Məmurların həbs etdirdiyi polis mayoru

«Zakir Qaralova dedim ki, məmurlar öz vəzifələrindən sui-istifadə edərək qardaşıma qarşı haqsızlıq edir»

Narkotik maddə satmaqda ittiham olunan Binəqədi Rayon Polis Idarəsinin 6-cı polis bölməsinin əməliyyat müvəkkili, mayor Dursun Əliyevin işi üzrə məhkəmə prosesi 9 aydır ki, davam edir. O, ötən il iyunun 7-də iş yerində Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin (MCQMI) əməkdaşları tərəfindən Binəqədi Polis Idarəsinin rəisi Ağalar Məhərrəmovun və Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi Heydər Heydərlinin tamamilə uydurma donosu əsasında həbs edilib.

Polis rəisi polisə yaraşmayan hərəkət edir

Məsələ ilə bağlı bu il yanvarın 21-də baş prokuror məni qəbul etdi. Ona bildirdim ki, məmurlar öz vəzifələrindən sui-istifadə edərək qardaşıma qarşı haqsızlıq edir, hüquqlarını kobudcasına pozur. Müstəntiq Elşən Məmmədov Bakı şəhər prokuroru Əziz Seyidov və Binəqədi prokuroru Nazim Imanovun diktəsilə 5 ay “istintaq” apararaq ciddi dəlil-sübut tapmadan qondarma cinayət işini məhkəməyə göndərdi. Hansı ki, həmin 5 ay ərzində qardaşım təcridxanada fiziki və mənəvi təhqirlərə məruz qaldı, reaktiv-psixoz vəziyyətdə təcridxananın müalicə mərkəzinə yerləşdirildi.  
Işin gedişatı göstərir ki, A.Məhərrəmov polis adına yaraşmayan bu cür əməllərlə ilk dəfə deyil ki, məşğul olur. Əgər qardaşım narkotik alverçisidirsə, nəyə görə onun evində, avtomaşınında, yaxud başqa bir yerdə axtarış keçirilməyib və onun “saxladığı” narkotik vasitə aşkar olunmayıb? Bu faktın özü göstərmirmi, qardaşımda narkotik vasitə olmayıb və o, narkotik alverçisi deyil! Əgər o, bu işlə məşğul olsaydı, hüquqşünas olması və tutduğu vəzifə nəzərə alınmaqla, onun ətrafında professional əməliyyat tədbirləri həyata keçirilər, əlaqələri, narkotik vasitəni kimlərdən əldə etməsi, daha kimlərə satması müəyyən edilərdi.

