İctimai Palatanın 8 aprel mitinqinə çağırış vərəqələri yaydığına görə beş nəfər həbs olunub. Vəkil Əsabəli Mustafayev “Media forum” saytına bildirib ki, onlar Bakı Şəhər Baş Polis İdarəsinin Binəqədidə yerləşən saxlama məntəqəsində saxlanırlar.
Həbs olunanlar Azərbaycan Xalq Cəbhəsinin gənc fəalları Nihad Hüseynov, Zülfüqar Qubadov, Elnur Əsgərov, Cəlal Qarayev və Elçin Dəmirovdur. Məhkəmənin qərarı ilə Zülfüqar Qubadov və Elçin Dəmirov 10, Elnur Əsgərov 11, Cəlal Qarayev və Nihad Hüseynov 15 sutka azadlıqdan məhrum ediliblər. Aprelin 9-da vəkil Əsabəli Mustafayev həbs olunanlarla görüşüb: “Əslində biz elə bilirdik ki, həbs olunanların sayı üç nəfərdir. Binəqədidəki saxlanma məntəqəsinə gedəndə məlum oldu ki, Cəlal Qarayev və Elçin Dəmirovu da mitinqə çağırış vərəqələri yaydıqlarına görə həbs ediblər”.
Əsabəli Mustafayevin sözlərinə görə, polis idarələrində və məhkəmədə həbs olunanların hüquqlarını pozublar: “Gənclərə həbs olunduqları haqda ailələrinə, yaxınlarına, vəkillərə məlumat vermək imkanı yaratmayıblar. Bizim vəkillər məhkəməyə getsələr də, içəri buraxmayıblar, gənclərin hüquqlarını guya dövlətin ayırdığı vəkillər müdafiə edib. Polis idarələrində gəncləri söyüblər, təhqir ediblər, onlara psixoloji təzyiq göstəriblər”.
Vəkil deyib ki, gənclərin həbs qərarından apellyasiya şikayəti verəcəklər.