Putin “AST Telman”a niyə rəhm eləyib?

İş adamının yeni seçilmiş prezidentin seçki kampaniyasına xərclədiyi pullar bəhrəsini verib

Azərbaycan əsilli iş adamı Telman Ismayılov Rusiyadan yaşıl kart alıb. Antaliyada 1,5 milyard dollar dəyərində inşa etdiyi Mardan Palace otelinin açılışı ilə Rusiyada qəzəbə tuş gəldiyi iddia edilən T. Ismayılov 3 ildən sonra Moskva ilə münasibətlərini qaydasına sala bilib.
ANS PRESS-in “RBK daily” qəzetinə istinadən verdiyi məlumata görə, Moskva Bələdiyyəsi Telman Ismayılovun AST şirkətinə Kreml Sarayından 700 m aralı məsafədə lüks mehmanxana inşa etməyə icazə verib.
AST şirkəti 23,4 min kvadrat metr ərazidə otel inşa etməyə icazə alıb. Binanın hündürlüyü 23 metr, parkinqin tutumu isə ən azı 147 maşın üçün nəzərdə tutulacaq. Qəzetin yazdığına görə, otel kompleksi 2015-cilin dördüncü rübündən artıq təhvil veriləcək.
Qəzetin ekspertlər arasında apardığı qiymətləndirmə sorğusuna əsasən, bu layihənin dəyəri 80-100 milyon dollar təşkil edə bilər.
Bir müddət əvvəl Telman Ismayılov Vladimir Putinin qəzəbinə gəlmişdi. Bu baxımdan iş adamı Moskvanı tərk etmək məcburiyyətində qalmışdı. Hətta onun həbsi məsələsi gündəmdə idi. Türkiyəyə sığınan Telman Ismayılovun Rusiyadakı biznesi çökdürülürdü. Bəs indi nə baş verdi ki, iş adamına Moskvada otel tikmək icazəsi verildi? Əldə etdiyimiz məlumatlara görə, bu, Telman Ismayılovun Vladimir Putinin seçki kampaniyasında fəal iştirakının bəhrəsidir. Ilham Əliyevin qudası, iş adamı Araz Ağalarovun vasitəsilə Putinin seçki kampaniyasını maliyyələşdirən Telman Ismayılov əfv olunmasını təmin edib. Məhz bundan sonra Putin iş adamına rəhm edib və yenidən Rusiyada iş qurmasına icazə verib.

Informasiya şöbəsi