Mirqafar Seyidov mənə dedi ki, adımı hallandırma

Bəli, 30 ilə yaxın polis orqanlarında xidmət edən, 1990-92-ci illərdə Əsgəran rayon milis şöbəsinin rəisi işləyən, Qarabağda hərbi əməliyyatlarda fəal iştirak edən, 1995-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən güllə yarası alan, 2008-ci ildə “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilən polis mayorunu hamının gözü qarşısında beləcə şərləyirlər. Xatırladıram ki, “Azadlıq” qəzetində çap olunan (04.11.11) “Polis polisi narkotiklə şərləyərək tutdurub” başlıqlı yazıdan sonra MCQMI-nin rəisi Mirqafar Seyidov məni kabinetinə dəvət edərək bildirdi ki, onun adını qəzetlərdə hallandırmayım, onsuz da heç nəyə nail ola bilməyəcəm və o, bir neçə nəfər işçisini qardaşıma görə işdən çıxarmayacaq. Aydın görünür ki, Seyidov qardaşıma qarşı quraşdırılan əməliyyata cəlb edilib və “sifarişi” yerinə yetirməkdə israrlıdır.
Narkomanın sözü Qarabağ veteranının sözündən üstündür?
15.11.2011-ci il tarixində Binəqədi Rayon Məhkəməsində hakim Elmar Rəhimov hazırlıq iclasını başladı. Birinci iclas baş tutmadı, çünki qardaşım qondarma cinayət işinə etirazını bildirdi. Ona görə də iclas 29.11.2011-ci il tarixinə keçirildi. Bu dəfə müdafiəçi Əli Hüseynov vəsatət qaldırdı ki, işdə cinayət tərkibi olmadığına görə şər və böhtan xarakterli ittihamla D.Əliyev həbsdə saxlanıla bilməz. Məhkəmənin başlandığı gündən dövlət ittihamçısı kimi prokuror Eldar Cabbarov çıxış edirdi. Onun məhkəməyə verdiyi vəsatətdən və hakimlə söhbətindən sonra, vəkillərin verdikləri vəsatətlər əsaslandırılmadan rədd edildi. Bundan sonra hakim qərara aldı ki, ikinci iclas 13.12.2011-ci il tarixində agentlərin iştrakına görə qapalı şəraitdə keçirilsin. Artıq aydın idi ki, yenə də qardaşım təzyiq altında olacaq, onun hüquqları pozulacaq. Konstitusiyaya görə hər bir vətəndaşın açıq məhkəmə keçirilməsinə hüququ var, buna baxmayaraq qardaşımın hüquqları 9 aydır  köbudcasına pozulur. Belə çıxır, agentlərin, narkomanların avtoriteti 30 il öz dövlətinə sədaqətlə qulluq edən Qarabağ veteranından daha artıq tutulur və məhkəmənin qapalı keçirilməsinə qərar verilir. Məhkəmənin qapalı keçirilməsini eşidən baş prokuror müvafiq şəxslərə məsələyə xüsusi nəzarət etmələrini və hər hansı qanun pozuntusuna yol verməmələrini tapşırdı. Amma onun dedikləri hələ də yerinə yetirilmir.
Məhkəmə prosesləri hakim tərəfindən qeyri-obyektivliklə davam etdirilir. Belə ki, verilən bütün vəsatətlər əsas gətirilmədən rədd edilir. Prokuror E.Cabbarovun məhkəmənin dördüncü iclasından sonra naməlum səbəblərə görə dəyişdirilməsi və onun yerinə Vüqar Hacıyevin təyin olunması da öz-özlüyündə qanun pozuntusudur.

Şahid polkovnik-leytenant

Binəqədi Rayon Məhkəməsində 27.12.2011-ci il tarixində keçirilən 3-cü iclasda MCQMI-nin əməkdaşı polkovnik-leytenant Kərim Əlimərdanov iclasda şahid kimi dindirildi. Zala daxil olmamışdan əvvəl o, rişxəndlə mənə baxaraq güldü. Onun dediyinə görə, Dursunu sındırmaq onlar üçün asan olub, məni sındırmaqsa daha asan olacaq. Məhkəmədə qardaşım onu tanıdı və dedi ki, MCQMI-də onu döyənlərin içərisində bu adamda da vardı. Vəkil Əli Hüseynovla K.Əlimərdanov arasında maraqlı dialoq oldu. Vəkil ondan agent Fərahim Qarayevin narkoman olub-olmadığını soruşdu. O isə dedi ki, bilmir. “F.Qarayevin ağır cinayət törətdiyinə görə 6 il həbsxanada olduğunu bilirdiniz?” sualına Əlimərdanov yenə də “yox” dedi. Suallarını davam etdirərək vəkil soruşdu: “Fərahimin CAŞ rəisi Heydər Heydərlinin agenti olduğunu bilirdiniz?”. O, yenə də “bilmirdim”, cavabını verdi. “Bəs nədən onun sözünə belə tez inandınız ki, D.Əliyev ona narkotik satıb?”. O, əmin olduğunu və guya “2 ay istintaq apardığını” bildirdi. Amma nədənsə, K.Əlimərdanov D.Əliyevin agentdən başqa hansısa digər vətəndaşa narkotik satdığını aşkar etməmişdir, hətta F.Qarayev barəsində də lazımi məlumat toplamamışdır. Vəkil K.Əlimərdanovdan soruşdu ki, “o, D.Əliyevin kabinetinə göndərilməmişdən öncə F.Qarayevin üstünü yoxlamışdı, yoxsa yox?”.

