Hakimiyyət qorxu içində

Bölgələrdə sosial partlayışların ola biləcəyindən ehtiyat edən iqtidar məmurları rayonlara göndərməyə başlayıb

Hakimiyyət ölkədə sosial gərginliyin artmasından təşvişə düşüb. Xüsusilə rayonlarda əhalinin məmur özbaşınalığından cana doyaraq lokal aksiyalara başlaması və bunun da ölkədə ümumi siyasi fəallığın artmasına səbəb olması iqtidar ideoloqlarını düşündürməyə başlayıb. Iqtidar ideoloqları düşünür ki, lokal aksiyaların nəticəsi geniş miqyaslı sosial partlayışlara səbəb ola bilər.
Əldə etdiyimiz məlumatlara görə, Prezident Administrasiyasında aparılan müzakirələrdən sonra məmurların rayonlara göndərilməsi qərara alınıb. Məmurlar rayonlarda sakinlərlə görüşlər keçirməli, onların problemləri ilə maraqlanmalı və müəyyən tədbirlər görməlidir. Bu isə bütövlükdə hakimiyyətin aktivinə yazılmalıdır. Məlumatda bildirilir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun və digər məmurların rayonlara intensiv səfərlərə getməsi həmin qərardan irəli gəlir. Yeri gəlmişkən, Kəmaləddin Heydərov Şamaxı və Sabirabadda olarkən “Mən bura prezidentin göstərişi ilə gəlmişəm” söyləmişdi. “Fövqəlnazir”in bu fikri də təsadüfi deyil. Kəmaləddin Heydərov bununla guya hakimiyyətin, konkret olaraq Ilham Əliyevin xalqla maraqlandığını nümayiş etdirmək istəyib ki, bu da yuxarıda qeyd etdiyimiz təşvişin təzahürüdür.

Informasiya şöbəsi