ARDNŞ rəsmisi: «Bizim ərazilərdən təkcə Heydər Əliyev Fonduna yox, Metropolitenə və digər dövlət qurumlarına da yer ayrılır»
ARDNŞ-ın Hüquq Idarəsinin rəisi Eldar Orucov mədən ərazilərində şirkətin apardığı söküntü işlərinə aydınlıq gətirmək üçün ötən gün mətbuat nümayəndələri ilə görüşdü. E.Orucov bildirdi ki, ARDNŞ ərazisində yaşayan sakinlərin evlərinin sökülməsi ilə bağlı məhkəməyə 22 min iddia veriblər. “15 min sakini məhkəməyə vermişik, 7 min sakinin məhkəməyə verilməsi üçün hazırlıq işləri gedir. Nizami rayonunda 179 (131 barədə qətnamə çıxarılıb), Balaxanıda 6.300, Xətaidə 444 məhkəmə işi var. Nizami, Xətai rayonlarında vətəndaşlarla görüşmüşük. Onlara pulsuz hüquqi yardım təklif etdik. Hazırda 100-dən çox hüquqşünasımız bu işlə məşğuldur. Onlar hansı sakinlərdə sənəd tapıblarsa, məhkəməyə təqdim ediblər. Onlara təzminatla bağlı yardımçı olacağıq”.
E.Orucov bildirib ki, söküntü işlərini 2006-cı ildən genişləndiriblər. Söküntüyə səbəb şirkətin neft-qaz əməliyyatlarını apara bilməməsidir. “Məqsədimiz kimisə evsiz-eşiksiz qoymaq deyil. Biz həmin ərazilərdə neft-qaz əməliyyatlarını həyata keçiririk. Sakinlər yolu tikintilərlə kəsiblər. Həmin ərazilərdən texnika keçə bilmir. Biz də beynəlxalq şirkətlərlə müqavilə imzalamışıq. O öhdəlikləri yerinə yetirməliyik. ”Binagadi Oil”dən yüzlərlə müraciət daxil olub. Onlar işləyə bilmirlər. Biz müqavilə bağladığımız şirkətlər ərazini mühafizə etmək üçün öhdəlik daşımırlar. Ərazidə yeni quyular qazılmalıdır. Məskunlaşmaya görə biz bunu edə bilmirik. Əlimizdə məhkəmə qərarı olsa da bunu etmirik. Beynəlxalq sazişlərin tələblərini vaxtlı-vaxtında yerinə yetirməsək, təzminat ödəməliyik”.
ARDNŞ rəsmisi bildirib ki, evlərin söküntüsündən sonra da tikinti işi dayandırılmayıb. “Binəqədi və digər yerlərdə tikinti işləri davam edir. Biz istəyirik ki, həmin ərazilər ev olmadan yarımçıq tikili şəkilində sökülsün. Biz bunun üçün hüquqi baza yaratmağa çalışırıq”.
Şirkət rəsmisi deyib ki, əvvəllər mədən ərazilərində tikintiyə icazə verdiklərinə görə bələdiyyə və icra hakimiyyətini məhkəməyə veriblər. Amma məhkəmələr qərar verib ki, onlar məsul tərəf deyillər. “Indi əhaliyə dəyən ziyanı bələdiyyə və icra hakimiyyətləri ödəməlidir” deyə şirkət rəsmisi vurğuladı.
ARDNŞ Binəqədi ərazisində 2005-ci ilə qədər verilən sənədlər qəbul edir. Şirkət 2007-2008-ci illərdən mədən ərazilərinin xəritəsini Əmlak Komitəsinə, Bələdiyyə və Icra hakimiyyətlərinə verib ki, həmin ərazilərdə tikinti qadağandır. Amma sakinlərin bələdiyyə və icra hakimiyyətindən tikintiyə razılıq sənədləri var.
Daha sonra mətbuat işçiləri Eldar Orucova suallar verdilər.
– Neft Şirkəti ərazidə söküntü işləri apararkən niyə vətəndaşlara xəsarət yetirir?
– Bizim işçilər müqavimətə cavab verirlər. Vətəndaşlar onlara güc tətbiq edir, daş atırlar, onlar da belə müdafiə olunurlar. Təbii ki, döyülmə faktı cinayət məsuliyyəti yaradır. Əsassız yerə vətəndaşa xəsarət yetirən işçilərimizi cəzalandırırıq.
