Bəsit sual: yalanla necə mübarizə aparmalı?

Ötən həftə Ziyalılar Forumu redaktorlarla görüş keçirdi. Təəssüf ki, tədbirin gec başlaması və təcili iş dalınca getməyə məcbur olmağım səbəbindən bu müzakirəni hələ başlamamış tərk etməli oldum. Amma mövzu çox maraqlı və aktual idi: Ölkə mediasının vəziyyəti və Forumla media arasındakı qarşılıqlı münasibətlər. Ən maraqlısı odur ki, görüş simvolik olaraq aprelin 7-nə, “Molla Nəsrəddin” jurnalının ilk nəşrinin çıxdığı günə salınmışdı.
Sonradan müzakirələrin gedişini izlədikdə, gördüm ki, hara fırlansa da bu müzakirə yenə də yalan və yalana qarşı mübarizə məsələsinin üstünə gəlib. Yalan ölkəni başına götürübsə, ölkə yalanla idarə edilirsə, bu, tam gözlənilən bir nəticə idi. Amma bu dəfə ziyalılar yalan mövzusunda daha ağrılı, daha qəzəbli, hətta deyərdim ki, daha maraqlı danışırdılar. Orada yalnız Ramiz Rövşənin çıxışını bütünlüklə kağıza köçürsəydik, yalana qarşı çox maraqlı bir esse alınardı. Əkrəm Əylislinin çıxışı da həmçinin. Çıxışlarda yalanın oynadığı rol və yaratdığı mənəviyyatsızlıq haqqında hər şey vardı. Keçmiş deputat Gültəkin Hacıyeva isə gözəl bir müqayisəni xatırlatmışdı: “Ingilis dilində iki artikl var – müəyyənlik və qeyri-müəyyənlik. Ingilis dilində ”yalan” sözü həmişə qeyri-müəyyənlik, “həqiqət” sözü isə müəyyənlik artikli ilə yazılır. Ingilislər bunu belə izah edirlər ki, yalan saysız-hesabsızdır, amma həqiqət həmişə birdir. Ona görə də bu söz müəyyənlik artikli ilə yazılır”.
Görüşdə yalanla mübarizə aparmağın vacibliyi də qeyd edilirdi. Amma necə mübarizə aparmaq haqda danışılmamışdı. Bəs nə etməli? Xüsusi qanunmu çıxarmaq? Həqiqət polisimi yaratmaq? Yalanın ictimaiyyətə meydan oxuduğu bir dövrdə ictimai qınağamı ümid etmək? Yalanın gəlir gətirdiyi ölkədə yalana görə yüksək vergimi təyin etmək? Yoxsa yalanın ömrü uzun olmur deyə, oturub gözləyəkmi?
Doğrunda da, yalana qarşı necə mübarizə aparmaq olar?
Məncə, həmin görüşdən az keçmədən Ziyalılar Forumunun digər təmsilçisi Rüstəm Ibrahimbəyov bu suala cavab vermiş oldu. Hətta bircə kəlmə demədən. Öz hərəkəti ilə. 8 apreldə müxalifətin Bakının kənarındakı mitinqinə gəlməklə.
Tələsməyin, mən demək istəmirəm ki, yalanla mübarizə aparmaq üçün mitinqə getmək lazımdır. Hətta Rüstəm bəyin o mitinqdəki etiraza qoşulmasını da birbaşa nəzərdə tutmuram. Yox, Rüstəm bəy həmin mitinqə gəlməklə insanları ora yığan həqiqəti bölüşdü. Məhz həqiqəti bölüşmək onun ölkədəki yalanlara yaddaqalan cavabı oldu.
Rüstəm Ibrahimbəyov mitinqi təşkil edən qurumların üzvü deyil, onlarla da yaxınlaşmayıb hələ. Amma müxalifətin mitinqinə gəlməsi onun sadəcə həqiqəti ifadə etməsi idi.
Yalanla mübarizə aparmağın bircə yolu var: Həqiqəti söyləmək, həqiqəti ifadə etmək, ona şərik olmaq, onu bölüşmək. Yoxsa didaktikadan uzağa getmək olmaz. Böyük ideallardan danışa bilərik, yalan da danışmaya bilərik, yalanı da pisləyə bilərik, amma həqiqətin yanından ötsək, onu deməsək, heç nə tamamlanmır. Yalanla mübarizənin başqa halda faydası yoxdur.
Rüstəm Ibrahimbəyovun bundan əvvəl dediyi bir sözü yada salmağın yeri var. Deyirdi ki, “biz ziyalılar indiyədək susmuşuq, amma bundan sonra oturub tamaşa edə bilmərik”.  Azərbaycandakı acı durum həm də bunun nəticəsi oldu: çoxluq susdu, danışmalı olanlar susdu. Danışanda isə əsl həqiqətlərdən yan ötərək danışdılar.
Mən ölkəmizin faciəsində, yalançı hakimiyyətin bu ölkədə təntənə qurmasında, qalibə çevrilməsində susmağın və ya danışa-danışa susmağın böyük payını görürəm. Odur ki, biz yalanı həyatımızdan çıxarmaq üçün həqiqəti səsləndirmək yoluna üz tutmalıyıq.
Son illərdə bizim bəzi şüarları yenidən xatırlaya bilərik:
– Indi susmaq yalan danışmaqdır!
– Danışa-danışa susanları dinləməyək!
– Bir ölkə üçün həqiqət çörəkdən üstündür!
Bəli, yalanla mübarizə aparmaq üçün həqiqəti söyləmək və həqiqəti müdafiə etməkdən başqa bütün yollar yalançı mübarizədir.