«Həbsə atılan insanların hüquqlarını müdafiə etməyinizi xahiş edirəm»
Məhbus siyasətçi Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı Milli Məclisin deputatlarına müraciət edib.H.Pənahlı bildirib ki, bu müraciəti sadəcə öz adından deyil, haqsızlığa uğradılaraq həbsxana köşələrində psixoloji və mənəvi işgəncə həyatı yaşayan bütün siyasi məhbusların ailələri adından yazır:
“Müqəddəs ”Qurani-Kərim”də deyilir: “Allah-təala buyurur ki, insanların hidayət olub-olmayacaqlarından əndişələnərək haqqı söyləməkdən çəkinməyin. Çünki haqqa dəvət etmək sizin, gəlib-gəlməməksə onların boynunun borcudur”. Mən bu həqiqətə arxalanaraq sizə üz tuturam. Bir millət olaraq tarix boyu Azərbaycanın milli və mənəvi dəyərlərini şəxsi maraqlarından üstün tutmuş istedadlı şəxsiyyətlərə zamanında dəyər verməyi bacarmamışıq. 1937-ci ildə xalqına ləyaqətlə xidmət etmiş, düşünən insanların faciəvi həyat dramı, onların ailələrinə yaşadılmış dəhşətlər buna nümunədir. Təəssüflər olsun ki, zaman-zaman bu yanlışlardan ibrət almaq əvəzinə biz eyni laqeydliklə öz həyatımıza davam etmişik. Bundan qaynaqlanan ən böyük fəsad isə tədricən millətin istedadlı, fədakar və qorxmaz insanlarının azalması olub. Əmin olun ki, zamanımızda yaşanan bu gerçəkliyin məsuliyyəti hamıdan çox millətin vəkili kürsüsündə əyləşmiş sizlərin boynunuzdadır. Mən, bu gün sizə Azərbaycanın istiqlaliyyət tarixində müstəsna xidmətləri olmuş Nemət Pənahlının sadəcə ailəsi olaraq deyil, onu çox yaxından tanıyan, onun mənəvi dünyasına, vətəninə və millətinə sevgi və sədaqətinə əmin olan bir insan olaraq müraciət edirəm. Allah haqqın tərəfində durmaqda sizə yardımçı olsun!.
Ötən ilin yanvar ayında Nemət Pənahlı şərlənərək həbs edildi. Onun siyasi görüşləri səbəbilə həbs edilməsi Azərbaycan ictimaiyyətinə bəllidir. Bu həbs Nemət Pənahlının yaşadığı ilk məhbus həyatı deyil. Amma bu günə kimi o, hansı siyasi motivlər əsasında həbs olunubsa, o adla da ittiham olunub. Bu günsə 26 yaşında gəncliyini Azərbaycanın istiqlaliyyət tarixinə qurban vermiş şəxs 50 yaşında xuliqanlıq maddəsi ilə ittiham edilir. Bu fakt təkcə Nemət Pənahlının şəxsinə qarşı deyil, bütün Azərbaycan xalqına və onun istiqlaliyyət tarixinə qarşı həqarətdir”.
H.Pənahlı bildirib ki, dəfələrlə aidiyyəti orqanlara müraciət etmələrinə baxmayaraq Nemət Pənahlıya atası ilə vidalaşmağa, ölümündən sonra dəfnində iştirak etməyə izn verilmədi: “Hazırda anasının ağır yataq xəstəsi olmasına baxmayaraq ona anası ilə də görüş izni verilmir. Və bütün bunlardan sonra ona əfv ərizəsi yazmaq təklif olunur. Hansı günahın cəzasıdır bu? Vətəninə və millətinə sədaqətinmi? Milli mənafeyi şəxsi mənafeyindən üstün tutmağınmı?
Hörmətli millət vəkilləri! Yuxarıda söylədiklərimə əsaslanaraq hər birinizdən bu ədalətsizliyə son qoyulmasını təmin etməyinizi, təkcə Nemət Pənahlının yox, siyasi baxışlarına görə haqsız yerə məhbəs həyatına məhkum edilmiş bütün insanların hüquqlarını müdafiə etməyinizi xahiş edirəm. Əminəm ki, nə zamansa bu addım sizin sadəcə bu şəxslərə deyil, Azərbaycan tarixinə böyük xidmətiniz kimi dəyərləndiriləcək”.