– Sizcə 52 yaşlı qadın sizin gənc və fiziki cəhətdən möhkəm olan işçilərinizə necə zor tətbiq edə bilərdi? Onun qolları göm-göy edilib. Işçilərimizin başqa çıxış yolları var idimi? Hər halda qadını normal şəkildə evindən çıxarmaq olardı…
– …
– Konstitusiyamızda vətəndaşın yaşama hüququnun olduğu göstərilib. Avropa Məhkəməsinin vətəndaşın mülkiyyət hüququnu qoruduğunun şahidi olmuşuq. Bəs bizdə niyə bu hüquq tanınmır?
– Qanunvericiliyə görə, bizim o evləri uçurmağa haqqımız var. O ərazi Dövlət Neft Şirkətinə məxsusdur. Biz o əraziləri beynəlxalq şirkətlərin istifadəsinə vermişik. Həmin ərazilərdə tikilən evlərdən biri azalırsa, biz buna sevinirik. Demək, bizim bir işimiz azalır.
– Əgər ərazi “Binagadi OIL”ə aiddirsə, o zaman həmin ərazidə dövlət qurumlarının iş aparması üçün icazəni kim verir?
– Biz şirkətlə bu barədə razılığa gəlirik. Bu tikintilər üçün problem yaradılmır. Torpaq Komitəsi və Ədliyyə Nazirliyi ərazinin mühafizə xəttinə düşüb-düşməməsi ilə bağlı rəy verir. Bizim ərazilərdən təkcə Heydər Əliyev Fonduna yox, Metropolitenə və digər dövlət qurumlarına yer ayrılıb.
– Sulutəpə ərazisində Milli Məclisin spikeri Oqtay Əsədovun, Binəqədi rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin, xalq şairi Zəlimxan Yaqubun villası var. Ancaq villa sökülmür…
– Bəzi şəxslər səlahiyyətlərindən istifadə edib tikinti aparıblarsa, bu bizə aid deyil. Onlar sənəd əldə ediblər.
E.Orucov “Sakinlərə sənəd verilmədiyi halda, spikerə necə verilir” sualını cavabsız qoydu.
– Sakinlər Neft Şirkətinin işçilərinin onlardan rüşvət istənildiyini deyirlər.
– Neft Şirkətinin işçilərinə pul vermişik deyənləri məhkəməyə verəcəyik. Onlara qarşı məhkəməyə başlamaq istəmirdik, amma bu ittihamlara görə onları məhkəməyə verəcəyik.
Hüquqşünas Şahin Ismayılov müdaxilə edərək deyir ki, vətəndaş bu haqda hansısa bir dövlət orqanına müraciət etsə, məsuliyyətdən azad olunur.
– Yavər Camalov “Azneft” Istehsalat Birliyinin baş direktoru olan zaman Bakının keçmiş meri Rafael Allahverdiyevə bir sıra ünvanlarda neft-qaz çıxmadığı üçün həmin torpaqların təhvil alınması xahişi ilə müraciət edib. Rafael Allahverdiyev cavab məktubu ilə buna razılıq verib. Indi həmin torpaqlarda evlər tikən şəxslər də evlərindən çıxarılır…
– Birincisi, Yavər Camalovun buna səlahiyyəti yox idi. Bu cür hallar Bibiheybətdə, Binəqədidə və Tağıyev adına qəsəbədə olub. Neft Şirkətinin rəhbərliyindən başqa o torpaqların geri qaytarmaq hüququ heç kimdə yoxdur. Onlar məktubu necə veriblər, nə ediblər, səlahiyyətlərini necə aşıblar, o, məsələnin başqa tərəfidi. O sərəncamları 2010-cu ildə BŞIH öz sərəncamı ilə ləğv edib. Ancaq Tağıyevdə olan sərəncam hələ ki, qalıb. Biz araşdırma apardıq, gördük ki, həmin ərazilərdə neft-qaz var, dövlətə müraciət etdik. Kimin necə iş görməsi bizim səlahiyyətimizdə olan məsələ deyil.
Ramin DEKO