Eynulla Fətullayev: «Istintaq onun qanını batırmaq niyyətindədir»
“Hazırkı siyasi situasiya bu qətlin üstünün açılmasına imkan vermir”
Yazıçı-publisist Rafiq Tağının ailəsi yenidən prezident Ilham Əliyevə müraciət etməyə hazırlaşır. R.Tağının qardaşı Ilqar Tağı bildirib ki, hüquq-mühafizə orqanları işə laqeyd” yanaşır və prezidentə yenidən müraciət etmək istəmələri də bununla bağlıdır: “Artıq qətlin üstündən beş aya yaxın vaxt ötür. Amma heç bir yenilik yoxdur. Demək olar, hər gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə zəng edirəm. Normal bir cavab vermirlər. Elə eyni sözləri təkrarlayırlar”.
R.Tağının qətli ilə bağlı müstəqil təhqiqat aparan hüquq müdafiəçisi, jurnalist Eynulla Fətullayevin sözlərinə görə, istintaq Rafiq Tağının qanını batırmaq niyyətindədir: “Iki ay davam edən təhqiqatdan sonra gəldiyimiz qənaətləri həm yerli, həm beynəlxalq ictimaiyyətlə bölüşmüşdük. Birmənalı şəkildə göstərmişdik ki, istintaqın əlində olan faktlar, sübutlar bu işi kifayət qədər qısa müddətdə açıb qətlin həm sifariş, həm də icraçılarını tapmağa imkan verir. Amma əfsuslar olsun ki, onlarda bu istəyi, bu həvəsi görmədik. Istintaq Elmar Hüseynovun işində olduğu kimi, Rafiq Tağının da qanını batırmaq niyyətindədir. Istintaq orqanlarının rəhbərliyi Rafiq Tağının qatilinin kim olduğunu çox gözəl bilirlər. Biz həmin ərazidə 38 kamera müəyyən etmişdik. Prokurorluq isə bu rəqəmin 43 olduğunu bəyan etmişdi. Belə olan halda işi qısa müddətdə aça bilərdilər. Lakin Elmar Hüseynovun, Rail Rzayevin işində olduğu kimi bu işdə də istək yoxdur”.
E.Fətullayev hesab edir ki, R.Tağı bıçaqlanandan sonra Iran versiyasını səsləndirməsəydi, bəlkə də sağ qalacaqdı: “Mən əminəm ki, onu xəstəxanada qətlə yetiriblər. Bu da, onun Iran versiyasını səsləndirməsi ilə bağlı idi. Rafiq Tağı həmişə sadəlövh insan olub, bu da onun təmizliyindən irəli gəlir. Bu qətl antiIran kampaniyasının bir halqası idi və qlobal məqsədlərə xidmət edirdi. Sadəcə yazıq Rafiq Tağı burada bir vasitə oldu. Rafiq Tağı olmasaydı, onu icad etməli idilər. Bəxti onda gətirmədi ki, Iran mövzusunda ən qalmaqallı mövzuların müəllifi idi. Mən əminəm ki, ailənin prezidentə bu müraciəti də heç bir nəticə verməyəcək. Çünki hazırkı siyasi situasiya bu qətlin üstünün açılmasına imkan vermir”.
R.Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb. Noyabrın 23-də o, müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. Indiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin icraatındadır. Istintaq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə aparılır.
2012-ci ilin fevralında R.Tağının ailəsi prezident Ilham Əliyevə müraciət etmişdi. Müraciətdə istintaqın qeyri-obyektiv aparıldığı vurğulanmış, cinayət işinin ətraflı araşdırılması üçün dövlət başçısının göstəriş verməsi xahiş olunmuşdu. Həmin müraciətdən az sonra prezidentin tapşırığı ilə baş prokuror Zakir Qaralov Rafiq Tağının ailə üzvlərini və ailənin vəkilini qəbul etmişdi.