundan sonra Bərdənin və Ağdaşın sabiq polis rəisi Rafiq Əkbərov redaksiyamıza Vaqif Novruzovun ondan rüşvət tələb etməsilə bağlı müraciət ünvanladı. Müraciət belə adlanırdı: “Kimin dolları yoxsa polis rəisi vəzifəsi barədə düşünməyə belə dəyməz”. Məsələ belə idi ki, cəbhə hakimiyyətinin sonlarında Rafiq Əkbərov Bərdədən Ağdaşa rəis təyin olunmuşdu. Lakin hakimiyyət dəyişdiyindən o, vəzifəsinin icrasına başlaya bilməmişdi. Və Vaqif Novruzov nazir təyin olunanda ona bu barədə müraciət etmişdi. Lakin nazir ondan pul tələb etmişdi. Rafiq Əkbərov pul vermədiyinə görə sərəncama götürülmüşdü. Biz Rafiq Əkbərovun müraciətini 30 oktyabr 1993-cü il tarixli sayımızda dərc etdik. Bunun ardınca redaksiyamıza Vaqif Novruzov barəsində daha bir ilginc məlumat daxil oldu. Həmin məlumatda bildirilirdi ki, nazir erməni əsilli qohumunu azərbaycanlılaşdırıb. Həmin yazı belə adlanırdı: “Marqonun oğlu Karen kimin əli ilə azərbaycanlı oldu?”. Bir qədər sonra Vaqif Novruzovun başqa bir qohumunun saxta yolla akademiyaya qəbul olunması barədə yazdıq. Bu yazıların hər biri Respublika Prokurorluğuna da göndərilmişdi və biz tələb edirdik ki, araşdırma aparılsın. Təbii ki, bizim burada marağımız yalnız və yalnız qanunçuluğu müdafiə etmək idi. Sonuncu yazıdan sonra, daha dəqiqi 17 noyabr 1993-cü ildə  “Respublika” qəzetində DIN-in bəyanatı çap olundu. Həmin bəyanatda iddia olunurdu ki, “Femida” qəzetində yazılanlar böhtandır. O zaman “Respublika” qəzetinin baş redaktoru Rusvat Bayramov idi. Mən ondan tələb etdim ki, bizim də mövqeyimizi dərc etsin. Biz bildirdik ki, Vaqif Novruzovu  dinləməyə hazırıq. Həmin bəyanatda mənim həyatıma hansısa təhlükənin ola biləcəyi barədə də məqam var idi. Həmin məqam təxminən belə idi ki, mən Vaqif Novruzovla yanaşı başqa nazirlərdən də yazıram. Və maraqlı qüvvələr bundan istifadə edə bilər.

– Ümumiyyətlə, belə bir təhlükə var idimi? Vaqif Novruzov bu yazıların dayandırılması üçün hansısa addımlar atırdımı?
– Təbii ki, mən ehtiyatlı tərpənirdim. O zaman ölkədə vəziyyət çox gərgin idi. Vaqif Novruzov məni izlətdirirdi, telefonlarım dinlənilirdi. Düşünürdüm ki, həyatıma hansısa təhlükə ola bilər. Ona görə də Respublika Prokurorluğuna müraciət etmişdim. Vaqif Novruzovun yazıları dayandırmaq cəhdlərinə gəlincə, bəli belə cəhdlər var idi. Bir faktı deyim. Vaqif Novruzova yaxın olan sabiq polis işçilərindən biri tez-tez bizim redaksiyaya gəlirdi. Bir dəfə o mənə dedi ki, nazir yazıların dayandırılması müqabilində 5 polis rəisi vəzifəsinə sizin dediyiniz adamları qoymağa hazırdır. Mənim isə cavabım belə oldu ki, biz bir polis rəisi vəzifəsinin neçəyə olduğunu “bazarkom”un öz dilindən eşitmək istəyirik. Bu halda həmin şəxs mənim otağımdan nazirə zəng etdi və fikirlərimi onun diqqətinə çatdırdı. Lakin Vaqif Novruzov bu barədə telefonda danışmaq istəmədiyini deyərək dəstəyi asdı.

