“Bu ölkədə vicdan məhbusları var. Bu Avropa mədəniyyətinə tamamilə ziddir”
Estoniya televiziyasında (ETV) çıxış edən ölkə parlamentinin üzvü və Avropa Şurası parlament assambleyasının məruzəçisi Andres Herkel Azərbaycan hökumətini tənqid atəşinə tutub.
“Qafqazinfo”nun məlumatına görə, Herkel ölkə vətəndaşları barəsində çıxarılan cəzaları pisləyib.
“Vətəndaşlar dinc yolla öz tənqidi fikirlərini ifadə edirlər. Gənc bloqqerlərin bütöv bir qrupu mövcuddur ki, müəyyən mənada öz bloqlarında hökuməti tənqid edirlər və ya etiraz aksiyasında iştirak etmək istəyən insanlara dəstək nümayiş etdirirlər”.
Parlament nümayəndəsi bu il Bakıda keçiriləcək “Avroviziya” müsabiqəsinə də toxunub: “Azərbaycan Avropada kifayət qədər məşhur olan müsabiqəni təşkil edir. Bundan ölkədəki siyasi problemlərə diqqət çəkmək üçün istifadə etmək lazımdır”.
O, Avropa Yayım Şurasına bu məsələni aktuallaşdırmağı məsləhət görüb: “Hesab edirəm ki, milli nümayəndə heyətləri gələnə qədər bu problemlərdən xəbərdar olunmalıdır. Bu ölkədə vicdan məhbusları var. Bu Avropa mədəniyyətinə tamamilə ziddir”.