Vəkil Əsabəli Mustafayev: «Həbs ediblər, amma heç bir istintaq hərəkəti aparılmır»
AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovla bağlı heç bir istintaqı hərəkəti aparılmır. Bu barədə “Azadlıq”a Elnur Seyidovun vəkili Əsabəli Mustafayev məlumat verib.
“Həbs ediblər, amma heç bir istintaq hərəkəti aparılmır. Mən məhkəmədə də dedim ki, adətən adamı həbs edirlər ki, istintaq hərəkətləri intensiv getsin. Bu həbsdə isə başqa məqsədin olduğu aydın sezilir. Sanki Elnur Seyidov girov kimi saxlanılır. Onun saxlanılmasında şübhəli məqamlar var. Istintaq getmirsə, adamı niyə həbsə atıblar?! Deməli, məqsəd başqadır”.
Əsabəli Mustafayev bildirib ki, Elnur Seyidov haqda həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün protest veriləcək. “Protesti hazırlayırıq və gələn həftə məhkəməyə təqidm edəcəyik”, – deyə vəkil əlavə edib.
Xatırladaq ki, Elnur Seyidov martın 27-də MTN əməkdaşları tərəfindən saxlanılıb. Martın 29-da Səbayel məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Aprelin 5-də Apellyasiya Məhkəməsinin hakimi Qayib Məmmədov heç bir əsas göstərmədən həbs-qətimkan tədbirini ev dustağı əvəzləməkdən imtina edib. Elnur Seyidov həbs olunana qədər “Texnikabank”ın Yasamal filialının müdir müavini olub.