– Söylədiniz ki, həyatınıza təhlükə ola biləcəyi barədə Respublika Prokurorluğuna müraciət etdiniz…
– Bəli mən rəsmi müraciət etdim və maraqlıdır ki, Respublika Prokurorluğu həmin müraciəti Bakı Şəhər Baş Polis Idarəsinə göndərdi. Məni şəhər polisinə çağırdılar və cinayət axtarış şöbəsinin rəisi, yaxud rəis müavini, dəqiq yadımda qalmayıb, Nazim Yolçuyevin qəbulunda oldum. Bir maraqlı məqamı deyim. Mən onun qəbuluna yoxlanılmadan keçdim.

– Sizi niyə yoxlamadılar?
– Vaqif Novruzov daxili işlər orqanlarında elə bir şərait yaratmışdı ki, həm nazirlikdə, həm də şəhər polisində ona qarşı qüvvələr var idi. Faktiki olaraq idarəçilik yox idi . Mənim yoxlanılmadan keçməyimin səbəbi də bu idi.
Mən Nazim Yolçuyevin qəbulunda olarkən o, mənə bildirdi ki, həyatınıza təhlükəni kimdən gözləyirsiniz, yazın araşdıraq. Mən də yazdım ki, həyatıma təhlükə yarada biləcək şəxs daxili işlər naziri Vaqif Novruzovdur. Bu Nazim Yolçuyevin hiddətlənməsinə səbəb oldu və o mənə hədə-qorxu gəlməyə  başladı. Məni həbs edəcəyi ilə hədələyirdi. Bildirdim ki, axı heç bir əsasınız yoxdur. O isə cavabında dedi ki, Isa Qəmbəri də həbs edəndə o belə deyirdi, lakin biz onu həbs etdik. Söhbətin bu gərgin yerində Əli Ömərov Nazim Yolçuyevin otağına zəng elədi.

– Bu təsadüf idi?
– Xeyr. Mən şəhər polisinə gedəndə, hər ehtimala qarşı Respublika Prokurorluğuna bildirmişdim ki, hər hansı olay baş versə, məsuliyyəti bu qurum daşıyır. Çünki mən müraciəti məhz bu quruma etmişəm.

– Deməli, Əli Ömərovun zəngi sizinlə bağlı narahatçılıqdan irəli gəlirdi…
– Bəli. Nazim Yolçuyev ona yalan danışmağa başladı. Lakin Əli Ömərov ondan dəstəyi mənə verməsini tələb etdi. Mən də telefonda hədələrə məruz qaldığımı onun diqqətinə çatdırdım. Bundan sonra Nazim Yolçuyev tonunu dəyişdirdi. Sakit səslə bildirdi ki, axı mən tabe olduğumu şəxsi – Vaqif Novruzovu bura necə çağırım?! Mən də bildirdim ki, bəs onda məni niyə çağırmısınız? Bu söhbət beləcə qeyri-müəyyən qaldı.

– Respublika Prokurorluğunun sizin yazılarla bağlı araşdırmaları nə yerdə qaldı?
– Prokurorluq Vaqif Novruzov barədə cinayət işi başladı.

