Suriya hakimiyyəti atəşkəs üçün müxalifətdən yazılı zəmanət istəyir
Suriyada vəziyyət gərgin olaraq qalır. Bəşər Əsəd rejimi ölkənin müəyyən hissələrindən qüvvələri geri çəkməmişdən əvvəl müxalifətdən yazılı zəmanət istəyib. Xarici Işlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, BMT-nin vasitəçisi Kofi Annan “silahlı terrorçu qruplaşmaların ölkədə bütün zorakılığa son qoymağa razılığı” haqda yazılı zəmanəti hələ təqdim etməyib. Nazirliyin sözçüsü Cihad Makdessi deyib ki, Suriyanın şəhərlərindən və onların ətraf ərazilərindən aprelin 10-dək qüvvələrin çıxarılacağına dair hakimiyyətin əvvəlcə verilən bəyanatları yanlış anlaşılıb.
Suriya müxalifəti isə hakimiyyətin bu tələbini rədd edib.
ABŞ-ın Suriyadakı səfiri, hazırda ölkəsinə geri çağırılmış Robert Ford təhlükəsizlik qüvvələrinin şəhərlərdə əməliyyatları davam etdirdiyini sübut edən fotoşəkilləri yayıb. Diplomat qeyd edib ki, Əsəd rejiminin qoşunları geri çəkməsi barədə deyilənlər yalandır: “O, sadəcə, ağır artilleriyanın yerini dəyişdirir”.
Bununla yanaşı, Livan və Suriyanın sərhədindəki nəzarət-buraxılış məntəqəsində zəvvarların olduğu avtobusun atəşə tutulduğu xəbəri yayılıb. Livanın “Daily Star” qəzetinin məlumatına görə, naməlum şəxslərin minaatandan açdığı atəş nəticəsində mərmi avtobusa dəyib. Hadisə nəticəsində aralarında suriyalı sərhədçilərin də olduğu yeddi nəfər həlak olub.
Bu arada, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ikitərəfli əməkdaşlıqların genişləndirilməsi məqsədilə Çinə səfər edib. Səfər zamanı Ərdoğanın Çin prezidenti Hu Cintao ilə görüşü gözlənilir. Hava limanında açıqlama verən Ərdoğan bildirib ki, Çindəki görüşləri zamanı dünyanı ən çox maraqlandıran Suriya məsələsi də müzakirə mövzusu olacaq. Onun sözlərinə görə, rejimə verilmiş vaxtın bitməsindən sonra nəzərdə tutulan addımlar dərhal həyata keçiriləcək.
“Suriya məsələsi çox vacib məsələdir. Səfərim zamanı bu məsələ də gündəmə gətiriləcək. Xarici işlər nazirinin bizimlə getməsinin səbəbi də elə budur. Hazırda ölkəmizə axın edən suriyalıların sayı 24 minə çatıb və bu rəqəm artmaqda davam edir. Biz lazımi tədbirləri görürük. Suriyalı qardaşlarımıza qapılarımızı heç zaman bağlamarıq, lakin Birləşmiş Millətlər Təşkilatı da məsələnin həllində cəld davranmalıdır”, – deyə Ərdoğan əlavə edib.