Ümid işığı

Çöldə heç nə görünmür. Hər yan dumandır. Bu, mənə bir simvolik məna və məzmun təsiri bağışlayır. Bütün dumanların çəkildiyi bir gün olur. Inşallah,  gün gələr, çöldəki və ən başlıcası, ölkədəki duman da çəkilər. Müdriklərin o qədər maraqlı fikirləri var ki, adam onların sehrindən ayrıla bilmir. Onlardan biri də budur ki, qaranlıqların dalınca deyinməkdən, danışmaqdan əl çəkin, bundansa bir şam yandırın… Bir dəfə Moskvadan konsert verilirdi. Tanınmış bardlar oxuyurdu. Növbə B.Okucavaya çatdı. O məhşur mahnısını oxumağa başlayanda dinləyicilər şam yandırdılar. O vaxt mənə belə gəldi ki, həmin o şamlar Rusiya adlı zülmətdə bir işıqdır. Azərbaycan da zülmətdi və nə yaxşı ki, işıqlı insanların ziyası var – bu, bir ümid kimi yanır. Çalışaq, onu sönməyə qoymayaq. Nə isə. Deyəsən, ənənəvi analitikanın çərçivələrindən kənar bir şey alındı. Olsun. Problem yoxdur. Onsuz da həftənin altı gününü təhlillə və siyasətlə məşğuluq. Bir gün sərbəst olmaq olar. Bu həftə A.Tarkovskinin də 80 illiyini qeyd etdilər. Səhv etmirəmsə, özü cəmi 54 il yaşamışdı. Sovetlərin vaxtında onu da ümid şamı adlandırmaq olardı. Amma mənim ağlıma başqa bir şey gəldi. Tarkovski indiki kino industriyası vaxtı yaratmalı olsaydı nələr edərdi? Hər şeyin, hətta saniyənin də pul olduğu vaxt ona improvizasiyalar etməyə, özü bildiyi kimi çəkməyə icazə verərdilərmi? Bilirsiniz, hər bir şeyi həm peşə, həm də incəsənət kimi qəbul etmək olar. Məsələn, adamlar var ki kino onlar üçün bir peşədir, onlar bununla pul qazanırlar. Adamlar da var ki, kino onlar üçün incəsənətdi. Sonuncular həmişə azlıq təşkil edir. Tarkovski həmin azlığa daxil idi. Bunu bütün peşələrə şamil etmək olar. Peşəkarlar və sənətçilər olur. Indi mən dünya kinosunu izləməyə çalışıram. Deyirlər ki, hər bir kino məktəbində Tarkovskini tədris edirlər. Amma mən kinolarda bunu o qədər də hiss etmirəm. Tarkovski üslubu onun özü ilə birgə getdi və onu da təkrarsız adlandırmaq olar. Bir dəfə tarixçi L.Qumilyov haqda danışırdılar və yekun nəticə belə oldu ki, L.Qumilyovun nəzəriyyəsi onun özü ilə birgə vəfat etdi. Amma Tarkovskinin sənəti haqda belə demirlər və bunu demək o qədər də asan deyil, çünki Tarkovski həmişə anılacaq. Zira dahilərin tələbə sarıdan bəxtləri gətirmir. Çox az dahinin özündən sonra tələbəsi qalıb. Bəli, bunu Sokrat, Platon, Bor haqqında demək çətindir. Amma işıq bir dəfə yanır və bir dəfə şölə çalır – bu, ya müəllimin timsalında baş verir, ya da şagirdin. Bir də şamlara gecələr, qaranlıqda ehtiyac olur. Aydınlıq zamanı onları yada salmırlar. Tarkovski öz yaşadığı dövrü, sistemi anlamaq istəyirdi, bu sistem onun həyatı idi, Tarkovskinin onunla öz hesabı vardı. Artıq aydınlıq vaxtı bu şama – işığa bəlkə də ehtiyac yox idi, publisistikanın və sənədli kinonun da öz bal ayı olur, sonrakı dövr publisistikanın və sənədli kinonun idi. Amma o, yeni şəraitdə, azad bir durumda sovet gerçəkliyini necə verərdi, onu nə cür təsvir edərdi? Bəlkə də biz böyük bir eksperimentin şahidi olmaq imkanını əldən vermişik. Amma bu, bizim günahımız idimi?
Siyasətə də işıq lazımdır…
Yazının böyük hissəsini işıqdan yazdım. Bəlkə bu da qan yaddaşının təsiri və əlamətidir. Azərbaycanın fəlsəfi fikir tarixində işığın böyük anlamı olub, o bir çox Şərq fəlsəfi cərəyanlarının əsas mahiyyətini təşkil edib. Amma indi o məsələləri çözməyin vaxtı deyil. Əvvəldə ərz etdim ki, ölkə bir zülmətdir. Bu fikrin üstündə bir daha dayanmaq istəyirəm. Düzdür, mənim yaşımın artıq o məqamıdır ki, hər şeyə inana bilmərəm. Amma səbirsizliklə müxalifətin həftə sonu nəzərdə tutulan mitinqini gözləyirəm. Bu da bir ümiddir. Nə yaxşı, bizə çox şeyi yasaq etsələr də ümidi yasaq etməyiblər. Əks təqdirdə necə yaşamaq olardı? Həyat tamam üzücü və yorucu olardı və o vaxt biz Freydin bir fikri ilə razılaşardıq ki, əslində insan bütün ömrü boyu bir sonluğa – ölüm adlı məchulluğa can atır… Nə isə. Bunu da sərbəst düşüncənin ərköyünlüyü kimi yozun. Hə, aksiya haqda yazacaqdım axı! Min dəfə eşitməkdənsə, bircə dəfə görmək yaxşıdır!..