Üst-başı sementli şahid

Cavab belə oldu ki, “yoxlamamışdım”. “Bəs Dursunun kabinetinin qapısını sındırıb içəri girərkən nədən bildiniz ki, narkotiki Dursun ona satıb, bəlkə Fərahim özü ilə gətirmişdi?”, yaxud “bəlkə onun D.Əliyevlə düşmənçiliyi olmuşdur?” sualları isə Əlimərdanovu lap qəzəbləndirdi və o, “saxla”, “ağızını mumla” kimi jarqon sözlərlə vəkili təhqir etməkdən belə çəkinmədi. Əlimərdanov çöldə də özünü apara bilmədi. Çəkiliş aparan jurnalistlərə “mikrofonlarını başlarına geyindirəcəyini” bildirməklə, hansı ictimai əxlaqın daşıyıcısı olduğunu açıq-aşkar büruzə verdi. 30.03.2012-ci il tarixində növbəti məhkəmə iclasına prokuror tərəfindən ikinci dəfə çağırılmış K.Əlimərdanovun, ən azı, polis adına yaraşmayan daha hansı hərəkətlərə yol verdiyi artıq bu işlə yaxından maraqlanan ictimaiyyət nümayəndələri və jurnalistlərin də maraq dairəsindədir. Belə ki, “Mir” telekompaniyası onun kobud hərəkətləri və qardaşıma qarşı qurulmuş provokasiyası haqqında veriliş hazırlayıb və 19.01.2012-ci il tarixində efirə verib.
Məhkəmədə Dərgah adlı hal şahidi də dindirildi və əsl biabırçılıq yaşandı. Çünki o, hadisə yerində olmadığını bildirdi. Sən demə, onu “Nərimanov” metrostansiyasının yanından, yerə metlax döşədiyi, iş gördüyü vaxt Biləcəri rayonuna şahidlik etməyə üst-başı sementli dəvət ediblərmiş. Hətta, o, etiraf etdi ki, bir neçə dəfə şahidlik edib. Saxta hal şahidinin paxırları açılması və məcbur olaraq “interesim var idi, gəldim” kimi özünü ifşa edən sözlər də prosesin hansı səviyyədə aparıldığını göstərir.
Qapalı məhkəmədə biabırçılıqlar davam edir. 27.12.2011-ci il tarixində məhkəmə iclası başladı və vəkil Ə.Hüseynov vəsatətində bir daha bildirdi ki, maddi sübutlar, yəni cinayət işinin 234(2)-ci maddəsini təşkil edən pullar və 2 qram qurudulmuş marixuana məhkəməyə gətirilsin. Vəkilin israrlı tələblərinə baxmayaraq, bu, baş vermədi. Istintaq zamanı vəkil müstəntiqdən pulların ekspertizasını və  üzərində F.Qarayevin və D.Əliyevin əl izlərinin olub-olmamasını müəyyən etməsini tələb etdi. Elşən Məmmədovsa bildirdi ki, olmayan pulların nəyini ekspertizaya verəcək.
13.01.2012-ci il tarixində məhkəmənin növbəti iclası başlanmalı idi. Lakin iclas baş tutmadı. Çünki şahidlərin və maddi sübutların məhkəməyə gətirilməsi təşkil olunmamışdı. 27.01.2012-ci il tarixində məhkəmə iclası davam etdirilərkən aydın oldu ki, maddi sübut, yəni pul əsginazlarının gətirilməsini məhkəmə yenə də təmin etməyib. Vəkil hakimə etirazını bildirərək pulların məhkəməyə gətirilməməsinin səbəbini aydınlaşdırmaq istədi. Elmar Rəhimov yaranmış vəziyyətin izahını verə bilmədi.

