“Avronest” rəhbərindən Əliyev əleyhinə çağırış

«Niderland hökuməti Azərbaycandakı rejimə qarşı sərt mövqe nümayiş etdirməlidir»

“Niderland hökuməti Azərbaycanda demokratiya və insan haqlarının durumuna xüsusi diqqət ayırmır. Halbuki, hökumət Azərbaycandakı rejimə qarşı sərt mövqe nümayiş etdirməlidir”.
Belə bir sərt açıqlama ilə Avropa Parlamentinin ən fəal deputatlarından olan, Niderlandın nüfüzlu siyasətçisi və “D66″ partiyasının liderlərindən biri Qerben Yan Qerbrandi çıxış edib. Yada salaq ki, Qerben Yan Qerbrandi ötən həftə ”Avronest” Parlament Assambleyasının toplantısında iştirak etmək üçün Avropa Parlamentinin nümayəndə heyətinin tərkibində Bakıda səfərdə olub. Qerbrandi həmçinin “Avronest”in vitse-prezidentidir.
“Ticarət naziri Şults van Haaqen ötən ay Xəzər sahilində yerləşən, neft və qaz ehtiyatları ilə zəngin ölkəyə səfər etdi. O, insan haqlarına görə sərt tənqid olunan prezident Əliyevlə Azərbaycan-Hollandiya əlaqələrinin möhkəmləndirilməsi məsələsini müzakirə etdi. Çox təəssüf ki, insan haqları və demokratiya sahəsində müzakirələr aparılmadı”, – deyə Qerbrandi “Radio Netherlands Worldwide” radiosuna bildirib.
Niderland radiosu xatırladır ki, Azərbaycan Avropanın 42 ölkəsindən 125 milyon tamaşaçının izləyəcəyi “Eurovision” musiqi yarışmasına ev sahibliyi etməyə hazırlaşır. Prezident Ilham Əliyev yarışmanın keçirilməsi üçün milyonlarla avro xərcləyir. Bu ölkədəki insan haqları, söz azadlığı və demokratiyanın durumu da yarışma zamanı Azərbaycana gələcək qonaqların diqqətində olacaq.
Həmçinin qeyd olunur ki, “Eurovision”a hazırlığa görə də  Azərbaycandakı rejim yeni ittihamların hədəfi olub. “Amnesty International” beynəlxalq insan haqları təşkilatı dəfələrlə Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə çağırıb.
“Bu ölkədə onlarla jurnalist, blogger və Əliyev rejiminin siyasi rəqibləri həbsxana həyatı yaşamalı olub. Martın əvvəllərində müxalifət tərəfdarlarının keçirdiyi dinc aksiya zamanı 4 gənc polislər tərəfindən amansızlıqla döyülüb. Ümumilikdə aksiya zamanı 17 nəfər saxlanılıb. Bundan sonra gənclərin dinc aksiyası zamanı 2 musiqiçi səsləndirdikləri mahnının sözlərində prezident və ailəsini tənqid etdiyinə görə döyülərək həbs olunub”, – deyə radionun şərhində qeyd olunub.
Qerben Yan Qerbrandi radioya açıqlamasında onu da əlavə edib ki, işgüzar və ticarət əlaqələrinin inkişafı məqsədilə Azərbaycana səfər edən Niderland hökumətinin rəsmiləri demokratiya və insan haqları məsələlərini daha çox qabartmalıdır. Çünki Niderland Azərbaycanın yerləşdiyi regionda stabillik və demokratik rejimlərin qurulmasında daha çox maraqlı olmalıdır, nəinki anti-demokratik sistemlərlə əməkdaşlıqda.
“Avronest”in vitse-prezidenti “Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə Ismayıla qarşı çirkin olaylar barədə də məlumat verib. Deputat bildirib ki, hakimiyyətlə bağlı müstəqil araşdırmalarına və korrupsiya faktlarını aşkarladığına görə Xədicə Ismayılova iyrənc formada təzyiqlərə məruz qalıb.

Siyasət şöbəsi