Qubalılarla bağlı videokaseti Vahid Əhmədov hazırlatdırıb?

Həbs edilən bələdiyyə sədrinin istintaqda deputatı ifşa etdiyi bildirilir

Quba hadisələrində əsas təqsirkarlardan biri kimi təqdim edilən və həbs olunan Quba bələdiyyəsinin sədri Elxan Əliyev istintaq zamanı deputat Vahid Əhmədovun adını çəkib.
Bu barədə “Yeni Müsavat” qəzetinə məlumat istintaqa yaxın qaynaqlardan daxil olub. Mənbənin məlumatına görə E.Əliyev baş prokuror Zakir Qaralova deyib ki, icra başçısı Rauf Həbibovun məlum toplantıdakı çıxışından qubalılar haqda təhqiramiz ifadələrin yer aldığı hissənin kasetini hazırlamağı ona V.Əhmədov tapşırıb. Bu dindirmədə daxili işlər naziri Ramil Usubov da iştirak edirmiş. Bələdiyyə sədrinin dediyinə görə V.Əhmədov ona deyib ki, icra başçısının qubalılar haqda dediklərini prezidentə göndərəcək. Məlumatda o da qeyd olunur ki, hazırda istintaqın bələdiyyə sədrinin bu iddiası ilə bağlı necə hərəkət etdiyi barədə məlumat yoxdur: “Vahid Əhmədov Quba hadisələri zamanı etirazları sakitləşdirmək üçün əsas rol oynayanlardan biri idi. Məhz onun rayon əhalisinin qarşısına çıxması, onları sakitləşdirməsi və həmin gün tutulanların buraxılmasına nail olması bütün gün ərzində davam edən çaxnaşmaları yatırmışdı. Vahid Əhmədov bu hadisələr zamanı demişdi ki, prezident tərəfindən rayona göndərilib və qubalıların tələblərini haqlı sayır. Deputat icra hakimiyyəti başçısının fəaliyyətindən narazı olduğunu da gizlətməmişdi və demişdi ki, onun qubalıları təhqir etməsi birinci dəfə deyil”.
Məsələ ilə bağlı dünən V.Əhmədova müraciət edib məlum iddia ilə bağlı onun da fikirlərini öyrənməyə çalışdıq. Hüzr məclisində olduğunu deyən deputat cavab verməkdən imtina etdi. Onunla nə vaxt əlaqə qura biləcəyimizi soruşanda isə cavab belə oldu – “bilmirəm, yas yerindəyəm”.