İlham Əliyev düşünəcəkmi?

Əslində, belə də olmalıydı. Oldu da…

Xalq “20-ci sahə”yə qədər gəldi və etirazını bildirdi. Islam Peyğəmbərinin sözü var: “Elm Çində də olsa, arxasınca gedin!”.
Dünən isə şüar belə idi: “Zülmə etiraz etmək üçün Çinə də gedin!”.
Bu məqamda deyim ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriyadakı zülmün pərvazlanmasına “dur” demək üçün Çinə getmişdi. Görəsən, özünü böyük sayan adamlar utanmırlarmı ki, kimsə onlara gəlib deyir ki, “zülmün çiçəklənməsinə kömək etmə, zalımın arxasından çəkil, qan tökülməsinə bais olma…” Bu cür sözləri eşitməyi özünə rəva bilən adamlarla qan tökən, zülm edənlər arasında heç bir fərq yoxdu.
Azərbaycanın minlərlə vətəndaşı da başqa bir zalıma etiraz edirdilər. Dünya həqiqətən iki yerə bölünüb və xeyirlə şərin açıq müharibəsi gedir. Bəli, bizim insanımıza o qədər zülm edilib ki, on mindən artıq vətəndaş şəhərin ta ucqarına gəlib, etiraz mitinqinə qoşuldu. Əliyev rejimi isə sadəcə, papağını qarşısına qoyub düşünməlidir ki, hələ minlərlə etirazçının yolu kəsilməklə, qəzəbi körüklənməklə meydana bu qədər etirazçı toplaşdı…
Vətən, torpaq, haqq, ədalət, namus əsas məsələ olunca insanlarımız hər cür fədakarlığa hazır olublar. Indi Ilham Əliyev bu mitinqin nəticələrini təhlil etməlidir, amma edəcəkmi?! Etməyəcək. Heç bir diktator bunu etməyib. Etmədiyi üçün də daha ağır bədəl ödəyib.
Məncə, bu mitinqdəki şüarları gözdən keçirərkən Bəşər Əsədin “yazılı qarantiya istəyirəm” bəyanatına da göz atmaq lazımdır. Xalq qələmlə yazmır. Bəşər Əsəd anlamır ki, Suriya tarixi artıq qanla yazılır. Qanla yazmaq olur, amma qanı qələmlərə doldurmaq olmur. Ona görə də hələ qələmlərin yazdığı zamanda olanlardan nəticə çıxarmaq lazımdır.
Yolkəsən mahiyyətini bir daha göstərdi bu hakimiyyət. Bu rəzilliyin psixologiyasına bir diqqət yetirək. Məsələn, mən həm bu ölkədə ən güclü olduğumu, alternativsiz güc olduğumu, rəqibimin arxasınca heç min adamın da getmədiyini iddia edib, həm də onun dəstəkçilərinin yolunu kəsirəmsə, deməli, hamıya bəyan edirəm ki, mən yalançıyam. Yox, təkcə yalançı da deyiləm, həm də qorxuram. Özü də kimlərdən qorxuram? Mənə səs verdiyini iddia etdiyim insanlardan. Onların yolunu kəsmək nə deməkdir? Ramiz Mehdiyev, budurmu böyük siyasi texnalojinin gücü? Son nəticədə yolu polisə kəsdirəcəkdinizsə, nəyə lazım idi camaatı və özünüzü bu yalançı kitablarla girinc etməyiniz? Hamı bilir ki, sizin sistemdə ağıl sadəcə, ona lazımdır ki, ağlın lazım olmadığını dərk edəsiniz. Qalan hallarda ağıl sizin düşməninizdir, çünki sizin dostunuz yolkəsən zorbalardır.
Növbəti aksiya necəmi olacaq? Onminlər olacaq. Insanlar meydanları qızıl güllə bəzəyəcəklər. Biz təkcə pis günə etiraz etmirik, həm də xoşbəxt gələcəyi müjdələyirik. Bizim bağrımızdan qopan “Rədd ol!” şüarları ayrı-ayrı fərdlərə qarşı deyil. Biz insanlara nifrət eləmirik. Biz insanları məhv edən sistemləri dəyişmək istəyirik. Biz bunu bacaracağıq, çünki bu rejimin içində çürüyənlərin də xilas yolu elə bu mübarizədir, onların da ümid yeri bizim qələbəmizdir. Biz Ramiz Mehdiyevi Ramiz Mehdiyevdən, Kəmaləddin Heydərovu Kəmaləddin Heydərovdan, Ilham Əliyevi isə onların hər ikisindən xilas edəcəyik. Biz onsuz da azadıq, azad olanın isə xilas olmağa ehtiyacı yoxdur.