Iş elə gətirdi ki, iki həftə ərzində Azərbaycanın üç şəhərində oldum. Qusarda hərbi xidmətdə olan bir əsgərə baş çəkdim. Üzlərinə “avitaminoz” diaqnozu yazılmış, ondan birinin boyu 175 sm-i aşan əsgərlərlə söhbət etdim. Keyfiyyətsiz qidalanmadan çox gigiyenik durumlarından narazılıq edirdilər. Bu, dilə gətirilməsə də belə əllərindəki, sir-sifətlərindəki kir-pasdan bəlli idi.
“Hərbi hissələrə bit dərmanı göndərirlər”. Poçt şöbəsində işləyən bir xanımım sözləridir. Diqqət edin, XXI əsrin 12-ci ilində valideynlər hərbi xidmətdə olan oğulları üçün bit dərmanı göndərməyə məcburdur. Nədən ki, general-polkovnik Səfər Əbiyevin komandan olduğu orduda təlimata görə əsgərlər həftədə cəmi bir dəfə, özü də yarım saat müddətinə hamama gedə bilər. Hərbi hissə var ki, qaz olmadığı üçün əsgər heç ayda bir dəfə çimə bilmir. Qazı uzaq Hondurasdan alırıq sanki.
Biabırçılıqdır. Kim yazıb bu təlimatı? Ki, əsgər həftədə bir dəfə çimməlidir. Bəlkə həftədə bir dəfə yuyunmaq əsgərin döyüş keyfiyyətlərini artırır? Ya paltarı, başı bitli əsgərdə vətənpərvərlik hissləri daha da yüksək olur? Bu suallar “Azərbaycan ordusu regionda ən güclü ordudur” deməkdən yorulmayan müdafiə naziri Səfər Əbiyevə ünvanlanır.
***
Qəbələyə “RLS-ə YOX” şüarı ilə yürüş etdik. Azərbaycanın bu füsunkar rayonunda, dağlar qoynunda, yaşıllıqlar arasında 210 hektarlıq bir ərazini Rusiyanın ixtiyarında görmək gerçəkdən çox ağırdır. Moskvanın bu hərbi obyekti Azərbaycanın müstəqilliyi üçün, dövlətçiliyi üçün, ekologiyası üçün, nəhayət, millətin genefondu üçün təhlükə mənbəyidir. Heç bir sivil dövlət vətəndaşlarının həyatının təhlükə altında qalması ilə razılaşa bilməz. Kreml RLS-i daha 25 il öz ixtiyarında saxlamaq üçün Azərbaycan dövləti ilə danışıqlar apardığı bir zamanda dövlətin birbaşa ekologiyaya cavabdeh olan qurumunun – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin susması əsla başadüşülən deyil. Xatırladıram, Bakı-Ceyhan neft kəməri Gürcüstan ərazisindən keçərkən o ölkənin Ekologiya Nazirliyi elə bir haray-həşir qaldırdı ki, kəməri çəkənlər gürcülərin istədiklərini ödəməyə məcbur qaldılar. Neft kəməri hara, RLS hara? Kəmər olsa-olsa, çəkilən zaman beş-on ağacın kəsilməsinə səbəb oldu. RLS isə Azərbaycanın yarım milyona qədər vətəndaşının həyatı üçün təhlükə olaraq qalmaqdadır axı.
Belə bir durumda Hüseynqulu Bağırovdan soruşmaq istəyirəm, cənab nazir, mətbuata çıxıb Qəbələ RLS barədə gerçəklikləri xalqa çatdırmanıza nə mane olur? Bəlkə RLS-in varlığı Azərbaycan ekologiyasına əsla zərbə vurmur? Bəlkə RLS-in fəaliyyəti havanın oksigenlə zənginləşməsinə xidmət edir? Bu suallara siz cavab verməlisiniz, Hüseynqulu Bağırov.
***
Gəncəyə yas mərasiminə getdim. Şəhərin Imamzadə qəbiristanlığında gördüklərim sözün əsl mənasında məni şaşırtdı. Qəbirüstü abidələr, sərdabələr, mərmər başdaşları adamı heyrətə gətirir. Və içimdə bir sual baş qaldırır. Bütün bunların Islam dini ilə, müsəlmanlıqla nə əlaqəsi var?
Təkcə Gəncə deyil, Bakıda da, ölkənin digər yaşayış məntəqələrində də belədir. Azərbaycanda müsəlmanlar qəbiristanlıqlara milyardlarla manat xərcləyir. Dəbdəbəli yas mərasimləri də bir tərəfdən. Qafqaz Müsəlmanları Idarəsi və idarənin ömürlük başçısı Şeyxülislam Allahşükür Paşazadənin bu işlərdən xəbəri təbii ki, var. Hətta Azərbaycan Respublikası Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi də qəbiristanlıqlarda, yas yerlərində təzahür edən anormallıqlardan halidir. Nədən hörmətli Şeyxülislam Allahşükür Paşazadənin rəhbəri olduğu Qazilər Şurası sərdabələr, qəbirüstü abidələr, təm-təraqlı yas mərasimləri, qəbir biznesi ilə bağlı fətva vermir?
Nədən Şeyxülislam ölkə müsəlmanlarının müsəlmanlığa, Qurani-Kərimə zidd hərəkətlərinə qarşı hərəkətə keçmir?
Sonda ziyalılara bir sualım var. Səfər Əbiyevə, Hüseynqulu Bağırova və Şeyxülislam Allahşükür Paşazadəyə ünvanlanan suallar sizi də narahat edirmi? Edirsə, səsinizi qaldırın. Etmirsə, vay bu millətin halına…

Səfər Əbiyevə, Hüseynqulu Bağırova və Allahşükür Paşazadəyə
•