Rəşid Hacılı:”Jurnalistlər günahsız olduqlarını, Quba hadisələrində iştirak etmədiklərini bildirdilər”
“Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyev DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin saxlama kamerasından Penitensiar Xidmətin Kürdəxanıdakı istintaq təcridxanasına köçürülüb. Aprelin 8-də vəkil Rəşid Hacılı təcridxanada hər iki jurnalistlə görüşüb. Onun sözlərinə görə, jurnalistlər günahsız olduqlarını, qanunu pozmadıqlarını və Quba hadisələrində iştirak etmədiklərini bildiriblər.
Vəkil Z.Quliyevin səhhətində yaranmış problemlərdən ciddi narahatlıq keçirir. “Onda mədə xorası var. Hazırda bədəninin müxtəlif yerlərində də yaralar əmələ gəlib. Z.Quliyev təxirə salınmadan müalicə olunmalıdır”, – vəkil qeyd edib. R.Hacılı, həmçinin müdafiə etdiyi şəxslərin martın 13-dən DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin saxlama kamerasında saxlanmasını ciddi qanun pozuntusu hesab edir. “Qanunvericiliyə görə, təqsirləndirilən şəxsi 72 saatdan çox saxlama kamerasında saxlamaq olmaz”, – o vurğulayıb. V.Qonaqovun həyat yoldaşı “Turan”a bildirib ki, jurnalist evdə xəstə yatdığı zaman saxlanılıb. “Vüqar xəstə idi. Hərarəti var idi. Martın 13-də polislər apardı və dedilər ki, bir-iki saata qayıdacaq. Amma onu həbs etdilər”, – o bildirib. O, son günlərdə həyat yoldaşının işini aparan müstəntiqlə görüşmək üçün müraciət edib. Lakin müstəntiq müxtəlif bəhanələrlə onunla görüşməyib.”Mən həyat yoldaşımın taleyi ilə bağlı məlumat almaq istəyirəm. Vüqarın günahı yoxdur. Prokurorluğun Vüqar haqqında yaydığı məlumat doğru deyil. O, heç kimdən pul almayıb. Bizim üç uşağımız var. Həbs xəbərini eşidəndən sonra atasının səhhəti pisləşib, yorğan-döşəyə düşüb”, – o qeyd edib.
Qeyd edək ki, “Xəyal” televiziyasının əməkdaşlarının icra başçısının çıxışının montajında təhqir motivlərini qabartdıqlarına və onun çıxışını diskə yazaraq 140
manata satdıqlarına görə həbs edildikləri bildirilir.