– Amma Vaqif Novruzov bunu təkzib edib…
– Mən söhbətə başlayanda bildirdim ki, Vaqif Novruzov müsahibə verərkən keçmişdə baş verənləri “unudub”. Respublika Prokurorluğu məhz Vaqif Novruzov barəsində cinayət işi başlamışdı. Biz 1994-cü ilin yanvarın 22-də məlumat dərc etdik ki, Vaqif Novruzov barəsində cinayət işi başlanıb. Fevralın 5-də bu barədə növbəti məlumat dərc etdik. Bu məlumat əvvəlkinin təsdiqi idi. Cinayət işi “Gənclik”də yerləşən avtomobil dayanacağındakı mənimsəmələrlə bağlı başlanmışdı. Hətta Dövlət Yol Polisi Idarəsinin o zamankı rəisi Tofiq Hüseynov prokurorluq tərəfindən saxlanılmışdı. Həmin vaxt maraqlı bir hadisə baş vermişdi. Respublika Prokurorluğunun polisə nəzarət idarəsinin rəisi Şükür Rzayevdən Tofiq Hüseynovun saxlanılacağı barədə məlumat sızmışdı. Tofiq Hüseynov da fürsət tapıb DIN rəhbərliyinə məlumat vermişdi. O, prokurorluqda olanda Respublika Prokurorluğu yol polisi maşınları ilə mühasirəyə alınmışdı. Prokurorluq əməkdaşları ilə polis arasında gərginlik yaşanmışdı. Prokurorluq Tofiq Hüseynovu sərbəst buraxmağa məcbur olmuşdu. Lakin bir neçə gün sonra Tofiq Hüseynov yenidən həbs olundu. Artıq bu dəfə Vaqif Novruzov onun həbsinə mane ola bilmədi.
1994-cü ilin aprelin əvvəlində isə baş prokuror Əli Ömərovun mərhum Heydər Əliyevə müraciəti əlimizə keçdi. Həmin müraciətdə Heydər Əliyevin diqqətinə çatdırılırdı ki, istintaq tam sübuta yetirmişdi ki, Vaqif Novruzovun əməlində Cinayət Məcəlləsinin 5 maddəsində – 15.86-cı maddənin 3-cü hissəsi (dövlət əmlakının talan edilməsinə sui-qəsd), 167-ci maddənin 2-ci hissəsi (vəzifəli şəxsin hakimiyyət və qulluq mövqeyindən sui-istifadə etməsi) 168-ci maddənin 2-ci hissəsi (hakimiyyət və qulluq mövqeyini aşmaq), 17.170 maddənin 3-cü hissəsi (külli miqdarda rüşvət verməyə təhrik etmək) və 172-ci maddədə (vəzifə saxtakarlığı) nəzərdə tutulan cinayətlərin tərkibi var. Müraciətdə daha sonra qeyd olunurdu ki, Vaqif Novruzov nəinki daxili işlər orqanlarında, həmçinin ictimaiyyət arasında nüfuzunu itirib. Əli Ömərov Heydər Əliyevdən onu vəzifədən azad edərək cinayət məsuliyyətinə cəlb olunması üçün Milli Məclisə təqdimat göndərməyə icazə verməyi xahiş edirdi.
O zaman Vaqif Novruzov həm də deputat idi. Biz bu müraciəti çap etdikdən sonra Milli Məclisdə böyük hay-küy qopdu. Hətta parlamentin bir iclası az qala bütövlükdə “Femida” qəzetinə həsr olundu. Bir çox deputatlar, o cümlədən Cümşüd Nuriyev bizim əleyhimizə danışdı. Biz yazmışdıq ki, Vaqif Novruzov bəzi deputatları ələ almağa cəhd edəcək. Cümşüd Nuriyev isə bildirmişdi ki, “Femida” qəzeti deputatları rüşvət almaqda ittiham edir. Həmin iclasda Respublika Prokurorluğundan tələb edilmişdi ki, Əli Ömərovun Heydər Əliyevə müraciətinin bizim əlimizə hardan düşməsi araşdırılsın. Eyni zamanda  Milli Məclis aparatının sədri Səfa Mirzəyevdən tələb olunmuşdu ki, bu məsələ ilə bağlı xüsusi komissiya yaradılsın. Lakin Səfa Mirzəyev bu məsələnin Milli Məclisin səlahiyyətinə aid olmadığını deyərək tələbi rədd etmişdi. O, bildirmişdi ki, Respublika Prokurorluğu araşdırma aparsın və müraciətin “Femida”ya necə ötürülməsinə aydınlıq gətirsin. Təbii ki, bu məsələ qapandı. Çünki biz səhv məlumat yaymamışdıq. Ona görə ki, yaydığımız materialla müraciətin mətni tam üst-üstə düşürdü. Müraciəti necə əldə etməyimiz barədə isə heç kimə hesabat verəsi deyildik. Bu “KIV haqqında” Qanuna tamamilə ziddir. Bu ərəfədə mənim Vaqif Novruzovla görüşüm oldu.

– Sizin təşəbbüsünüzlə?

Vidadi Məmmədov

(ardı növbəti sayımızda)