“Oğlumu azad etsinlər, məni ömürlük həbs etsinlər…”
Təhsil Nazirliyinin hazırda həbsdə olan keçmiş işçisi Orxan Kərimovun anası “Azadlıq” qəzeti vasitəsilə hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciəti olduğu kimi təqdim eidirk:
Mən uzun illər vicdanla, namusla çalışaraq, hər cür əziyyətə dözərək övladlarımı böyüdərkən fikirləşirdim ki, bunları xalqımın gələcəyi, Vətənim üçün edirəm. Əgər mənim oğlum Vətən torpaqları uğrunda şəhid olsaydı, yanmazdım. Gəlin evimizə, yaşayışımıza baxın. Əksər ziyalılar kimi biz də kasıbıq. Şikayətsiz-filansız işıqlı gələcəyimiz naminə yaşayırıq. Əli Kərim kimi şair, yazdıqlarına rəğmən, səssiz-səmirsiz, mükafatsız yaşadı. Amma əqidəsindən dönmədi. Biz də ondan öyrəndik. Bəs başımıza gələnlər nədir? Kimi xilas etmək üçün mənim balamı güdaza verdilər? Kimə nə etmişik ki?
Bir çatışmayan cəhətimiz var, o da parasızlıq. Yəqin bizim paramız olsaydı, bu cinayəti törədənlər kimi, oğlum azadlıqda, iş başında olardı. Başımıza gəlməsəydi, heç vaxt inanmazdım. Köçürmə sənədləri qəzetdə çap edildi. Hamı gördü ki, Nazirlik, rektorlar bu məsələni bilirlər, imzalar da onlarındır. Belə olan halda Orxan Kərimov niyə saxlanılır? Yəqin ki, nazirlik ətrafında hansısa oyunlar gedir. Əziyyət çəkən isə Əli Kərimin ailəsidir. Səhhəti ilə əlaqədar oğlumun həyatı təhlükədədir. Məsuliyyəti kimi daşıyacaq? Məgər oğlumun səhhəti barədə özlərinin aldığı ekspertiza rəyi, 10 deputatın müraciəti, görkəmli xalq yazıçısı Anarın 3 məktubu, nəhayət 4.III.2012-dən 32 gün ərzində təcridxanada qeyri-qanuni saxlanmasının heç bir əhəmiyyəti yoxdur? Elə bir aidiyyatı təşkilat, vəzifə sahibi olmadı ki, ona müraciət etməyim. Heç cavab da almadım. Mənə çatdırdılar ki, məmurlar heç şair Əli Kərimi belə tanımırlar. Mənim onlara son bir təklifim var. Cinayətə kimsə cavab verməlidirsə, oğlumu azad etsinlər, məni ömürlük həbs etsinlər. Şikayət etmərəm. Söz verirəm. Onların sayəsində çox xoşbəxt olaram.
Orxanın anası Elza Kərimova
9.IV.2012