Indiki oğru-korrupsioner hakimiyyət başçısının dilindən dönə-dönə eşitmişik: “Azərbaycanda söz və mətbuat azadlığı sahəsində problem yoxdur”.
Biz çox istərdik belə olsun, ancaq belə deyil. Bütün seçkiləri saxtalaşdıran hakimiyyət oğru-korrupsioner hakimiyyətdir. Belə bir hakimiyyət ölkədə “söz və mətbuat azadlığına” problem yaratmaya bilməz. Belə olsaydı, bu, nonsens olardı. Belə olsaydı, Əliyevlər hakimiyyəti ANTIMILLI, ANTIDEMOKRATIK hakimiyyət olaraq tanınmazdı. Təkcə elə Isa Sadıqovun yaratdığı bəlli PORTRET PONORAMINDAN bu hakimiyyətin anatomiyası yetərincə sərgilənir. Belə bir anatomik başlanğıcı olan, aradan 20 il (gerçəyə qalsa, 40 ildən çox!) keçəndən sonra belə, bütünlüklə dəyişməz qalan bir hakimiyyət “söz və mətbuat azadlığına” problem yaratmaya bilərmi?!
Gözlənilməz bir çıxış baş verdi. Vitse-spiker adlandırılan Z.Əsgərov televiziyaları çox düzgün suçlamada bulundu: “Efirlərini gic-gic verilişlərlə doldururlar”.
Olduqca düzgün qınaqdır, ancaq kimə deyirsiz? Bu ölkənin, eləcə də televiziyaların başında duranlar sizsiz. Azərbaycan efirini gic-gic verilişlərlə dolduran, milləti içdən çürüdən televiziyalara başçıları birbaşa dövlət başçısı-prezident adlanan kimsə SEÇIB qoyub. AzTV-yə buxalteriya oğrusunu, ITV-yə tanınmış rüşvət-korrupsiya ustasını birbaşa sizin prezidentiniz SEÇIB qoyub. Eləcə də başqa televiziyalara. Onların hamısı indiki oğru-korrupsioner hakimiyyət komandasının EFIR qulluqçularıdır. Bu hakimiyyətin başqa cür televiziyası ola bilməz. Ola bilsəydi, Qubanın icra başçısı R.Həbibovun tək bir evindən 4 milyon manat pul, bir maşın 200-2000 manatlıq araq çıxmazdı. R.Həbibov Aydan gəlməmişdi, onu indiki hakimiyyət komandası yaradıb bəsləmişdi. R.Həbibov əliyevçi hakimiyyət piramidasının tipik sıradaşlarından biridir. Bu piramidanı (oğru-korrupsiya piramidası!) uzun illər qoruyub saxlamaq, ona toxunulmazlıq xarakteri vermək üçün ölkənin efir məkanı GIC-GIC verilişlərlə doldurulmalıdır – bunun başqa yolu yoxdur!
Yox, başqa yol var. Bu yol iki variantlıdır:
1. hakimiyyət xaraktercə dəyişməlidir;
2. hakimiyyət bütövlükdə dəyişməlidir.
Bunların ikisindən biri baş verməlidir. Birinci variant dövlətin başında duran adamın xaraktercə dəyişməsi ilə baş verə bilər. Ortada belə bir göstərgə yoxdur.
Ikinci variant xalqın ayağa qalxıb bu oğru-korrupsioner hakimiyyət piramidasından qurtulmaq istəyi ilə baş tuta bilər. Yalnız bu iki variantın birinin gerçəkləşməyindən sonra Azərbaycanın efir məkanında indiki oğru-korrupsiya hakimiyyətinin BEŞINCI KOLONU rolunu oynayan gic-gic veriliş teleradiolarından qurtulmaq olar. (Eləcə də bu sayaq hakimiyyətyönlü qəzetlərdən). Bu televiziyalarla bu qəzetlər göydən düşməyib. Bunlar bu hakimiyyətin ORQANIK yetirmələridir. Bunlar 19 illik YAPokratiyanın, əliyevçi hakimiyyətin siyasi-ideoloji kursunu düşüncələrə, davranışlara yeritmə araçlarıdır. Ölkənin efir məkanını bütünlüklə bürüyən çoxillik gic-gic verilişlərin fəlsəfəsi uyğarlıqdan (mədəniyyətdən) uzaq, bir-birinin azacıq acı sözünü sinirə bilməyəcək anlamazlıqdan özü öz içində KILLERƏ çevrilən xalq yetişdirməkdir. Televiziyalardakı kriminal informasiya verilişlərinə baxın: bizim gerçəkdən özü öz içində killerə çevrilmiş xalq olduğumuzu görəcəksiz.
Indiki rejimin başçısı çox-çox illər öncəsi demişdi: “Bizim xalqımız dözümlü xalqdır”. Hara getdi o xalq? O xalq harasa getməyib, o, buradadır, ancaq yalanı, yaltaqlığı, oğurluğu, soyğunçuluğu, rüşvəti, korrupsiyanı, eləcə də gic-gic mass-medianı DÖVLƏT SIYASƏTINƏ çevirməklə o xalqın xarakterini dəyişdilər. Beləcə dəyişməklə onu özgəyə, qatı düşməninə belə, dözümlü, özünə – özününkünə, özündən olana, doğmasına dözümsüz bioloji varlığa çevirdilər! Butün bunların sonucu olaraq Azərbaycan xalqı indi özü özünü çalıb öldürən əqrəbə çevrilib – inanmasanız, mass-mediadakı kriminal informasiyaları izləyin…

Oğru hakimiyyət faktoru
•