Polis mayoruna işgəncə verilib

Bildirmək istəyirəm ki, hörmətli baş prokurorun ittiham rəisi Ilqar Cəfərova məhkəmənin qapalı keçirilməməsilə bağlı göstərişindən sonra da proses qapalı keçirilir. Bu gün ittihamın yeni təyin olunan prokuroru ziddiyyətlər yaradır, şahidlərə təzyiq göstərir, yönləndirici suallarla öz istədiyi cavabı almağa çalışır və bir daha qondarma cinayət işini, ittihamı, nəyin bahasına olur-olsun, “işə keçirməyə” çalışır. Məhkəmə iclası birtərəfli aparılır, hakim E.Rəhimov ittiham tərəfini tutaraq məhkəmə iclaslarını uzatmağa çalışır və əks tərəfin müdafiə hüquqlarını məhdudlaşdırır.
Qondarma cinayət işini təşkil edənlər və ona dəstək verənlər geriyə çəkilmək niyyətində deyillər. Onlar qardaşımı nəinki mənəvi, hətta fiziki cəhətdən məhv etmək istəyirlər. Çünki dövlət adından istifadə edən məmurlar öz vəzifələrini itirməkdən qorxurlar və “işi başa çatdırmaq” üçün əllərindən gələni edirlər. Artıq qardaşım ona qurulan haqsızlığa dözə bilmir. Onun bu hala düşməsinə kim cavab verəcək? Bu gün mənə bir şey aydın olur ki, qardaşım ölsə belə, heç kim onun halı ilə maraqlanmayacaq. Onda da bir şey tapıb özlərini təmizə çıxaracaqlar. Çünki qardaşıma işgəncə verilməsi haqqında aktı da əsassız olaraq aradan çıxarıblar.

Bu oyunu aparanlar yüksək çinlilərdir

09.03.2012-ci il tarixində növbəti məhkəmə iclasında Binəqədi rayon 6-cı polis bölməsinin operatoru serjant Məhəmməd Bilalov şahid kimi dindirildi. O bildirdi ki, iş vaxtı öz otağında olub. Onu D.Əliyevin kabinetinə dəvət ediblər və bu zaman başa düşməyib ki, nəyə görə çağırılıb. Stolun üstündə olan bükməni ona açmadan göstəriblər. Bilalovun sözünə görə, kabinetə gələn vaxt D.Əliyev orada yox imiş, artıq onu aparıblarmış və çöldə “Mersedes” markalı maşında saxlayıblarmış. Stolun üstündəki bükümü gördüyünü təsdiqləyəndən sonra Bilalovu çölə dəvət ediblər və pəncərənin altına qoyduqları iki 10 manatlıq əsginazı göstəriblər. Bilalov bildirib ki, pullar o dərəcədə bükülü deyildi. Amma çölə qoyduqları və kserosurətləri qalan  pullar doqquz aydır ki, məhkəməyə gəlib çıxmır ki, çıxmır, yəni maddi sübut ortada yoxdur. Prokuror nə qədər təzyiq etsə də, Bilalov təsdiqlədi ki, D.Əliyevin kabinetinə dəvət olunanda o, otaqda yox idi və protokol Əliyevin yanında yazılmayıb. Göründüyü kimi, sözün əsl mənasında, gülünc və qanunsuz bir oyun aparılır. Bu oyunu aparanlar yüksək çinlilərdir. Onların oyununda futbol topuna çevrilən, bədbəxt edilənsə günahsız bir polis mayorudur. Belə çıxır, nəyinsə marağına görə A.Məhərrəmovun “sifarişi” mütləq yerinə yetirilməlidirlər. Indi, çətinliklə də olsa, bu özbaşınalığa qarşı mübarizəmi davam etdirirəm. Amma ümidimi itirmirəm. Çünki 21-ci əsrdə yaşayırıq, dövlətin bu ədalətsizliyə son qoyacağına inamımı hələ də saxlayıram. Yaranmış vəziyyətdən, yəni məhkəmənin qərarından nəinki qardaşımın həyatı, həmçinin bir neçə yüksək çinlinin vəzifədə qalıb-qalmaması da asılıdır. Çünki onlar günahsız bir mayorun taleyilə oynayıblar və ona görə də mütləq cavab verməlidirlər.
Öncə qanun, sonra isə Allah qarşısında…

Tamilla Əliyeva